Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün seminar keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Seminarda Azərbaycan Respublikasının ilk olimpiya çempionu Nazim Hüseynov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Sahib İsmayılov, yarışların təşkili və keçirilməsi sektorunun müdiri Ağayar Axundzadə, hakimlər komitəsinin rəhbəri Fariz Hüseynov, federasiyanın regionlarda cüdonun inkişafı sektorunun müdiri Tərlan Poladov və federasiyanın Naxçıvan Muxtar Respublikası üzrə kuratoru Vüsal Cəfərov iştirak ediblər. Seminarda idmançıların yarışa hazırlıq prosesi, çəki və qidalanmalarına nəzarət barədə təlimatlar verilib, məşqçilərin yarışlarda tələbələrini idarəetmə bacarığı, özünüaparma qaydaları geniş müzakirə olunub. Tədbirdə cüdo idman növündə qəbul edilən yeni qaydalar iştirakçılara nəzəri və praktik olaraq izah edilib.
Eyni zamanda muxtar respublikanın Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi də keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bildirib ki, bu idman növünün inkişafı üçün muxtar respublikada hər cür şərait yaradılıb. İdmançılarımız ölkə, eləcə də beynəlxalq arenalarda qazandıqları uğurlarla cüdonun inkişafının daim diqqətdə saxlanıldığını əyani olaraq sübut edirlər.
Azərbaycan Respublikasının ilk idman ustası Sahib İsmayılov çıxışında idmançılar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, cüdonun Naxçıvanda sevilməsinin əsas səbəblərindən biri burada yaradılan şəraitdir. Bundan yararlanmaq və gələcəkdə böyük uğurlar qazanmaq üçün məşqlərə daha ciddi şəkildə yanaşmaq lazımdır.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı isə çıxışında vurğulayıb ki, bu yarışda qalib olan idmançılar Tovuz rayonu və Bakı şəhərində keçiriləcək birinciliklərə vəsiqə qazanacaqlar. Həmçinin onlar məşqçiləri və valideynləri ilə birgə gələn il Bakı şəhərində keçiriləcək cüdo üzrə dünya çempionatına tamaşaçı kimi dəvət olunacaqlar.
Müstəqil Azərbaycanın ilk olimpiya çempionu, Cüdo Federasiyasının əməkdaşı Nazim Hüseynov yarışı təşkil edənlərə öz minnətdarlığını bildirərək deyib ki, əsas məqsədimiz Azərbaycanda cüdonun inkişafına nail olmaqdır. Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin rəhbəri Fariz Hüseynov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxışlarında yarışın mahiyyəti, eləcə də ölkəmizdə və muxtar respublikada idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Sonra yarışa start verilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2001-2003, 2004-2006-cı illər) arasında keçirilən birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Şərur və Culfa rayon cüdoçuları da mübarizə aparıblar. Açıq birincilikdə 2 yaş qrupunda 18 çəki dərəcəsi üzrə 120-dən çox idmançı qüvvəsini sınayıb.
Nəticəyə əsasən 2001-2003-cü illər təvəllüdlü idmançılar arasında Abbas Məmmədov (46 kiloqram, Culfa), İsmayıl Musayev (50 kiloqram, Naxçıvan), Sənan Hüseynov (55 kiloqram, Culfa), Vüqar Allahverdiyev (60 kiloqram, Naxçıvan), Elsevər Məmmədov (66 kiloqram, Culfa), Elamin Zeynalov (73 kiloqram, Naxçıvan), Emil Quliyev (81 kiloqram, Naxçıvan), Səttar Rəhimli (-90 kiloqram, Naxçıvan), Nihad Əliyev (90 kiloqram, Şərur), 2004-2006-cı illər təvəllüdlü idmançılar arasında isə Cəfər Məmmədli (34 kiloqram, Culfa), Həmzə Rəhimli (38 kiloqram, Naxçıvan), Sənan Cəfərov (42 kiloqram, Naxçıvan), Fuad Əşrəfli (46 kiloqram, Naxçıvan), Murad Hüseynov (50 kiloqram, Culfa), Əli Heydərov (55 kiloqram, Naxçıvan), İsmayıl Abbaslı (60 kiloqram, Naxçıvan), Cəbrayıl Hüseynov (66 kiloqram, Naxçıvan) və İsmayıl Fərəcov (73 kiloqram, Şərur) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Komanda hesabında isə “Naxçıvan” komandası qalib adını qazanıb. “Culfa” komandası ikinci, “Şərur” komandası isə üçüncü olub.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları, Güləş Federasiyasının medalları ilə mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV