Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş Naxçıvan Muxtar Respublikası orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən spartakiadaya yekun vurulub.
Reqlamentə əsasən spartakiada “Vətənin müdafiəsinə hazıram” poliatlon beşnövçülüyü, şahmat və basketbol idman növləri üzrə keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Basketbol, Şahmat və Atıcılıq federasiyaları tərəfindən təşkil olunan spartakiadada 200-ə yaxın məktəbli iştirak edib.
Basketbol üzrə keçirilən yarışların yekun nəticəsinə əsasən qalib adını final görüşündə “Naxçıvan” komandasını məğlub edən “Culfa” komandası qazanıb. “Babək” komandası isə spartakiadanın üçüncüsü olub. Qeyd edək ki, olimpiya sistemi üzrə keçirilən yarışda 8 komanda mübarizə aparıb.
“Vətənin müdafiəsinə hazıram” poliatlon beşnövçülüyü üzrə yarışda da 8 komanda mübarizə aparıb və idmançılar 100 metr məsafəyə qaçış, qumbaraatma, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçışı və pnevmatik silahdan 10 metr məsafəyə atış üzrə yarışlarda qüvvələrini sınayıblar. Yekun nəticədə daha çox xal toplayan Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası qalib olub. Babək rayon Payız kənd və Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandaları ikinci və üçüncü yerlə kifayətləniblər.
Naxçıvan Şahmat Mərkəzində isə 2001-2003-cü illər təvəllüdlü məktəbli şahmatçılar mübarizə aparıblar. 8 komandalı yarışda fərdi olaraq oğlanların arasında Sadiq Məmmədov, Elxan Əliyev və Əli Zeyniyev ilk üç pillədə qərarlaşıblar. Qız zəka sahiblərindən isə Fizzə İsmayılova, Səma Süleymanova və Nuray Kərimova spartakiadanın mükafatçıları olublar.
8 komandalı stolüstü tennis yarışlarının final görüşündə “Şərur” və “Babək” komandaları qarşılaşıb. Görüş birincilərin qələbəsi ilə yekunlaşıb. “Naxçıvan” komandası isə üçüncü olub.
Sonda hər idman növündə qalib komandalara və idmançılara diplom, kubok və hədiyyələr təqdim edilib.
Ceyhun MƏMMƏDOV