İdman cəmiyyətin ayrılmaz qoludur. İdman bir fərdin cəmiyyət üçün yararlı yetişməsi, ictimai-siyasi həyatda mühüm rol oynaması üçün onu zərərli vərdişlərdən çəkindirən vasitədir. Bəzən bu sahəni insanlar öz peşələrinə görə də dəyərləndirib seçirlər.
Aparılan araşdırmalardan sonra ortaya maraqlı faktlar çıxıb. Belə ki, insanların 80 faizi gələcəkdə sahib olacaqları peşədən, sənətdən öncə idmanın hər hansı növü ilə məşğul olublar. Bəs buna necə nail olunub?
Cəmiyyətimizdə valideynlərin övladlarının sənət, peşə seçiminə, karyera qurmasına təsiri nə dərəcədədirsə, onların idmana olan marağı da məhz bunun göstəricisidir. Əslində, bu, uşağa dəstək deyil. Bəzən valideynlər övladlarını özləri kimi görmək istəyirlər: ata həkimdirsə, övladı da mütləq həkim olmalıdır. Halbuki uşağın idmana marağı daha çoxdur. Maraqlı olan odur ki, valideyn də məhz uşağına müdaxilə etdiyi həmin yaşda özü də idmana meyilli biri olub. Belə müdaxilələr uşağın inkişafına maneçilik yaradır, onun potensialının itib-batmasına səbəb olur.
Uşaqların idmana cəlb olunması və sonrakı dövrlərdə onların öz istedadlarına güvənməsi də valideynlərindən asılıdır. Yəni onun seçəcəyi peşə, sənət yolunda mütləq şəkildə dəstəyə ehtiyacı olmalıdır. Valideyn hər bir anda övladını sağlam ruhda tərbiyə etmək üçün idman sahəsinə nisbətən bələd olmalıdır. Bu zaman uşaq və ya gənc özünü daha yaxından tanıyır, özünəinamı artır, fiziki xüsusiyyətləri, sağlamlıq vəziyyəti, güclü və zəif tərəfləri, zəka səviyyəsi, xüsusi qabiliyyətləri, çatmaq istədiyi ideallar və arzu etdiyi müvəffəqiyyət növü haqqında məlumat sahibi olur. Bu zaman o həm də öz xarakteri ilə seçdiyi peşənin xüsusiyyətləri arasındakı uyğunluğu tapır.
Cəmiyyətə inteqrasiya olmaq üçün idmanın vacibliyi məhz burada daha aydın görünür. Bu sahə ilə bir müddət məşğul olan insanlar seçdikləri peşəni məhz idmanın hansı sahəsi ilə məşğul olublarsa, o istiqamətə yönlənirlər. Məsələn, aparılan araşdırmalar göstərir ki, icra orqanlarında çalışan kişilərin 4,3 faizi daha çox zehin tələb edən idman növləri ilə məşğul olublar (şahmat, dama, stolüstü oyunlar). Güc strukturlarında çalışanların 8,9 faizi 10-16 yaş arasında küçə döyüşlərinə maraq göstəriblər. Onların çoxu qaydasız döyüş, boks, karate və taekvondo ilə hobbi kimi məşğul olublar. Çox maraqlıdır ki, güləş, sambo, cüdo və basketbolla məşğul olanların, bu növlərə maraq göstərənlərin 27 faizi yüksək vəzifədə çalışırlar. Yəni onların peşə seçimi öz iradə və savadları ilə yanaşı, həm də uzaqgörən siyasətləri nəticəsində olur. Uşaq və ya gənc olarkən gimnastika, atıcılıq, atçılıq, qolf və böyük tennislə məşğul olanlar isə peşə seçərkən həmişə çətinliklə üzləşirlər. Bir qədər passiv olan belə insanlar daha çox oturaq işə meyillidirlər. Odur ki, aparılan araşdırmaların nəticəsinə əsasən bu növlərə maraq göstərən qadınların 68 faizdən çoxu hazırda evdardır.
Bəs uşaqları peşəyə yönəldərkən onları idmana necə istiqamətləndirmək olar? Məsələn, uşaq ibtidai sinifdə oxuyarkən onun riyaziyyata marağını nəzərə alıb şahmata yönləndirmək lazımdır. Artıq ibtidai sinifdən sonra idmana həvəsli olan uşağı daha çox maraq göstərdiyi fənnə görə yönəltmək olar. Yəni V-IX siniflər arasında uşaq həkim, psixoloq, polis və ya mühəndis olmaq istəyirsə, o zaman güləş, voleybol, qaydasız döyüş, karate, uşu-sando ilə məşğul olmalıdır. Sürücü, jurnalist, mühəndis, kompüter proqramçısı kimi səbir, təmkin tələb edən peşələrə yiyələnmək istəyən uşaqları isə adətən, ağırlıqqaldırma, dama, aerobika kimi növlərə yönləndirmək lazımdır.
Bəs idmanı peşə hesab etmək olarmı? Bəli. Səbəbinə gəlincə, hər bir insanın yaradılışdan xüsusi bir istedadı olur və bu bacarığı özündə kəşf edə bilirsə, artıq onunla böyük nailiyyətlər qazanır, həmin işdən maddi və mənəvi qazanc əldə edir. Bu da həmin insanda peşəyə çevrilir.
Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, idman və peşə seçimi nəzəri əsaslarla formalaşıb. Yəni idman psixologiyası insanın gələcək həyatında müstəsna rol oynayır. Təbii ki, valideyn uşağı öz istəyindən çəkindirmirsə. Müasir dövrün təbirincə desək, idman elmin humanitar istiqamətdə sürətli inkişafına təkan verən vasitədir.
Ceyhun MƏMMƏDOV