Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının nəzdindəki idman növləri üzrə qazanılan uğurlar bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, istər muxtar respublika, istər ölkədaxili, istərsə də beynəlxalq yarış və turnirlərdə qazanılan medalların müəyyən hissəsi bu federasiyanın payına düşür.
18-21 oktyabr tarixləri arasında Bakı şəhərində qrapplinq idman növü üzrə dünya çempionatı keçiriləcək. Qürurverici haldır ki, dünyanın ən güclü idmançılarının mübarizə aparacağı bu mundialda Şərq Döyüş Sənəti Federasiyasının idmançısı da mübarizə aparacaq. Belə ki, uşaq, yeniyetmə, gənclər və veteranlar arasında keçiriləcək dünya çempionatında Azərbaycan millisinin heyətində naxçıvanlı idmançı Fərid Məhərrəmov tatami üzərinə çıxacaq. 12-13 yaşlı idmançıların kateqoriyasında mübarizə aparacaq idmançımızı dünya çempionatına Azərbaycan Respublikası idman ustası Xəyal Abdullayev hazırlayır.
Artıq bir ildən çoxdur ki, bu idman növü ilə məşğul olan Fərid Məhərrəmov kifayət qədər uğura imza atıb. Belə ki, MMA Qarışıq İdman növləri üzrə muxtar respublika çempionu olan Fərid qrapplinq üzrə Azərbaycan çempionu və Açıq Bakı Kubokunun da qalibidir. O həmçinin Braziliya jiu-jitsu idman növü üzrə beynəlxalq turnirdə də fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb.
Yarışa hazırlığı ilə bağlı Fərid Məhərrəmovun fikirlərini öyrəndik. O dedi: “Məşqçim Xəyal Abdullayevin rəhbərliyi ilə dünya çempionatına hazırlığımız intensiv olaraq davam edir. Məşq etməyim üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Məqsədim Bakıda keçiriləcək dünya çempionatının qalibi olmaq və mənə göstərilən etimadı doğrultmaqdır. İlk dəfədir ki, belə böyük yarışda iştirak edəcəyəm. Digər yarışlarla müqayisədə dünya çempionatında uğur qazanmaq hər bir idmançının arzusudur. Mən də çalışacağam ki, özümün və məşqçimin çəkdiyi əziyyət hədər getməsin və federasiyamızın uğurlarında mənim də payım olsun”.
Biz də, öz növbəmizdə, idmançımıza uğurlar arzulayırıq.
Ceyhun MƏMMƏDOV