Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin idman zalında rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Culfa rayon bölməsinin birgə təşkil etdiyi kişilər arasında voleybol üzrə rayon birinciliyinin növbəti oyunu keçirilib.
Rayonun şəhər və kənd komandaları arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən görüşdə bu dəfə Saltaq və Kırna kənd komandaları qarşılaşıblar. Qarşılaşmadan əvvəl rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov, Voleybol Federasiyasının rayon bölməsinin nümayəndəsi Sahib Qeybullayev çıxış edərək keçirilən tədbirin mahiyyətindən, idmana göstərilən dövlət qayğısından və voleybol federasiyasının qarşısına qoyulan vəzifələrdən danışıblar. Çıxışlardan sonra oyunun baş hakimi Afrəddin Cəfərov oyunun qaydaları haqqında idmançıları məlumatlandırıb. Gərgin mübarizə şəraitində keçən görüşdə Saltaq kənd komandası 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Ceyhun MƏMMƏDOV