Kəngərli rayon mərkəzində yerləşən futbol meydançasında rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında yaz çağırışına həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün Kəngərli rayon mərhələsi keçirilib.
Bu mərhələdə 8 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq 5 növ üzrə keçirilib.
Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov, Təhsil Şöbəsinin əməkdaşı Səməd Səmədov çıxış edərək yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idmanda əldə olunan nailiyyətlərdən, gənclərin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıblar. Çıxış edənlər yarış iştirakçılarına uğurlar arzulayıblar.
Yarışın yekun nəticəsinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq qalib adını qazanıb. Yurdçu kənd tam orta məktəbinin komandası ikinci, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
Yekunda qalib komanda və müxtəlif növlərdə fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.
Ceyhun Məmmədov