05 Yanvar 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə razılaşdırılmış təqvim planına uyğun olaraq futbol üzrə XVI muxtar respublika çempionatında 4-cü tura yekun vurulub.
Üç mövsümdür, çempionluq titulunu əlində saxlayan “Araz-Naxçıvan” cari ildə də iddialı olduğunu nümayiş etdirməkdədir. Maraqlısı odur ki, Naxçıvan şəhər təmsilçisi 4 görüşün hər birində rəqib qapılarından 5 top keçirib. Üçüncü turda “Kəngərli” komandasının qonağı olan “qırmızı-ağlar” 5:2, “Babək” komandasını isə 5:0 hesablı məğlubiyyətə uğradıb.
Yeni mövsümdə baxımlı oyun nümayiş etdirən “Babək” komandası isə turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandalardan biridir. Belə ki, babəklilər “Batabat” komandasını məğlub etməklə xal ehtiyatını 7-yə yüksəldiblər. Bu xala sahib Naxçıvan Dövlət Universiteti komandası isə bir oyun az keçirib. Onlar 3-cü turda “Sədərək” komandasının qapısından 5 (5:0), səfərdə isə “Batabat” komandasının qapısından 6 top (1:6) keçiriblər.
Ötən mövsümün autsayderi “Dübəndi” komandası isə əldə etdiyi uğurlarla hamını təəccübləndirməkdə davam edir. Doğma meydanda “Arpaçay” komandasını quru hesabla məğlub edən (3:0) ordubadlılar turnir cədvəlinin üst pillələrinə yüksəlməkdədir. Cari mövsümdə “Araz-Naxçıvan” komandası ilə yanaşı, məğlubiyyət acısı dadmayan digər komanda “Əlincə”dir. Culfa təmsilçiləri son turda oyuna ev sahibliyi edən sədərəkli həmkarlarını səfərdə büdrədib – 2:4.

Cari mövsümün autsayderi isə “Batabat” komandasıdır. Şahbuz təmsilçisi keçirdiyi 4 görüşün hamısında məğlub olub.

Naxçıvan Muxtar Respublika çempionatı III turun nəticələri

“Dübəndi” (Ordubad)-”Arpaçay” (Şərur) – 3:0
“Kəngərli” (Kəngərli)-”Araz-Naxçıvan” (Naxçıvan) – 2:5
“Babək” (Babək)-”Batabat” (Şahbuz) – 4:1
Naxçıvan Dövlət Universiteti-”Sədərək” (Sədərək) – 5:0
IV turun nəticələri
“Araz-Naxçıvan”-”Babək” – 5:0
“Batabat”-Naxçıvan Dövlət Universiteti – 1:6
“Arpaçay”-”Kəngərli” – 5:2
“Sədərək”-”Əlincə” – 2:4

Ceyhun MƏMMƏDOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR