Ordubad Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Boks Federasiyası Ordubad rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında boks üzrə rayon birinciliyi keçirilib. Birincilik 5 çəki dərəcəsində boksun ümumi qaydaları çərçivəsində təşkil edilib.
Yarışdan öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək gəncləri zərərli vərdişlərdən çəkindirməyin zəruriliyindən, idmana olan dövlət qayğısından, rayonda idmanın bu növünün kütləviliyinə nail olunmasından söz açıb, idmançılara uğurlar arzulayaraq yarışı açıq elan edib.
Maraqlı və gərgin keçən mübarizənin yekun nəticələrinə əsasən Əlihüseyn Həbibli, Aqil Maqsudov, Möhsün Həsənzadə, Elgün Rzalı və Ümid Sadiqov müvafiq olaraq 33, 38, 46, 51 və 56 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və medallarla təltif ediliblər.
Ceyhun MƏMMƏDOV