Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin idman zalında rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında stolüstü tennis üzrə rayon turniri keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elçin Cəfərov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə və Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov çıxış edərək keçirilən tədbirlərin mahiyyətindən, idmana göstərilən dövlət qayğısından və idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Gərgin mübarizə şəraitində keçirilən görüşlərdə qalib adını Mətin İbrahimli (Bənəniyar) qazanıb. Digər iki pillədə Mətin Ələkbərli (Bənəniyar) və Əli Qulamzadə (Culfa) qərarlaşıblar.
Yekunda qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun Məmmədov