“Heydər Əliyev kuboku” uğrunda boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən turnirdə 14-15 yaşlı yeniyetmələr, 18-19 yaşlı gənclər və böyüklər 10 çəki dərəcəsində mübarizə aparırlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi yarışda idmançılar müxtəlif çəki dərəcələrində ən güclünü müəyyən edəcəklər.
Beynəlxalq Boks Federasiyasının mövcud qaydalarına uyğun olaraq keçirilən yarış olimpiya sistemi üzrə təşkil olunub. Turnirdə muxtar respublikanın şəhər və rayonlarından 100-ə yaxın dəri əlcək sahibi mübarizə aparır.
Üç gün davam edən yarışa bu gün keçiriləcək final görüşləri ilə yekun vurulacaq.
Ceyhun Məmmədov