Gənclərin idmana cəlbi istiqamətində görülən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, şəhər və rayon gənclər və idman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliyində final görüşləri keçirilib.
Şərur rayon Aralıq kənd stadionunda keçirilən həlledici qarşılaşmada Mahmudkənd və Çərçiboğan kənd komandaları üz-üzə gəlib. Daha inamlı oyun göstərən çərçiboğanlılar meydanı 6:2 hesablı qələbə ilə tərk edib və yarışın qalibi adını qazanıb. Mahmudkənd komandası ikinci, Dizə kənd komandası isə üçüncü olub.
10 komandanın heyətində 250-yə yaxın futbolçunun mübarizə apardığı Culfa rayon birinciliyinin final görüşündə Ərəzin və Bənəniyar kənd komandaları qarşılaşıblar. Culfa şəhər mərkəzi stadionunda keçirilən görüşdə Ərəzin kənd komandası 3:2 hesabı ilə qalib gəlib və birinciliyin baş mükafatını qazanıb.
Babək rayon Vayxır kənd stadionunda keçirilən həlledici qarşılaşmada Babək qəsəbə komandası ilə Nehrəm kənd komandası üz-üzə gəlib. Gərgin keçən görüş birincilərin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Bununla da, iyun ayının 22-də start verilən birinciliyin qaliblərinin adları məlum olub. Bu final görüşlərinə kimi isə Sədərək rayonunda Sədərək kənd komandası, Şahbuz rayonunda Kolanı kənd komandası, Ordubad rayonunda Sabirkənd komandası, Kəngərli rayonunda Qıvraq qəsəbə komandası və Naxçıvan şəhərində Qaraçuq kənd komandası bütün rəqiblərini üstələməyi bacarıb.
Sonda hər rayon üzrə ilk 3 pilləni tutan komandalara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun kubok və hədiyyələri təqdim edilib.
Ceyhun MƏMMƏDOV