Ordubad rayonunun Aza kənd tam orta məktəbində 2 fevral – Gənclər Günü münasibətilə şahmat üzrə daxili birincilik keçirilib.
Yarışdan öncə çıxış edən məktəbin direktoru Təvəkkül Məmmədov bildirib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclər hərtərəfli qayğı ilə əhatə ediliblər. Bu qayğını idman sahəsində də görmək olar. Belə ki, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün hərtərəfli şərait yaradılıb. Yeni tikilən məktəb binalarında idman zalları şagirdlərin ixtiyarına verilib. Şahmat dərslərinin orta məktəblərdə tədris olunması uşaqların daha savadlı, bacarıqlı yetişməsinə zəmin yaradır.
Olimpiya sistemi üzrə keçirilən birincilikdə qalib adını VII sinif şagirdi İlkin Əliyev qazanıb. Digər iki pillədə isə VI sinif şagirdi Elvin Məmmədəliyev və V sinif şagirdi Leyla Babazadə qərarlaşıblar.
Məktəbdə həmçinin IX-XI sinif şagirdləri arasında voleybol üzrə də daxili birincilik keçirilib. Birincilikdə daha üstün oyun sərgiləyən məktəbin XI sinif şagirdləri qalib adını qazanıblar.
Sonda hər iki birincilikdə qalib olan idmançılar diplomla təltif olunublar.
Ceyhun Məmmədov