22 Dekabr 2024, Bazar

 Son illərdə sağlam həyat tərzini seçən insanların sayı getdikcə artır. Bunun bir çox səbəbi olsa da, əsas səbəblərdən biri kimi insanların daha çox oturaq həyat tərzinə məruz qalması göstərilir. Xüsusilə müasir dövrdə texnoloji imkanların genişlənməsi bir çox sahələrdə fiziki hərəkətlərin məhdudiyyətini artırıb. Bu baxımdan indi əksər insanlar daha çox hərəkət manevrlərini özündə birləşdirən məşğuliyyət növlərinə üstünlük verirlər. Onlardan biri də velosiped sürməkdir. İndi dünyanın istənilən ölkə­sində velosipeddən idman və yaxud nəqliyyat vasitəsi kimi xeyli istifadə edənlər var. Velosipedin istər sərfəli nəqliyyat vasitəsi, istərsə də sağlam həyat tərzi baxımından faydaları çoxdur. Bəs, ümumiyyətlə, bu məşğuliyyət növü haqqında nə bilirik?

Əvvəlcə qeyd edək ki, “velosiped” sözü fransız dilindən tərcümədə “tez ayaq” deməkdir. Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsul hesab olunur. Bəzi mülahizələrə görə, hazırda dünyada yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, sərfəli qiyməti və yanacağa ehtiyacının olmaması onun belə geniş yayılmasının əsas səbəblərindəndir.

Velosipedin tarixi 500 il bundan əvvəl Leonardo da Vinçinin velosiped şəklini təsvir etməsi ilə başlasa da, ilk ixtira 1817-ci ildə Almaniyanın Mahhaym şəhərində yaşayan Baron fon Drays tərəfindən baş tutmuşdur. Bu, idarə edilən, tamamilə taxtadan düzəldilmiş, lakin pedallara malik olmayan bir velosiped idi. İlk model yoxuşlu küçələrdən aşağı düşmək üçün ayaqları yerə dirəyib təkan verərək hərəkətə gətirilirmiş. 1861-ci ildə velosipedin ön təkərlərinə pedallar taxılmış, 1888-ci ildə isə pedallar arxa təkəri hərəkətə gətirən zəncir ilə bərkidilmişdir. 1842-ci ildə velosipedlərin təkərlərinə rezin şinlər taxmaq ideyası ortalığa çıxanda artıq velosipedlərin görünüşü müasir formaya düşmüşdür. Bu faktı da qeyd edək ki, ilk velosiped yarışları 1819-cu ildə İsveçdə, 1829-cu ildə Almaniyada keçirilmişdir. 1893-cü ildən isə velosiped idmanı üzrə dünya, Avropa və digər yarışlar keçirilməyə başlanılır. 1900-cü ildə Parisdə Belçika, ABŞ, Fransa, İtaliya və İsveçrənin velosiped idmanı təşkilatları tərəfindən Beynəlxalq Velosipedçilər İttifaqının əsası qoyulmuşdur. Bu ittifaq Həvəskar Velosiped İdmanı və Professional Velosiped İdmanı üzrə iki beynəlxalq federasiyadan ibarətdir.
Azərbaycanda isə velosipeddən istifadənin tarixi 1930-cu ildən başlayıb. İlk vaxtlar velosiped məktəbli və tələbələr arasında populyarlıq qazanıb. Bu səbəbdən də velosipeddən məktəblərarası və universitet daxilində yarışlarda istifadə olunurdu. Ölkəmizdə daha irimiqyaslı velosiped yarışlarının keçirilməsi ötən əsrin 40-cı illərinin əvvəllərinə təsadüf edir. Bu dövrlərdə artıq respublika daxilində velosipedçilər arasında spartakiadalar keçirilməyə başlanmışdır. Yerli spartakiadalarda qüvvəsini sınayan Azərbaycan velosipedçiləri qalib gəldikdən sonra respublika spartakiadasına vəsiqə alırdılar. Bakının qadın və kişilərdən ibarət yığma komandaları yerli spartakiadalarda qalib gələrək Ümumittifaq və Zaqafqaziya spartakiadasında iştirak edirdilər. 1950-ci illərdən başlayaraq Azərbaycanın velosiped idmanında əsaslı irəliləyişlər əldə olunmağa başlanmışdır. Artıq Azərbaycan idmançıları SSRİ çempionatında və dünya birinci­liyində qüvvələrini sınayırdılar. 1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sə­rəncamı ilə Bakıda dünya standartlarına uyğun respublika velotreki tikilib istifadəyə verilmişdir. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilmişdir. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa qatılmışdı. 1991-ci ildə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr olunmuş təntənəli tədbirlər çərçivəsində Sankt-­Peterburq-Gəncə arasında 4 min kilometr məsafədə velosiped yürüşü təşkil olunmuşdur. 26 şəhərin təmsil olunduğu bu yürüşdə ölkə velosipedçiləri uğurla iştirak etmişlər.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə, xüsusilə 1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. Həmin ildən cənab İlham Əliyevin uğurlu rəhbər­liyi, səy və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri müvəffəqiyyətlə aparılmışdır. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilmiş, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılmışdır. Eyni zamanda bu federasiyanın veloparkı yenilənmişdir. Bu isə ölkəmizdə beynəlxalq səviyyəli velosiped yarışlarının keçirilməsinə imkan vermişdir. 2011-ci ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə “Böyük Qafqaz” veloyürüşü təşkil edilmişdir. Bunu da vurğulamaq istərdik ki, Azərbaycanda velosiped idmanına marağın böyük olması nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən və 40 ildən artıq fəaliyyət göstərən beynəlxalq miqyaslı Velosiped İdmanı Muzeyidir.
Bu faktları oxucularımızla bölüşməkdə məqsədimiz odur ki, velosiped istər idman növü kimi, istərsə də nəqliyyat vasitəsi kimi faydalı və sərfəli məşğuliyyət sahəsidir. Hətta dünyanın inkişaf etmiş böyük şəhərlərində velosipeddən istifadə kütləvi xarakter alıb, velosipedlər üçün xüsusi yollar, dayanacaqlar salınıb, kirayəsi ilə məşğul olan özəl qurumlar fəaliyyət göstərir. Kirayəyə verilən velosipedlərdən turistlər geniş şəkildə istifadə edirlər. Muxtar respublikamızda da sakinlər tərəfindən velosiped sürməyə maraq artıb. Ancaq etiraf edək ki, bu maraqdan daha çox azyaşlılar üçün istifadə etmişik. Orta və ya nisbətən yaşlı insanları velosiped sürərkən gördükdə, mental duyğularımızı tez dilə gətirmişik. Düşünmüşük ki, insan yaşlandıqca sağlamlığa daha çox ehtiyac duysa da, “ağır oturub batman gəlməlidir”. Bu zərərli düşüncənin təsdiqidir ki, Avropada çox sayda 80-90 yaşlı insanları çəliksiz və ya qoltuq ağacı olmadan gəzən görmək olar, bizdə isə əksinə. Halbuki bizim yaşadığımız ölkənin iqlimi, istifadə etdiyimiz qida məhsullarının keyfiyyəti, sağlam adət-ənənələri Avropa həyat tərzini xeyli geridə qoyur. Sadaladığımız nüanslar həm də regionumuzu uzunömürlülər diyarı kimi tanıdıb. Amma iş sağlam həyat tərzinin təbliğinə gəldikdə, ictimai qınağı önə gətiririk. Məsələn, bizdə kitab oxumamağa görə heç vaxt cəmiyyətin qınağı ilə rastlaşmazsan, ancaq velosiped sürsən, yaxud da şəhərin küçələri ilə qaçsan, o zaman gərək yad və tanış baxışların sənə diqqətlə tuşlanmağına alışasan. Lakin yazını pozitiv notlarla bitirəcəyimə qərar vermişəm. İndi şəhərimizdə velosiped sürənlərin sayı çoxalıb. Xüsusilə axşam saatlarında bu işi özünün sevimli məşğuliyyətinə çevirənlər hər keçən gün daha da artır. Onu da qeyd edək ki, muxtar respublikamızda indiyədək bir neçə dəfə velosiped üzrə idman yarışları keçirilib.
Velosiped satışı ilə məşğul olan mağaza sahiblərindən aldığımız məlumatlara görə, son bir neçə ildə böyüklərin bu nəqliyyat vasitələrinə marağı çoxalıb. Xüsusilə yay fəslində bu maraq daha da önə çıxır. Ona görə də gəlin bu məşğuliyyətdən özümüzü uzaqlaşdırmayaq.
Unutmayaq ki, ayağımızla fırlatdığımız hər pedal orqanizmin sağlamlığına, ekologiyanın qorunmasına, vaxta qənaət etməyə öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR