22 Dekabr 2024, Bazar

Bir ölkənin gələcəyi üçün təhsilin vacibliyindən geniş danışmağa, fikrimcə, ehtiyac yoxdur. Bu, hamıya məlumdur və hər kəs təhsilli bir gəncliyin ölkənin gələcək perspektivində necə mühüm rol oynadığının fərqindədir. Bununla yanaşı, yeniyetmə və gənclərin dünyagörüşünün formalaşması üçün başqa sahələrin də əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bunun üçün məktəbdənkənar müəssisələrin üzərinə mühüm vəzifələr düşür. Uşaqların asudə vaxtlarının səmərəli keçməsi baxımından əhəmiyyətli rol oynayan belə müəssisələrə dövlət qayğısı da yüksəkdir.
Şahbuz rayon Uşaq-gənclər idman məktəbinə üz tutmaqla da məqsədimiz bu müəssisənin fəaliyyəti ilə yaxından tanış olmaq idi. Məktəbin direktoru Ramin Qənbərov bildirdi ki, Şahbuz rayon Uşaq-gənclər idman məktəbi 1972-ci ildən fəaliyyət göstərir.
Məktəbdə idmanın futbol, voleybol, yüngül atletika, sərbəst güləş bölmələri var. Hazırda məktəbdə 301 nəfər şagirdlə 15 məşqçi-müəllim məşğul olur. Məktəbdə 22 qrup yaradılıb.
Məktəbdənkənar tərbiyə müəssisəsi 2016-2017-ci tədris ili üçün tədbirlər və iş planı hazırlayaraq həyata keçirib. Dərs ili üçün, həmçinin tarixi və əlamətdar günlərlə əlaqədar ayrıca tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq müntəzəm surətdə qruplar arasında müxtəlif idman tədbirləri, yoldaşlıq görüşləri keçirilib. Bundan əlavə, rayon səviyyəli və muxtar respublika birinciliklərində, çempionat və turnirlərdə məktəbin komandaları uğurla çıxış ediblər. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən yüngül atletika, futbol, voleybol, sərbəst güləş üzrə rayon birinciliklərində məktəbin komandaları yüksək yerlərə sahib olublar.

2016-cı il 17-18 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin, Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə məktəblilərin spartakiadası keçirilib. Naxçıvan şəhərində keçirilən bu spartakiada da Şahbuz rayonunu Uşaq-gənclər idman məktəbinin komandası təmsil edib və komanda hesabında II yer tutub. İdmançılar təşkilatçılar tərəfindən diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
2017-ci il 6-7 mart tarixlərində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Futbol Federasiyası ilə birlikdə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş 2000-2002-ci illər təvəllüdlü idmançılar arasında futbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyində isə məktəbin komandası birinci yerin sahibi olub.
Bu il 1-8 aprel tarixlərində Şərur rayon Olimpiya-İdman Kompleksində AFFA və Coca-Cola şirkətinin təşkilatçılığı ilə 10-14 yaşlılar və məktəbli kuboku futbolçuları arasında azyaşlı futbolçular üzrə Naxçıvan Muxtar Respublikası zona birinciliyi də şahbuzlu idmançılar üçün yaddaqalan olub. Belə ki, birincilikdə 10-12 yaşlı futbolçular üçüncü yerə, 11-13 yaşlılar isə ikinci yerə layiq görülüblər.
Göründüyü kimi, adıçəkilən məktəbdənkənar tərbiyə müəssisəsi yeniyetmə və gənc­lərin asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda idmanın müxtəlif növlərinə marağın artırılması, uşaqların yarış və turnirlərdə iştiraklarının təmin edilməsi üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə səy göstərir. Bu isə muxtar respublikada sağlam gəncliyin yetişməsinə şərait yaradır, regionda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə töhfələrini verir.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR