Muxtar respublikada gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin əsas istiqamətlərindən biri də gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və onların dünyagörüşlərinin formalaşdırılmasıdır. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi mütəmadi olaraq intellektual oyunlar, bilik yarışları təşkil edir. Keçirilən yarışlarda fəal iştirak edən gənclərimiz muxtar respublikamızı Azərbaycan çempionatlarında, birinciliklərdə və digər intellektual oyunlarda layiqincə təmsil edirlər.
Sentyabrın 10-da QeymTV.az-ın təşkilatçılığı, “Nar Mobile”nin sponsorluğu, Kapital Bankın maliyyə dəstəyilə reallaşdırılan “Breyn Rinq” oyununun X yubiley mövsümü keçirilib. Oyunda Tural Məmmədzadə (kapitan), Təbriz Eyvazlı, Camal Cümşüdlü, Hüseyn Həsənov, Vaqif Məmmədov, Qafar Cəfərzadə, Anar Qurbanov (ehtiyat oyunçu) tərəfindən təşkil olunmuş “Naxçıvan” komandası muxtar respublikanı layiqincə təmsil edib. Belə ki, gənclər sentyabr ayının ikinci seçim oyununda Şəki, Füzuli, Ağdaş, Lənkəran, Bərdə və Ağcabədi komandalarına qalib gələrək ard-arda 6 görüşdə qələbə qazanıb və sentyabr ayının final mərhələsində oynamaq hüququ əldə ediblər.
Ceyhun MƏMMƏDOV