22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında idmanın kütləviliyinin təmin edilməsi regionda yaradılan şərait hesabına mümkün olub. Bu gün diyarımızın bütün şəhər və rayonlarında gənclərin idmanın müxtəlif sahələrinə marağı artmaqdadır. Təbii ki, insanların idmana yönəlməsi həm də sağlam nəslin formalaşmasını təmin edir. 

Muxtar respublikada bu sahənin geniş vüsət alması üçün Gənclər və İdman Nazirliyi, həmçinin federasiyalar fəaliyyət dairələrini genişləndirməkdədirlər. Gənclər və İdman Nazirliyi, federasiyalar rayonlarda idmanın kütləviliyini təmin etmək üçün yarışlar, turnirlər təşkil edirlər. Rayon Gənclər və İdman idarələri nazirliyin təsdiq etdiyi plana uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına öz töhfəsini verir. Bəs rayonlarda federasiyaların bölmələri fəaliyyət göstərirmi? Göstərirsə, onların fəaliyyəti hansı səviyyədədir?
Bunu Ordubad rayonunun timsalında araşdırdıq. Əvvəlcə onu qeyd edək ki, bu bölgəmizdə də idmanın kütləviliyi diqqət mərkəzində saxlanılır. Hazırda Ordubad rayonunda 12 federasiyadan 8-nin bölməsi fəaliyyət göstərir.

Basketbol Federasiyasının bölməsi alqışlanası addım atıb və rayonda qızlardan ibarət komanda yaradıb. Namiq Əliyevin məşqçilik etdiyi komanda həftənin 3 günü (I, III və V) Ordubad şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında məşqlərini davam etdirir. Həftənin iki günü isə oğlanlardan ibarət komandaya Nahid Əliyev məşq keçir.
Şahmat Federasiyasının bölməsi isə məşqlərini rayon Şahmat Məktəbində aparır. Məşqçi-müəllim İsrafil Məmmədov bizimlə söhbətində bildirdi ki, hazırda şahmat Ordubadda ən çox sevilən idman növüdür. Bunun nəticəsidir ki, rayonun iki zəka sahibi iyun ayında keçirilən Azərbaycan birinciliyində iştirak edib, Seyid Hüseyn üçüncü, Zərrin Məmmədli isə dördüncü olub. İnkişaf etməsi üçün rayonda üç dövlət orqanına tapşırılan futbolda isə vəziyyət heç də ürəkaçan deyil. Həftənin bir günü məşq keçən futbolçular bu il uğura da imza atıblar. Belə ki, Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyinin qalibi olan 13 yaşlı futbolçular Bakı şəhərində keçirilən final görüşlərinə vəsiqə qazanıblar. Deməli, istedadlı uşaqlar və şərait var, daha çox uğur qazanmaq üçünsə həftədə bir dəfə yox, bir neçə dəfə məşq etmək lazımdır. Həftədə bir dəfə məşq edən federasiyalardan biri də voleyboldur. Hamlet Əliyevin rəhbərliyi altında 14 voleybolçu Ordubad şəhərindəki internat məktəbinin idman zalından istifadə edir.
Rayonda onu da öyrəndik ki, idmançılara ən çox dəstək olan federasiyalardan biri Yüngül Atletikadır. Federasiya digər rayonlarda olduğu kimi, Ordubadda da bu növün inkişafı istiqamətində mühüm addımlar atıb. Məşqçi-müəllim Ələfsər Əliyevin rəhbərliyi ilə bölmədə hazırda 20-dən çox atlet bu növün sirlərini öyrənir.
Güləş, Karate-do və Boks federasiyalarının bölmələrində isə, ümumilikdə, 60-dan çox idmançı var. Güləş müəllimi Elşad Əliyev bildirdi ki, əsas məqsədləri istedadlı uşaqları üzə çıxarmaq və onları qarşıdakı yarışlara hazırlamaqdır.
Karate-do bölməsinə isə Eldəniz Zeynalov rəhbərlik edir. Hər zaman boksçularının nailiyyətləri ilə fərəhlənən ordubadlılar bu dəfə istedadlı gənclərin uğurlu çıxışına görə Müzəffər Həbibova minnətdardırlar. Məşqçi-müəllimin rəhbərliyi altında 15-ə yaxın boksçu bu növün sirlərini öyrənir.
Rayonda olarkən öyrəndik ki, federasiyaların bölmələrinin müəllimləri Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbinin müəllimləridir. Onlar həftənin 4 günü idman məktəbi üçün çalışırlarsa, bir günlərini federasiyaların bölməsinə ayırıblar. Təbii ki, bu, qarşılıqlı razılaşma əsasında olub.
8 federasiya bölməsinin fəaliyyəti barədə məlumat aldıqdan sonra “adı olub, özü olmayan” bölmələrin də işi ilə maraqlandıq. Paralimpiya bölməsində nə məşqçi var, nə də ki məşq. Fiziki imkanları məhdud olan insanlar isə yalnız keçirilən yarışlarda bir araya yığışır. Hava və Ekstremal İdman Növləri Federasiyasının bölməsində də vəziyyət ürəkaçan deyil. Bölmənin adı olsa da, nə idmançısı var, nə məşqi, nə də ki məşqçisi.
Atıcılıq və Şərq Döyüşü Sənəti federasiyalarının isə Ordubad rayon bölmələri yoxdur.
Rayonda gördüklərimizdən sonra deyə bilərik ki, Ordubadda idmanın inkişafı üçün istedadlı gənclər və şərait var. Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq-gənclər idman məktəbi bu yöndə əlindən gələni edir. Bu istiqamətdə federasiyaların da üzərinə mühüm vəzifələr düşür. Təmsil etdikləri idman növlərini inkişaf etdirmək üçün federasiyaların bölmələrinə “filan yarışa idmançı gətir” demək yox, kömək etmək lazımdır.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR