Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkil etdikləri məşqçi-müəllimlər, idmançılar üçün seminarlar davam etdirilir.
Növbəti seminar Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutub. Dağ və ekstremal idman növləri üzrə seminarda Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Samir Oruclu bildiriblər ki, federasiya nazirliklə birgə belə tədbirləri mütəmadi olaraq təşkil edir. Seminarların təşkilində əsas məqsəd idmançıları bu növlə daha yaxından tanış etmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdir. Bu seminarlarda peşəkar məşqçilər iştirak edirlər.
Sonra çıxış edənlər bu növlərin muxtar respublikada geniş yayılması üçün görülən və görüləcək işlər barədə danışıblar.
Seminarda ekstremal idman növləri üzrə məşqçi-müəllim Babək İsgəndərov çıxış edib. O, nəzəri məlumatda idmançılara dağ yürüşünün yaranması tarixi və bu idman növünün texnikası barədə məlumat verib.
Dünən idmançılar təlim-məşqləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində praktik olaraq davam etdiriblər. Məşqçi-müəllim Babək İsgəndərovun rəhbərliyi altında idmançılara dağa dırmanma, dağdan enmə və qayaya dırmanma, həmçinin dağa dırmanarkən öncədən görüləcək tədbirlər haqqında məlumat verilib.
Qeyd edək ki, nəzəri və praktik təlim-məşqlərdə 60-a yaxın idmançı iştirak edib.
Ceyhun Məmmədov