Naxçıvan Muxtar Respublikasında idmana böyük qayğı göstərilir. Bu qayğı keçirilən beynəlxalq yarış və turnirlərin nəticələrində də özünü əks etdirir. Bu yaxınlarda Kosovonun paytaxtı Priştina şəhərində ağır atletika üzrə yeniyetmələr arasında Avropa çempionatında da biz bunun bir daha şahidi olduq. Qitə birinciliyində ağır atletlərimiz vətənə uğurlu nəticələrlə döndülər. Ancaq Avropanın ən güclü atletlərinin mübarizəsində diqqəti bir məqam daha çox çəkdi: Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev Priştinada nəinki qitə birinciliyinin qızıl medalını qazandı, həm də bu nəticəyə 6 rekorda birdən imza ataraq nail oldu.
Tərmenxan Babayev 2002-ci ildə Şərur rayonunda dünyaya gəlib. Atası və əmisi güləşçi olan Tərmenxanın bu sahəyə marağı 6 yaşından başlayıb. Atasının istəyi ilə bu növü seçən yeniyetmə idmançının güləşçi kimi karyerası alınmayıb. Ağır atletika məşqçisi Şəfi Hüseynov güclü idmançı perspektivinə malik olan Tərmenxanı öz məşqinə dəvət edib. Fiziki göstəricilərinə görə həmyaşıdlarından xeyli fərqlənən Tərmenxan ağır atletika ilə 10 yaşında məşğul olmağa başlayıb.
Həmin vaxtlar Azərbaycanın yeniyetmələrdən ibarət ağır atletika yığması təlim-məşq toplanışı keçmək üçün Şərur Olimpiya-İdman Kompleksinə gəliblər. Azərbaycan millisinin məşqçiləri Nizami Paşayev və Asif Məmmədov naxçıvanlı gənclərə seleksiya xarakterli məşqlər də keçiblər. Bir neçə yeniyetmə ilə yanaşı, Tərmenxan da bu məşq prosesində özünü göstərməyə çalışıb. Böyük potensiala malik olan idmançı bir neçə ay ərzində ciddi irəliləyişlər əldə edib. Şərur rayonuna yenidən qayıdan məşqçilər qarşılarında başqa Tərmenxan görüblər. Bundan sonra 11 yaşlı idmançımız ölkə birinciliyinə dəvət alıb və özündən 5 yaş böyüklərin mübarizəsini ilk 7 pillədə başa vurub. O gündən Tərmenxan Babayev Azərbaycan yığmasının heyətinə cəlb olunur. Fərqli fiziki göstəriciyə malik olan idmançımız 12 yaşından başlayaraq beynəlxalq turnirlərdə mübarizə aparmağa başlayır.
2016-cı ildə yeniyetmələr arasında Avropa çempionatının dördüncüsü olan Tərmenxan Babayev, cari ildə Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələr arasında dünya çempionatında uğurlu çıxışı ilə yadda qalır. O, 77 kiloqram çəki dərəcəsində mübarizə apardığı “B” qrupunun birincisi olur. Və bu nəticə sayəsində idmançımız 2018-ci ildə keçiriləcək gənclərin olimpiadasına vəsiqə qazanır.
Bəs Tərmenxan Kosovoda ona bəslənilən ümidləri necə doğrulda bildi? Məşqçilər keçirilən yarışdan sonra bildiriblər ki, biz ondan yalnız qızıl medal gözləyirdik, lakin onun bir neçə rekord qıracağına inanmırdıq. Rekordlara gəlincə... Priştinada keçirilən turnirdə 85 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək sonda 130 kiloqramı ram edir. O, bu nəticə ilə ən yaxın izləyicisi olan bolqar Stefço Xristovu 15 kiloqram qabaqlayaraq birinci olur. Tərmenxan təkanla qaldırma hərəkətində daha uğurla çıxış edib. O, ilk yanaşmasında 150 kiloqram çəki dərəcəsinin öhdəsindən gəlib. Bununla da, macarıstanlı atlet Adrian Terebesinin bu ilin aprel ayında Banqkokda keçirilən yeniyetmələrin dünya birinciliyində müəyyən etdiyi Avropa rekordunu (146 kiloqram) düz 4 kiloqram yeniləyib. O, eyni zamanda yunanıstanlı atlet Evangelios Qaliatsatosun 2015-ci ildə İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində bu çəkidə toplamda müəyyən etdiyi Avropa rekordunu (276 kiloqram) da təzələyib. Atletimiz ikinci yanaşmasında 155 kiloqramı qaldıraraq həm bu hərəkətdə, həm də toplamda daha 2 rekord yeniləyib. Sonuncu yanaşmasında 161 kiloqramın da öhdəsindən gələn Tərmenxan, rekordlarının üzərinə ikisini də əlavə edib. Atletimiz toplam 291 kiloqram (130+161) nəticə ilə Avropa birinciliyini çempion kimi başa vurub. Həm də o, bu uğura 6 Avropa rekordunu yeniləyərək nail olur.
Tərmenxan Babayevlə söhbətimiz də elə bu mövzuda oldu. İdmançımız deyir ki, bu uğurlar əziyyətsiz başa gəlmir və bunlara gərgin məşqlər sayəsində nail olub. Boş vaxtlarında zala gedir və öz səhvləri üzərində işləyir. Bu əziyyətin qarşılığını isə yarışlarda alır. Digər tərəfdən, burada idmançının əsas gücü onun bu idman növünə olan marağı və həvəsidir. O, körpücük üzərinə çıxmamışdan öncə qətiyyətli olmalıdır. Qətiyyət hər bir idmançını uğura daha tez çatdırır.
Tərmenxan Babayevi güclü idmançı kimi yetişdirən isə onun şəxsi məşqçisi Şəfi Hüseynovdur. İdmançı barəsində qürurla, fərəhlə danışan Şəfi müəllim ona böyük ümidlər bəslədiyini vurğuladı: “Kiçik bir zaldan gedib Avropanı fəth etmək hər bir idmançıya qismət olmur. Elə məşqçiyə də. Bu, mənim üçün qürurverici bir haldır. Bunun əsas səbəblərindən biri aid olduğumuz nazirliyin bizimlə hər zaman maraqlanması, bizlərə dəstək olmasıdır. Tərmenxanın hələ 15 yaşı var və qazanacağı uğurlar qabaqdadır, onun potensialı daha böyük uğurlara imkan verir. Onun gələn il keçiriləcək gənclərin olimpiadasında qızıl medal qazanacağına inanıram. Daha sonra Tokio olimpiadası olacaq və inanıram ki,Tərmenxan yenə də himnimizi orada səsləndirəcək. Tam əminliklə deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasına olimpiadalarda ilk qızıl medalı da məhz Tərmenxan Babayev qazandıracaq”.
İdmançımız özü də daha böyük uğurlar qazanacağına inanır: “Məşq etməyim üçün hər bir şərait yaradıldı və bundan maksimum istifadə edib ümidləri doğrultdum. Amma bununla kifayətlənmək istəmirəm. Bunlar hələ karyeramda ilk addımlarımdır. Əsas hədəfim isə olimpiya çempionu olmaqdır. Qarşıda böyük yarışlar var. Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək gənclərin olimpiadasında uğur qazanmaq istəyirəm. Məşqçimin mənim üzərimdə böyük əməyi vardır. İstəyirəm ki, mübarizə apardığım bütün yarışlarda qalib olub Naxçıvanın idman ənənələrini daha yüksəkdə tutum”.
Məşqə, sevdiyi idman növünə həvəslə yanaşan Tərmenxanın böyük zirvələr fəth etməsi üçün kifayət qədər potensialı var. Buna görə də biz ondan ağır atletika idman növündə Naxçıvana olimpiadadan ilk qızıl medal gətirməsini gözləyirik.
Ceyhun MƏMMƏDOV