22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları bu sahənin inkişafı, ictimaiyyət arasında geniş vüsət alması üçün mütəmadi işlər görürlər. Son günlər isə federasiyaların kəndlərdə yeni yaradılan bölmələrinin fəaliyyəti, gənclərin idmana cəlbi ənənə halını alıb. Belə bölmələrdən biri də Culfa rayonunun Milax və Ərəfsə kəndlərində fəaliyyətə başlayan kikboksinq bölməsidir.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyası tərəfindən yaradılan yeni bölmə artıq idmançıların ixtiyarına verilib. Uşaq və yeniyetmə idmançılar məşqləri məşqçi-müəllim Etibar Qəribovun rəhbərliyi altında keçəcəklər. Milax kənd tam orta məktəbinin idman zalında keçirilən məşqlərdə 35-ə yaxın idmançı iştirak edir. Ərəfsə kənd tam orta məktəbinin idman zalında isə 20-dən çox uşaq və yeniyetmə kikboksinqin sirlərini öyrənir. Hər iki kənddə həftədə 6 dəfə olmaqla, idmançılar üçün məşqlər keçiriləcək.
Məşqçi-müəllim bildirdi ki, bölmələrin yeni fəaliyyətə başlamasına baxmayaraq, müraciət edənlərin sayı gündən-günə artmaqdadır. Bu, elə bir idman növüdür ki, cəldlik və çevikliklə yanaşı, insanda dözüm də tələb edir. Uşaqların bu növə maraq göstərməsi ilk olaraq yaradılan şəraitlə bağlıdır. Çünki federasiya uşaqların mütəmadi məşq etmələri üçün geniş idman zalı və rahat şərait yaradıb. Qarşıda duran əsas məqsədimiz Culfa rayonunda kikboksinq idman növünün kütləviliyini təmin etməkdir. Daha sonra idmançılarımızı yaxşı hazır­layıb muxtar respublika birinciliklərində uğur qazanmaq istəyirik. Belə potensiallı idmançılarımız var.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR