Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Atıcılıq Federasiyasının təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında atıcılığın tir növü üzrə keçirilən Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Yarışda muxtar respublika rayonlarının hər birindən 1 komanda, şəhərdən isə 3 komanda iştirak edib. Hər komandanın tərkibində 3 oğlan və 3 qız olmaqla, ümumilikdə, 60 şagird birincilikdə mübarizə aparıb.
Yekun nəticəyə əsasən qızlardan qalib adını Firəngiz İsmayılova qazanıb (Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdi). İkinci yerə Aytac Cəfərli (Culfa şəhər 1 nömrəli tam orta məktəb), üçüncü yerə isə Nuray Gözəlova (Şərur şəhər 2 nömrəli tam orta məktəb) layiq görülüblər.
Oğlanların mübarizəsində isə ilk üç pillədə Tağı Tağıyev (Şərur şəhər 2 nömrəli tam orta məktəb), Sadiq Rəfiyev (Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb) və Ramin Hüseynli (Babək qəsəbə 1 nömrəli tam orta məktəb) qərarlaşıblar.
Qaliblərə Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları təqdim olunub.
Ceyhun Məmmədov