Bakı şəhərində Azərbaycan Respublikası Boks Federasiyasının İdman Kompleksində keçirilən kişi boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.
10 çəki dərəcəsi üzrə keçirilən çempionatda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının 9 dəri əlcək sahibi mübarizə aparıb.
56 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev final görüşündə Tural Əhmədovla üz-üzə gəlib. Zərbələrdə daha dəqiq olan Tayfur Əliyev ölkə çempionu adını qazanıb. Naxçıvanı təmsil edən digər boksçu Ağalar Sadiqzadə də bu uğuru təkrarlayıb. +91 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibi həlledici qarşılaşmada Asəf Aslanlıdan üstün olub. Muxtar respublika boks məktəbinin digər yetirməsi Sərxan Əliyev də mükafat qazanıb. Belə ki, boksçumuz 60 kiloqram çəki dərəcəsində final görüşünə kimi məğlubiyyətsiz irəliləyib. Həlledici qarşılaşmada Cavid Çələbiyevlə qarşılaşan idmançımız ölkə çempionatının gümüş medalını qazanıb. Digər qızıl medalı isə komandamıza 81 kiloqram çəki dərəcəsində Eldar Quliyev qazandırıb.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim edilib.
- Ceyhun Məmmədov