May ayında Naxçıvan Muxtar Respublikasında daha bir mötəbər turnir keçiriləcək. Mayın 25-də start veriləcək II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil edəcəyi yarışın kubokunun təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində respublikamız dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir. Ulu öndərimizin əsasını qoyduğu idman siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Muxtar respublikada 40 minədək uşaq, yeniyetmə və gənc idmanın müxtəlif növlərinin sirlərini öyrənir.
Nazir qeyd edib ki, hər il may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlər keçirilir. İdman ictimaiyyəti həmin yarışlardan biri olan II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirə böyük maraq göstərir. Peşəkar Futbol Liqasının dəstəyi ilə futbol üzrə turnirin yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri tamamlanıb.
Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında futbolun, o cümlədən idmanın digər növlərinin inkişafı istiqamətində ardıcıl işlər görülməsi mövcud infrastrukturun ən müasir şəkildə qurulmasında da özünü göstərir. Muxtar respublikada idmanın müxtəlif növləri, eləcə də futbol üzrə mötəbər yarışların keçirilməsi, həmin yarışlarda naxçıvanlı futbolçuların uğurla iştirak etməsi bunun bariz nümunəsidir. Bu, Naxçıvanın idmanın inkişaf etdiyi bir diyara çevrildiyini sübut edir. Azərbaycan kubokunun final görüşünün Naxçıvan Muxtar Respublika Stadionunda keçirilməsi, yarışın yüksək səviyyədə təşkili idman ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Muxtar respublikada nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyini də xatırladan Ramin Musayev qeyd edib ki, biz II “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin də uğurla başa çatacağına əminik.
Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Ceyhun Məmmədov