Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 2 fevral – Gənclər Günü münasibətilə şahmat üzrə daxili birincilik keçirilib. Birincilikdə məktəbin 128 zəka sahibi qüvvəsini sınayıb. Açılış mərasimində çıxış edən məktəbin direktoru Gülşən Ağayeva Gənclər Günü haqqında tədbir iştirakçılarına məlumat verib və bildirib ki, 2 fevral – Gənclər Gününün elan olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. Bunun nəticəsində Azərbaycan indi bir idman ölkəsi kimi dünyada tanınır, idmançılarımız çıxış etdikləri beynəlxalq yarışlarda bayrağımızı dalğalandırırlar. Muxtar respublikada da idmana və idmançılara böyük diqqət və qayğı göstərilir.
Sonra yarışa start verilib. Olimpiya sistemi üzrə keçirilən yarışda bütün rəqiblərini üstələyən VIII sinif şagirdi Rəvan Məmmədov birinciliyin qalibi olub. Digər iki pillədə isə məktəbin IV sinif şagirdləri Rəvan Həsənzadə və Əkbər Məmmədov qərarlaşıblar.
Sonda qaliblər diplomla təltif olunublar.
Ceyhun Məmmədov