Naxçıvanda şahmatın inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, muxtar respublikanın şəhər və rayonlarında şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi Şahmat Federasiyası mütəmadi olaraq şahmat məşğələləri keçirir.
Dünən Naxçıvan Şahmat Mərkəzində növbəti məşğələ təşkil olunub və bu məşğələni beynəlxalq hakim Emin Hacıyev tədris edib. Məşğələ 200-dən artıq təhsil müəssisəsində elektron lövhədən interaktiv formada izlənilib. Şəhər və rayon şahmat məktəbləri arasında innovativ məşğələni isə 160-a yaxın şahmatçı elektron lövhə vasitəsilə izləyib. Məşğələ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimlərinin tədris etdiyi bu məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagirdlərin bu sahəyə meyil və maraqlarını daha da artırmaq, qarşılıqlı fikir mübadiləsi aparmaqla şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.
Ceyhun MƏMMƏDOV