Şahbuz Rayon Gənclər və İdman İdarəsi Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi ilə birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon Şöbəsinin əməkdaşı Məmməd Hüseynov çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Yarışda 11 ümumtəhsil məktəbin komandası iştirak edib. Komandalar 100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbaraatma və 2000 metr məsafəyə qaçış növlərində güclərini sınayıblar.
Komanda hesabında 394 xal toplayan Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 321 xalla Kükü kənd tam orta məktəbinin komandası ikinci, 280 xalla Sələsüz kənd tam orta məktəbinin komandası üçüncü olub.
Qaliblər yarışın təşkilatçıları tərəfindən kubok və diplomlarla təltif olunublar.
Ceyhun MƏMMƏDOV