22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır.

Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınıb.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri sutəmizləyici qurğuların qarşısındakı 2 hektarlıq ərazidə 700 badam ağacı, Sənaye Məhsulları Kompleksinin qarşısındakı 1 hektarlıq ərazidə isə 350 meyvə ağacı əkiblər.

Ardını oxu...

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə qış geyimləri təqdim olunub.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin təməlini cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi təşkil edir. Bu gün əminliklə demək olar ki, uşaq və gənc­lərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər edilib, uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Ardını oxu...

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar aşılanır, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur. Bundan başqa, onların asudə vaxtlarının təşkili məqsədilə müxtəlif tədbirlər keçirilir, hər ay “Könül işığı” adlı brayl jurnalı nəşr edilir, bunlarla yanaşı, onlar üçün audiokitabxana xidməti də fəaliyyət göstərir. Audiokitabxananın kataloqu dinləyicilərin müraciətinə əsasən daim yeni ədəbiyyatlarla zənginləşdirilir. Hazırda kitabxanada 1275 audiokitab və digər audiomateriallar mövcuddur. Audiokitabxanada 17 bölmə üzrə 365 dinləyiciyə xidmət göstərilir.

Ardını oxu...

Hələ qədimlərdən türk hökmdarları ağacı yalnız yaşıllıq rəmzi deyil, həm də xalqın varlığının vacib şərti kimi qəbul edirdilər. Onlar ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqənin olduğunu vurğulayıb, hətta bəzi ağacları müqəddəs sayıblar. Xalq inamına görə, həyətdə, yaşayış evinin ətrafında ağac əkilərsə, ailəyə xeyir-bərəkət, yaxşı gün-güzəran qismət olar. Çünki ağac var ki çiçəyi, yarpağı, meyvəsi, qabığı ilə min dərdə dərmandır. Ağac var ki meyvəsi ilə süfrəmizə yaraşıq verir. Ağac var ki görkəmi ilə göz oxşayır, bağları, parkları, həyətləri bəzəyir.

Təsadüfi deyil ki,“Barlı ağacın başına dolanarlar” ideyası ilə ömür sürən babalarımız təbiətə, yaşıllığa, ağaca həyat mənbəyi kimi baxıb, ağac əkməyi, ona qulluq etməyi müqəddəs sayıblar. Ulularımız deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”.
Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub qayğısına qalıb, qocaman ağacların yerinə yenilərini əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Axı ağac da insan kimi qulluq istəyir. Görkəmli təbiətşünas alim Həsən Əliyevin bu müdrik kəlamı isə daim yaddaşlardadır: “Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli və Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat veriblər. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış edərək bildirib ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, ünsiyyət yaratmaq, oyun oynamaq və bu kimi məqsədlər üçün istifadə edirlər. Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin təbliğində, ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının çatdırılmasında əvəzsiz rolu vardır. Bunlarla yanaşı, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında da sosial şəbəkələrdən geniş istifadə olunur.
Vurğulanıb ki, yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur. Həmin gəzintilər zamanı çəkilən fotoşəkil və videoçarxlar gənclər tərəfindən sosial şəbəkələrdə paylaşılır. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, həddən ziyadə sosial şəbəkələrdən istifadə də zərərli nəticələr doğurur, yeniyetmə və gəncləri təhsildən yayınmasına səbəb olur.

 Ceyhun MƏMMƏDOV

Ötən günlərdə Naxçıvan şəhərinin “Təbriz” küçəsi 1 ünvanındakı beşmərtəbəli binanın yanından keçərkən eyvanların birindən aşağıya – səkiyə çörək parçası atıldığını gördüm. Ayaqlarımın altına düşən bu bir parça çörək elə bil ağır daş olub ürəyimə dəydi, məni əzdi, ağrıtdı. Yuxarıya doğru boylansam da, hansı mərtəbədən atıldığını görə bilmədim. Qeyri-ixtiyari çörəyi atanın əvəzinə bir anlığa özümü günahkar hiss etdim. Axı bərəkətinə and içdiyimiz çörək ayaq altında idi. Onu yerdən qaldırıb öpdüm, alnıma qoydum (bunu etməyi mənə nənəm öyrətmişdi). O vaxtdan bir neçə gün keçib, amma həmin bir parça çörək gözlərimin önündən çəkilmir ki, çəkilmir.

Bir parça çörək! Biz hamımız bu çörəklə böyümüşük. O, qolumuza qüvvət, ürəyimizə təpər verib. Təsadüfi deyil ki, süfrəsindən halal çörəyi əskik olmayan ulu babalarımız bu neməti min bir əziyyətlə qazanıb, daşlı-qayalı yerləri təmizləyib, taxıl əkib, çörək əldə ediblər. Bəlkə də, “çörəyi daşdan çıxır” deyimi də buradan yaranıb. Əkinçilərimiz gecəni gündüzə qatıb, şumlamaq, səpmək, suvarmaq, becərmək nəticəsində torpağa bərəkət veriblər. Halal ruzini qabarlı əlləri, alın tərləri ilə qazanıblar. Buğda dənəsi torpağa səpiləndən ta ki, məhsul toplananadək min bir əziyyət çəkiblər, torpağın suvarılması bir dərd olub, taxılın biçilməsi, buğdanın una çevrilməsi başqa dərd. Gah çayların suyu quruyub, gah da dəyirmanın. Bəzən taxılı dolu vurub, bəzən də quraqlıq ucbatından elə-obaya fəlakət üz verib. Ancaq hər şeyə rəğmən bərəkət bu torpaqlardan əskik olmayıb, azdan-çoxdan xalq öz ruzisini torpaqdan çıxara bilib.

Ardını oxu...

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasında oyun terapiyasının əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə mərkəzin direktoru Ramin Səfərov açıb. Bildirib ki, bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən davamlı tədbirlər bu qəbildən olan uşaqlara dövlətimizin qayğısının ifadəsidir.

Ardını oxu...

– Sənin ad, soyadındakı hərflərin cəmi 13 edir?
– Bəli, niyə soruşdun?
– Xəbərin var ki, 13 rəqəmi uğursuz olduğundan ad, soyadındakı hərflərin cəminin 13 olması həmin insanların şanssızlığına yozulur?
Sirli 13 rəqəmi. Bu rəqəm illər ərzində bir çox mənalar kəsb etmişdir. Hətta uğursuz olduğu barədə az-çox məlumatım da vardı. Lakin rəfiqəmlə söhbətimdən sonra 13 rəqəminin uğursuz hesab edilməsinin səbəblərini araşdırmağa qərar verdim.
Əvvəlcə qeyd edək ki, “Numerologiya” adlandırılan elmdə hər rəqəmin öz dili olduğu deyilir. Bu elmlə məşğul olan adamlar – numeroloqlar belə iddia edirlər ki, ədədlər yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi deyil, onlarda gizli bir qüvvə də var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən komitə və aid təşkilatlar tərəfindən təşkil olunan sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış artıq ikinci ildir ki, keçirilir.
Bu il sentyabrın 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan sərgi-satışa ­evdar xanımlar, müxtəlif sahələrdə fəaliyyət göstərən – Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə, Texniki Yaradıcılıq, Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin, məktəbdənkənar müəssisələrin dərnək rəhbərləri və üzvlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, eləcə də sağlamlıq imkanları məhdud və məhkum qadınların əl işləri çıxarılmışdır. Sərgi-satışda 269 istedadlı qadının 718 muncuqla, 34 kağızla, 628 toxuma, 29 tikmə, 279 dekorativ, 17 taxta üzərində və 29 üzərlik ilə iş, 37 yağlı boya, 51 tikmə, 30 toxuma, 37 dekorativ, 32 muncuqla işlənmiş tablo, 39 gips üzərində oyma, 28 xalça, 18 milli geyim olmaqla, ümumilikdə, 2006 rəsm və əl işi nümayiş etdirilmişdir. Əl işlərinə muxtar respublika sakinləri ilə yanaşı, regionumuzda olan turistlər də böyük maraq göstərmişlər. 10 gün davam edən sərgi-satışın minlərlə ziyarətçisi olmuş, 70 istedadlı qadının 3286 manat dəyərində 490 rəsm və əl işi satılaraq qadınlara ödənilmişdir.

Ardını oxu...

“Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Babək rayonunun Yuxarı Uzunoba Kənd Mərkəzində keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzun­ömürlü olması və möhkəmliyi ilə seçilib. Bu, bir tərəfdən milli və mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından irəli gəlirsə, digər tərəfdən sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülməsi, o cümlədən Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsinin qüvvəyə minməsi, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyətin müəyyən olunması və müvafiq dövlət proqramlarının uğurla icra edilməsi ilə bilavasitə bağlıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin əsas istiqamətlərindən biri də ətraf mühitin qorunması, ekoloji problemlərin həll edilməsi və əlverişli ekoloji mühitin yaradılmasından ibarətdir.
Müxtəlif təbii amillər, həmçinin muxtar respublikada kənd təsərrüfatının, sənaye sahələrinin inkişafı yaşıllıqların əhəmiyyətini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, 2017-ci ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində, şəhər, qəsəbə və kəndlərdə, sututarların, su kanallarının ətrafında, magistral yolların kənarlarında, ümumilikdə, 273,8 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, yeni meyvə bağları salınıb. Yaşıllaşdırma tədbirlərində 196 min 400 meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, bəzək kolları əkilib. Həmçinin nazirlik tərəfindən bəhs olunan dövrdə, ümumilikdə, 65,2 hektar sahədə yaşıllıq zolaqları, meyvə bağları salınıb, 113,6 hektar sahədə ting və toxumla bərpa işləri görülüb.
Payız əkini mövsümündə isə 250 hektardan artıq ərazidə yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulub. Qeyd edək ki, payız əkini, əsasən, muxtar respublikanın kənd təsərrüfatı üçün yararsız sayılan torpaq ərazilərində aparılacaq. Həyata keçiriləcək yaşıllaşdırma tədbirlərində üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Belə ki, qeyd olunan dövrdə, ümumilikdə, 22 hektar sahədə üzüm bağlarının salınması nəzərdə tutulub. Hazırda yaşıllaşdırma tədbirləri aparılacaq ərazilərdə torpaqların əkinə hazırlanması prosesi gedir.

 Səbuhi HƏSƏNOV

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu ilin 9 ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 95 milyon 320 min 764 manat pensiyaçıların şəxsi hesablarına köçürülüb.
2017-ci ilin 9 ayı ərzində fondun gəlirləri 50 milyon 384 min 570 manat olub, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 1847 vətəndaşa əmək pensiyası təyin edilib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi ödəniş metodlarından, o cümlədən onlayn ödəniş sistemindən istifadə davam etdirilib. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının internet və banklar vasitəsilə onlayn qaydada ödənilməsi təmin olunub. Kənd yerlərində fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və torpaq mülkiyyətçisi olan sığorta­edənlərin məcburi dövlət sosial sığorta haqlarını kəndlərdəki poçt şöbələri vasitəsilə ödəməsi işi təşkil edilib.
Ötən dövrdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muxtar respublikada fərdi uçot sisteminin qurulması ilə əlaqədar işlər də davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Kəngərli rayonunda təşkil olunan növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Səxavət Həsənov açaraq əhalinin məşğulluğu istiqamətində görülən işlərdən danışıb.
Qeyd edilib ki, bir insanın əmək fəaliyyəti, məşğulluğu təkcə onun və ailəsinin maddi tələbatının ödənilməsinin təminat vasitəsi kimi dərk olunmur, daha geniş anlamda, ümumən, cəmiyyət və məmləkət üçün faydalı olan, daim yeniliyə, iqtisadi irəliləyişə xidmət edən bir proses kimi dəyərləndirilir. Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədilə aktiv məşğulluq tədbirlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev belə tədbirlərin rayonda fəaliyyət göstərən qurumların ixtisaslı kadrlarla təminatında mühüm rolu olduğunu deyib.
Vurğulanıb ki, muxtar respublikada, eləcə də Kəngərli rayonunda yeni iş yerlərinin açılması, infrastrukturun ən müasir tələblər səviyyəsində qurulması sosial rifahın təmin olunmasına müsbət təsir göstərib. Əmək potensialının keyfiyyətcə yüksəldilməsi, layiqli əməyin təminatı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Sonra yarmarkaya gələnlər boş iş yerləri ilə tanış olublar. 8-i özəl müəssisə, 8-i isə dövlət orqanı olmaqla, ümumilikdə, 16 qurumdan 104 boş iş yerinin çıxarıldığı yarmarkada 17 nəfərə işə göndəriş verilib.

 Səbuhi HÜSEYNOV

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsulluqla mübarizəni əsas istiqamət elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Ölkə başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ölkədə iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsini təmin etmişdir.

Ardını oxu...

Hər kəs bir peşənin sahibidir, lakin bəzi sahələr də var ki, onlarla məşğul olmaq üçün xüsusi istedad lazımdır. Xüsusilə də incəsənətlə. Lakin yalnız istedadlı olmaq da kifayət etməz. Eyni zamanda çalışmaq da lazımdır.
Budəfəki məqaləmizdə fiziki imkanı məhdud olmasına rəğmən, istedad və əzminə güvənən, öz üzərində ciddi çalışan bir şəxsdən – Sənan Salmanovdan danışacağıq. O, dünya işığından məhrum olsa da, bir çoxlarına nümunə olacaq çalışqanlıqla cəmiyyətdə istedadlı şəxs kimi özünə yer tutub.
1969-cu il təvəllüdlü Sənan Salmanov Azərbaycanın incisi sayılan Ordubadın füsunkar təbiətli Unus kəndində dünyaya göz açıb. Üç qardaşı musiqiçidir. Sənan müəllim deyir ki, qardaşlarının biri qarmon, biri nağara, digəri isə kamançada ifa edir. O, tar ifaçısı olmasına baxmayaraq, digər alətlərdə də ifa etməyi qardaşlarından öyrənib.
Sənan müəllim doğulduğu kənd haqqında deyir ki, bu yaşayış məntəqəsinin təmiz havası, gözəl mənzərəsi insana yaradıcılıq şövqü verir. Lakin təəssüf hissi ilə bildirir ki, çox sevdiyi doğma yurdunda, sadəcə, uşaqlıq illərini keçirə bilib. Sonrakı illərdə Bakıda, Gözdən əlillər üçün internat məktəbində təhsil aldığından orada yaşamalı olub. Orta təhsil ilə yanaşı, o, oxuduğu məktəbin nəzdində fəaliyyət göstərən musiqi dərnəyində bu sahənin sirlərini öyrənib. Qısa zamanda öz çalışqanlığı ilə şagirdlər arasında fərqlənən Sənan Salmanov məktəbin keçirdiyi tədbirlərdə fəal iştirak edib. O, 1986-cı ildə təhsilini əla qiymətlərlə başa vurub. Sonra isə musiqi təhsilini davam etdirməyə qərar verib. Beləliklə, bu arzu onun yolunu Mədəni Maarif Texnikumundan salıb. O, burada tar ixtisası üzrə təhsil almağa başlayıb.

Ardını oxu...

Kəpənəklər təbiətin ən gözəl və zərif, xüsusən də uşaqlar tərəfindən sevilən varlıqlarıdır. Elə böyüklər də günəşli bir bahar günündə çiçəyin üzərinə qonan bir kəpənək görəndə çox sevinirlər. Günümüzdə dünyada ölçüsü 1,5-30 santimetr arasında dəyişən kəpənəklər vardır. Onlarda ən diqqəti çəkən məqam isə ömürlərinin çoxunu tırtıl şəklində keçirmələridir. Ancaq sonra bu varlıqlar elə bir gözəlliyə bürünür ki, görənləri heyran edir.

Kəpənəyin həyat hekayəsi bir yaşamaq uğrunda mübarizə hekayəsidir. Yumurtadan kəpənəyə dönmə yolçuluğu təbiətin ən inanılmaz hekayələrindən biridir. Bütün çətinliklərə və təbiətin şıltaqlıqlarına, saylarını qat-qat azaldan quşların amansızlığına rəğmən, müdafiəsiz görünən bu canlıların həyatda qalmaq üçün mübarizələrinin hədiyyəsi isə al-əlvan rəngli qanadlarla keçirdiyi cəmi bir neçə gündür.
Qonşu Türkiyədə adı “Qırmızı kitab”a düşən bir kəpənək növü var. Bu kəpənək növü “Naxçıvan zümrüdü” adlanır. Bəli, heç də səhv oxumadınız. Türkiyədə dərc edilən “Qırmızı kitab”da rəngi zümrüd yaşılı, zərli qanadları ilə göz oxşayan bir kəpənəyin fotosu diqqətimizi cəlb etdi və onun haqqında məlumatı oxuyanda aydın oldu ki, o “Naxçıvan zümrüdü” adlandırılır.
Elmi mənbələrdə “Callophrys”, “Callophrys Danchenkoi” kimi adlar verilən bu kəpənəyin məkanları meşə talaları, daşlı-qayalı yerlər, çay kənarlarıdır. Qanad açıqlığı 1,8 santimetrdir. Kəpənək növləri arasında ən gözəl görünüşlülərdən biridir. Onun uçuşu da ritmik bir musiqi altında süzən birinin rəqsini xatırladır.

Ardını oxu...

  Gözlənilməz hadisələrdən insana dəymiş zərərlərin əvəzinin ödənilməsini təmin edən sığorta sosial-iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bədbəxt hadisələrin daha tez-tez rast gələ bilinəcəyi yerlər arasında istehsalat obyektləri də vardır. Belə ki, müxtəlif işlər zamanı istehsalatda təhlükəsizliyin təmin edilməsi və işçilərin peşə əmək qabiliyyətinin qorunması tədbirləri gündən-günə daha da təkmilləşir, lakin baş verə biləcək gözlənilməz bədbəxt hadisələr qaçınılmaz olduqda bu, həmin insanların əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilir. Belə hadisələrdən zərərçəkmiş insanın özünün və ailəsinin sosial müdafiəsinə xidmət edən icbari sığorta isə mühüm ictimai əhəmiyyət daşıyır. Əgər vaxtında bağlanılmış sığorta müqaviləsi varsa, zərərçəkmiş insanın həyatına, sağlamlığına və əmək qabiliyyətinə dəyən zərərlərin əvəzi sığorta orqanları tərəfindən ödənilir. 

Dövlətimiz tərəfindən vətəndaşların həyatının və sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqidir. Bu sığortanın mahiyyəti insan­larımızın həyatı və sağlamlığına verilən dəyərlə ifadə olunur. Buna görə də həmin sığorta növünə hər bir işçinin gələcəyinin zəmanəti kimi baxmaq olar.
İcbari sığorta növü ölkəmizdə 2010-cu il 11 may tarixdə qəbul edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aparılır. Həyata keçirilən sığorta istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur. İş vaxtı əmək qabiliyyətini itirmiş şəxslərin və ya onların himayəsində olmuş digər insanların maddi təminatında bu ödənişlərin mühüm əhəmiyyəti vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən Babək qəsəbə 1 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.
Tədbirdə Babək rayonu üzrə ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları iştirak edib. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların tədrisdə iştirakının vəziyyəti, onların təhsili ilə bağlı psixoloqlar tərəfindən müşahidələr əsasında hazırlanan fərdi pro­qramlarla bağlı söhbətlər aparılıb.
Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncamla təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına, işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaradıb. Bu istiqamətdə reallaşdırılan aktiv məşğulluq tədbirlərindən biri də əmək yarmarkalarının keçirilməsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, xidmət tərəfindən cari ilin əvvəlində bu məqsədlə muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılıb, müəssisə və təşkilatlarda mövcud olan boş iş yerlərinin hər ay toplanması təmin edilib, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla, müvafiq müəssisələrdə sorğular keçirilib.
Məlumatda bildirilir ki, muxtar respublikada növbəti əmək yarmarkalarına oktyabrın 17-də start veriləcək. Həmin gün tədbir Sədərək rayonunun Heydərabad Qəsəbə Mərkəzində təşkil olunacaq. Oktyabr ayının 18-də Kəngərli rayonunda bu bölgənin işaxtaran sakinlərinə boş iş yerləri təqdim ediləcək. Oktyabrın 19-da keçiriləcək əmək yarmarkasının ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu dövlət qayğısından ayın 20-də yararlana biləcəklər. Ok­tyabrın 24-də ordubadlılara, 25-də babəklilərə, 26-da isə şərurlulara boş iş yerləri təqdim olunacaq.
Naxçıvan şəhərində əmək yarmarkası oktyabr ayının 27-də Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçiriləcək.

 Səbuhi HƏSƏNOV

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin ildən etibarən müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələri genişlənib. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Xəbər verdiyimiz kimi, acarıstanlı aztəminatlı ailələrdən olan, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqlar sentyabr ayının 28-dən etibarən Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçiblər.
Dünən acarıstanlı uşaqlar və onların valideynlərindən ibarət qrup Naxçıvan şəhərinin bir sıra mədəniyyət, idman obyektlərini gəzib, görməli yerləri haqqında ətraflı məlumat alıblar. Gəzinti əsnasında qrupdan bir neçə nəfərlə görüşüb həmsöhbət olmaq imkanı əldə etdik:

Ardını oxu...

 Əcəmi seyrəngahında düşüncələr

Günü-gündən cavanlaşan qədim Naxçıvanım! Nuhun izləri yaşayan diyar! Böyük Mirzə Cəlilin, Hüseyn Cavidin ana Vətəni! Görkəmli dövlət xadimi Heydər Əliyevi dünyaya bəxş edən müqəddəs məmləkət! Səndə tarixlərin çox nişanı var. İllərdir ki, gözəllik sənin yolyoldaşın olub. Bütün fəsillərdə bu gözəlliyi, füsunkarlığı görmək olar. Diyarımıza yenicə qədəm qoyan payızın gözəllikləri də bu yurdun insanlarına özgə bir ovqat bəxş edir. Bu ovqat xəyallarımı illər öncəyə aparır – ilk payız günlərinin birində, şəhərimizin ən gözəl ünvanı olan Əcəmi seyrəngahına. Axşamüstüdür. Seyrəngah insanlarla doludur. Payızın gözəlliyini burada duymağın özü bir gözəllikdir, – deyə düşünürəm. Yadıma gözəl şairimiz Muxtar ­Qasımzadənin misraları düşür:

Təbiət bu yeri gəzib ayrıca
Nə qədər gözəllik bağışlayıbdır.
Günəş zirvələrdən süzüb ayrıca
Dağları yarıdan naxışlayıbdır.

Bəlkə də, payızın bundan gözəl poetik təsvirinə rast gəlməmişəm. Bu sətirlər bir rəssam tablosunu xatırladır, sanki bəstəkar bəstəsidir, dinlədikcə ruhun təzələnir. Sənin payız gözəlliyini, elə bil ki, birinci dəfədir, görürəm. Düşünürəm ki, elə sənin gözəlliyinin ülviyyəti də bundadır. Hər seyr edəndə o gözəlliyin yeni qatları üzə çıxır, sirli-soraqlı bir aləmə aparır adamı. Qeyri­-ixtiyari olaraq üzünə təbəssüm qonur ki, bu yurd mənim yurdumdur, bu payız mənim yurdumun payızıdır.

Ardını oxu...

Oktyabrın 5-də “Duzdağ” otelində Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan acarıstanlı uşaqlarla görüş keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar ­Səfərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından qonaqları salamlayıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin inkişaf etdiyini, bu çərçivədə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın nəticəsi olaraq acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasındakı turizm-sağlamlıq obyektlərinin xidmətlərindən istifadə edən dost ölkələrin vətəndaşlarının, xüsusən uşaqların sağlamlığının bərpa olunması çox sevindiricidir. Ötən illərdəki kimi, bu il sentyabrın 28-dən Duzdağ Fizioterapiya Mərkəzində müalicə edilən acarıstanlı uşaqlar bu dəfə də yüksək qayğı ilə əhatə olunublar. 26 nəfərlik qrupla gəlmiş qonaqlar “Duzdağ” otelində qalıb, Duzdağ şaxtalarının şəfaverici havası ilə təbii şəraitdə müalicə olunublar. Onların asudə vaxtlarının səmərəli keçirilməsi təmin edilib.
Uşaqlar üçün təşkil olunmuş çay süfrəsi arxasında qrupun rəhbəri, ixtisasca həkim olan Marika Xalvaşi həmişə olduğu kimi, bu dəfə də onlara göstərilən yüksək diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. O, burada onlara göstərilən bütün xidmətlərdən çox razı qaldıqlarını diqqətə çatdırıb, Naxçıvandakı qonaqpərvərliyə heyranlıqlarını ifadə edib. Valideynlərdən Nani Jordaniya isə nəvəsinin səhhətinin bu müalicə nəticəsində xeyli yaxşılaşdığını, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra acarıstanlı uşaqlara hədiyyələr təqdim edib.

 Əli CABBAROV

Kəngərli rayonunun timsalında da bunu görmək olar

Davamlı inkişafın təmin edilməsində təkcə iqtisadi artım deyil, təbii və insan ehtiyatlarından səmərəli istifadə, məşğulluq sisteminin inkişafı nəticəsində işsizlik və yoxsulluq səviyyəsinin aradan qaldırılması kimi sosial məsələlər də vacib şərt hesab olunur. 

İnsan fəaliyyətinin bütün sahələrində təzahür edən məşğulluq, bütövlükdə, cəmiyyətin mövcudluğunun maddi-­mənəvi əsası, səmərəli iqtisadi fəaliyyətin nizamlanması üçün mühüm amildir. İnsan əməyi olmadan istehsal prosesini həyata keçirmək mümkün deyil. Ona görə də müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri əmək qabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir.
Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasında formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, insanların etibarlı sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət daşıyır. Regionda sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluğun artırılması istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb.

Ardını oxu...

Muxtar respublikamızda ahıl vətəndaşların, eləcə də təqaüdçülərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün imkanlardan istifadə edilir, bir çox istirahət məkanları onların ixtiyarına verilir. Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubu da pensiyaçıların, ümumiyyətlə, şəhərin yaşlı sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Bu məkana yolu düşənlər burada ağsaqqal sözünün şirinliyini duya, səmimi söhbətlərə, duzlu-məzəli lətifələrə, dilə gətirilən şirin xatirələrə, necə deyərlər, qulaq yoldaşlığı edə bilərlər. Buraya gələnlərin bir çoxunun özlərini canlı ensiklopediya adlandırması da təsadüfi deyil. Naxçıvan şəhərinin keçmişi haqda söhbətlərini dinləməkdən doymursan. Çünki gələnlər, gedənlər, bu dünyanın pəncərəsindən baxıb köksdolusu nəfəs alanlar haqda ən dolğun məlumat bu insanlardadır. Ulu öndərimiz Heydər Əliyev belə insanlar haqda deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”.

Ardını oxu...

Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri bu ünvanı özlərinə doğma ocaq seçiblər

“Bu gün artıq 5 il 3 ay 18-ci günüm keçir bu evdə. Yaşlansam da, yaddaşım zəifləyib, çox şeyi unutsam da, burada keçən günlərimi saymağı bir an belə unutmadım. Çox gözlədim ömrümü qurban verməkdən, bir an belə tərəddüd etmədiyim övladımın yolunu... Bəlkə, nə vaxtsa gələr, axtarar, nəyin var, nəyin yox, xəstələnmisən, elə, bəlkə, ölmüsən? – deyə maraqlanar, amma çox təəssüf ki, nə gəldi, nə axtardı...
– Bilirsən bala, insanı ən çox nə incidir? O, uşaqkən mən onu bir an belə, yanımdan ayırmazdım, heç kimə güvənib, əmanət edə bilməzdim. İndi necə oldu axı məni tanımadığı insanlara əmanət etdi?!”
Bu sözləri hələ illər əvvəl Bakı şəhərində baş çəkdiyim Ahıllar Evində Pakizə nənə mənə demişdi. Hər dəfə yaşlı insanlar ilə görüşə gedəndə qəribə hisslər keçirirəm. Söhbət zamanı bəzən utanaraq, çəkinərək verdiyim suallarla onları üzməməyə çalışsam da, yaşadıqları həyat hekayəsini dinləmək istəyindən də özümü saxlaya bilmirəm. Hər biri də maraqlı, çətin və mübarizələrlə dolu keçən ömrün insanları... Bəzilərinin gözü hələ də yoldadır, bəziləri üçün isə bura ömürlərinin sonunadək yaşayacağı bir doğma ocaqdır. O doğma ocaq ki burada onların təsəlliləri dövlətimizin himayəsi altında olmalarıdır. Elə bizim də. Şahbuz şəhərində yerləşən Ahıllar Evinə bu səfərimdə də məni ora getməyə cəsarətləndirən dövlətimizin bu təbəqədən olan insanlara həssas münasibəti, mənim isə onları ziyarət etməyimlə qazanacağım mənəvi məmnuniyyətim idi.

Ardını oxu...

Son bir neçə ildə olduğu kimi, bu il də Naxçıvan şəhərində, o cümlədən muxtar respublikamızın rayonlarında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Dini Qurumlarla İş üzrə İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilib.
Oktyabrın 1-də keçirilən Aşura mərasimlərində Naxçıvan şəhərində 3 məsciddə, Muxtar Respublika Xəstəxanasında 71 nəfərdən 35, Doğum Mərkəzində 70 nəfərdən 21, Diaqnostika-Müalicə Mərkəzində 59 nəfərdən 29,5 litr qan götürülüb. Rayon mərkəzi xəstəxanaları üzrə Şərur rayonunda 55 nəfərdən 20, Sədərək rayonunda 28 nəfərdən 14, Kəngərli rayonunda 99 nəfərdən 40, Şahbuz rayonunda 26 nəfərdən 9, Culfa rayonunda 68 nəfərdən 22, Ordubad rayonunda 31 nəfərdən 13, Babək rayonunda isə 38 nəfərdən 11 litr qan götürülüb. Bütövlükdə, muxtar respublika üzrə 545 nəfərdən 217,5 litr qan tədarük olunub.

Ardını oxu...

Parklarda, istirahət məkanlarında və ya azyaşlı uşaqlar olan ailələrdə “qaçma”, “nadinclik etmə”, “yavaş ol, yıxılacaqsan” kimi ifadələri gündəlik həyatımızda çox eşidirik. Əksər valideynlər övladlarının bu hərəkətlərini ərköyünlüklə əlaqələndirir, bu xüsusiyyətlərə görə onları  “nadinc uşaq” adlandırırlar. Bəs bu, həqiqətən belədirmi? Bəlkə, övladınızın hiperaktiv olması ilə əlaqədardır?

Əvvəlcə tibdə “hiperdinamik sindromu” adlandırılan hiperaktivlik barədə mütəxəssis fikirlərini öyrənək. Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov deyir ki, hiperdinamik sindrom uşaqlarda 7 yaşına qədər müşahidə olunan hərəki oyanıqlıq, diqqətin yayınması ilə müşayiət olunan pozuntudur. Səbəbi əvvəllər, əsasən, baş beyində olan xəstəliklərlə – travma, neyroinfeksiya və digər xəstəliklərlə əlaqələndirilib. Son zamanlar isə əsas səbəb kimi genetik amillər göstərilir.
Hiperaktivliyin əsas əlamətləri diqqətin yayınması, bir yerdə qərar tutmamaq, tələskənlik, impulsivlikdir. Adətən, bu, məktəbəqədər dövrdə, yəni 3-5 yaşlarda aşkar olunur. Lakin əsas əlamətlər məktəb dövründə daha çox diqqəti cəlb edir. Belə ki, uşaq dərslərdə əziyyət çəkir, onun qavrama qabiliyyəti aşağı səviyyədə olur. Belə uşaqlar parta arxasında düzgün oturmur, tez-tez yerini dəyişir, cüzi məhdudiyyətin tətbiqi onlarda kəskin narahatlıq yaradır. Uşaqlar bir tərəfdən qıcıqlı, emosional dəyişkən olur, bununla yanaşı, tez inciyib-küsürlər. Əqli inkişafın normal həddə olmasına baxmayaraq, çoxhərəkətlilik və diqqət cəmlənməsinin pozulması intellektual fəaliyyətdə məhdudiyyət yaradır. Onların intellektual qabiliyyəti hər hansı bir fəaliyyət maraq oyatdığı anda aşkara çıxır.

Ardını oxu...

Beynəlxalq Ahıllar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən silsilə tədbirlərin davamı olaraq Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri ilə görüş keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikada dinamik inkişafın təmin edilməsi, ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına şərait yaradıb. Ahıl insanların sağlamlıqlarının qorunmasına, yaşayış səviyyəsinin yüksəlməsinə xüsusi önəm verilir, onların yubileyləri, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd olunur.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev çıxışında bildirib ki, rayonda yaşayan ahılların sosial vəziyyətlərinin yaxşılaşması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Ahıllar Evi sakinlərinin rahat yaşaması üçün hərtərəfli şərait yaradılıb. Onlara mütəmadi olaraq tibbi və sosial reabilitasiya xidməti göstərilir.

Ardını oxu...

  Sentyabrın 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına uyğun olaraq sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma sənəti üzrə peşə kursları təşkil olunur. Bunun da nəticəsində muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, yeni yaradıcılıq nümunələri yaradılır.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Xalqımızın ümummilli lideri ­Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bu gün ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham ­Əliyevin diqqət mərkəzindədir. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inte­qrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.

Ardını oxu...

Naxçıvan şəhərində onlarla bulaq və çeşmə var. Hər birinin də öz tarixçəsi, öz adı mövcuddur. Bəzən böyük məhəllələri belə, orada çağlayan bulaqların, çeşmələrin adı ilə adlandırıblar. Belə məkanlar əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəməklə yanaşı, həm də insanların toplaşdığı, hansısa bir məsələni müzakirə etdiyi yerlər olub. Əgər diqqət etsəniz, görərsiniz ki, Naxçıvanın bütün bölgələrində kəhrizlərin elə lap yaxınlığında məscidlər və meydanlar yerləşir.

Qədim dövrlərdən kəhrizlər insanların karına gəlib, kankanlar uzaq məsafələrdən suyu gətirmək üçün böyük zəhmət çəkərək kəhrizlər yaradıb, bu yolla yaşayış məntəqələrinin suya olan tələbatını ödəyə ­biliblər.
Bu gün Naxçıvanda bol su sərfiyyatı ilə tanınan kəhrizlər çoxdur. Təkcə Naxçıvan şəhərində 30-dan çox kəhrizin mövcudluğu yazılı və şifahi mənbələrdən bizə məlumdur. Lülə, Xan, Ağamalı, Kiçik çeşmə, Kazım Qarabəkir, Mirzə Bədəl, Çuxur və sair kəhrizlər Naxçıvan və ətraf ərazilərdə yaşayan insanların istifadə etdikləri su mənbələridir. Həmin sərvətlərdən bu gün də yararlanırlar. Dünyanın bir sıra yerlərində içməli su qıtlığı olduğu halda, qorunub saxlanan su abidələrimiz bizə bu problemi yaşatmır.

Ardını oxu...

Məlumdur ki, yeniyetmələr olan bəzi ailələrdə valideyn-övlad münasibətlərində narazılıqlar, konfliktlər, aqressiv münasibətin yaranması ehtimalı mövcuddur. Bu cür problemlərin olması valideynin onlara olan münasibətindən asılıdır. Müşahidələrimiz zamanı yeniyetmələrdə bəzi hallarda aqressivliyin artması qeydə alınır. Yeniyetmə aqressivliyini bəzən qrup şəklində də müşahidə edirik. Onlar tərəfindən qrup halında birgə törədilən antisosial hərəkətlər yeniyetmələrin, sözün mənfi mənasında, qrup həmrəyliyi hissini möhkəmləndirir. Bəzən belə hərəkətlər eyforiya vəziyyəti səviyyəsinə çatır ki, yeniyetmələr özləri də bunun səbəbini izah edə bilmirlər.

Professor Oruc Həsənli deyir ki, aqressiv uşaqlar, bir qayda olaraq, uşaqlar və valideynlər arasında məsafənin böyük olduğu, valideynlərin övladlarının inkişafı ilə maraqlanmadığı ailələrdə böyüyürlər. Bundan başqa, belə uşaqlar isti münasibət və nəvazişin çatışmadığı, uşaq aqressivliyinə münasibətdə laqeyd olan, səbirli intizam üsulu kimi qayğılı izahatlar əvəzinə zorakı metodların, xüsusilə fiziki cəzaların istifadə olunduğu ailələrdə yetişirlər.
Uşağın düzgün olmayan davranışına valideynlərin reaksiyası valideyn və uşaqlar arasındakı münasibətlərin xarakteri, ailə harmoniyasının və ya disharmoniyasının səviyyəsi, doğma bacı və qardaşlarla münasibətin ölçüsü uşağın ailədə və ondan kənarda aqressiv davranışını müəyyən edən amildir. Bu problemlər onun ətrafdakılarla münasibətinə təsir edir. Əgər uşaqların bir və ya hər iki valideynlə münasibəti pisdirsə (hansı yaş dövrü olmasından asılı olmayaraq), əgər onlar özlərini hər cəhətdən yararsız hesab edir və valideyn dəstəyini duymayırlarsa, ətrafa qarşı aqressiv ola bilərlər. Başqa uşaqlara hücum etmələri də mümkündür. Yaşıdları isə aqressiv olduqları üçün onlarla yoldaşlıqdan imtina edəcəklər.

Ardını oxu...

Əfsanələrə görə, şaftalı “Sehrli meyvə” olmaqla uzunömürlülük simvoludur. Şaftalı şirəsi ürək ritminin pozulması, qanazlığı, qarın xəstəlikləri zamanı qəbul olunur. Dərini qidalandırır və onun hüceyrələrinin yeniləşməsinə kömək edir.

Şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır. Onun tərkibindəki C vitamini orqanizmi virus və infeksiyalardan qoruyur, A vitamini itigörmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir. Şaftalı arıqlamaq üçün də əla vasitədir. Bir şaftalıda cəmi 50 kilokalori enerji olsa da, o uzun müddət toxluq hissi yaradır. Nahardan sonra da əla desert sayılır. Bu dadlı meyvə həm də əhvalı yaxşılaşdırır, yuxusuzluğu, depressiyanı aradan qaldırır. Zəngin B qrupu vitaminlərinin qaynağıdır. Yuxunu normallaşdırır, stresin öhdəsindən gəlməyə kömək edir. Şaftalının özünəməxsus ətri var. Bu meyvənin iki çeşidi daha çox tanınır: ağımtıl şaftalı daha şirin, sarımtıl şaftalı isə daha ətirli olur.

Ardını oxu...

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri, təbii su poten­sialı nəzərə alınaraq ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşə­salma və meşəbərpa tədbirlərinə diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Qeyd edək ki, ötən illərdə görülən işlər sayəsində muxtar respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin coğrafiyası xeyli genişlənib. 

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisinin 12131,0 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamlarla 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə isə “Arpa­çay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Hazırda muxtar respublikada böyük əraziləri əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq mövcuddur. Ümumilikdə isə muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ay aktiv məşğulluq tədbirlərini davam etdirmiş, 232 nəfər məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə, 25 nəfər müvafiq peşə kurslarına göndərilmiş, 2 nəfər isə kənd­lərdə xidmət mərkəzlərində müvafiq işlə təmin olunmuşdur.
Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşə sahələri üzrə kurslar təşkil olunmuşdur. Ay ərzində bərbər-manikürçü peşəsi üzrə kursu 12, qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə ixtisasartırma kursunu isə 7 nəfər bitirmişdir. Hazırda bərbər, elektrik mon­tyoru, aşpaz köməkçisi və Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində ağac üzərində oyma peşələri üzrə kurslar davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən avqustun 18-də Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarından olan və uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailənin hər birinə fərdi təsərrüfatlarını qurmaq üçün bir ədəd yanında balası olan inək verilmişdir.

Ardını oxu...

2010-cu ildən fəaliyyətə başlayan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin tədrisi və reabilitasiyası məqsədilə müxtəlif sosial xidmətlər göstərir. 2013-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Defektoloji bölmə yaradılmışdır. Defektoloji bölmənin təşkilində əsas məqsəd muxtar respublikada yaşayan, zehni və nitq inkişafının ləngiməsi olan uşaqların reabilitasiyasını təmin etməkdir. Bölmənin təlim otağı elektron lövhə və digər tədris ləvazimatları ilə təmin edilmişdir.

Ardını oxu...

Bu il avqustun 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqətin artırılması ilə bağlı tapşırıq verib.
Hazırda “Naxçıvanqaz” İstehsalat Birliyinə tabe şəhər, rayon qaz istismar idarələrində, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına qrup halında cəlb olunmaları təşkil edilir. Fəaliyyətə başladığı gündən indiyədək Naxçıvan Regional Peşə Tədris Mərkəzində sözügedən ixtisasartırma kurslarına 55 nəfər işçi cəlb olunub. Cari ilin sentyabr ayında növbəti kursa başlanılıb. Kursun tədris müddəti iki aydır. Burada dərsləri “Naxçıvanqaz” İstehsalat Birliyinin aparıcı mühəndisi Vaqif İsmayılov tədris edir. Kursun sonunda müdavimlər ilk peşə-ixtisas təhsili haqqında sertifikat alacaqlar.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Təhsil müəssisələri üçün müasir üslubda yeni inzibati binalar tikilir, tədris ocaqları üçün zəruri olan şərait yaradılır, ən yeni texnologiyalar tədris prosesində tətbiq olunur. 

Təhsil müəssisələrinin inzibati binalarını, əmlakını mühafizə etmək, o cümlədən onları yanğından qorumaq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu səbəbdən idarənin əməkdaşları tərəfindən Naxçıvan şəhəri və rayonlarda yerləşən ümumtəhsil və tam orta məktəblərin, liseylərin, universitetlərin və uşaq bağçalarının inzibati binalarında yanğından mühafizə tədbirlərinin aparılması məqsədilə baxışlar keçirilib. Baxışlar zamanı binalarda mövcud olan yanğınsöndürmə vasitələrinin, daxili yanğın su kranlarının və odsöndürücü balonların vəziyyəti yoxlanılıb, onların istifadə və tətbiqi qaydaları praktik olaraq təhkim olunmuş cavabdeh şəxslərə öyrədilərək izahat işləri aparılıb. Eləcə də görülən işlərin davamı olaraq təhsil müəssisələrində və uşaq bağçalarında qış mövsümü dövründə qaz və elektrik təsərrüfatından düzgün istifadə olunması, xüsusən istilik sistemi olmayan və neft sobaları ilə qızdırılan məktəblərdə sobaların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun qurulması və onların istifadəsi, istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunması haqqında ətraflı məlumatlar verilərək izahat işləri aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Həmin dövlət sənədinə uyğun olaraq Babək rayonunda da əhalinin məşğulluğunun təmin olunması diqqət mərkəzində saxlanılıb.
Babək Rayon Məşğulluq Mərkəzindən aldığımız məlumata görə, cari ilin 6 ayı ərzində 206 işaxtaran vətəndaş qeydiyyata alınıb. Bu vətəndaşların 190-ı daimi işlə təmin olunub. Onların 55-i 18-29 yaşadək olan gənclərdir. Son olaraq avqust ayının 3-də keçirilən əmək yarmarkasında 20 işaxtaran vətəndaşa göndəriş verilib və onlar işlə təmin olunub, 32 vətəndaş isə müxtəlif peşə kurslarına göndərilib.
Qeyd edək ki, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin yaxşı təhsil almaları üçün əlverişli şərait yaradılıb. Burada təşkil olunan peşələrə uyğun ixtisaslaşdırılmış sinif otaqları vardır. Əmək bazarındakı tələbi nəzərə alaraq mərkəzdə bərbər, ofisiant, aşpaz köməkçisi, kabel lehimləyicisi və elektrik montyoru, qazanxana maşinisti, dərzi və digər kurslar təşkil edilib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, avqust ayının 25-dən etibarən Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və muxtar respublikamızın rayon mərkəzlərində məktəbli yarmarkaları təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən məktəbli yarmarkaları artıq ənənəvi hal alıb. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Həm qiymətlərin ucuzlaşmasına, həm də süni qiymət artımına nəzarətin güclənməsinə səbəb olan yarmarkalar övladlarını məktəbə yola salmağa hazır­laşan valideynlərin işini xeyli asanlaşdırıb. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır. Yarmarkada olarkən söhbətləşdiyimiz valideynlər yaradılmış şəraitdən razılıq etdilər.
Zöhrab Ağayev: – Hər bir valideyn çalışır ki, yeni tədris ilində övladına yeni məktəbli forması, dərs ləvazimatları alsın. Əvvəllər satıcılar alıcılara yüksək qiymətlərlə məhsullar təklif edirdilər. Düşünürdülər ki, valideynlər nə olursa-olsun, həmin ləvazimatları almağa məcburdur. İndi isə təşkil edilən belə yarmarkalar həm süni qiymət artımının, həm də məktəb ləvazimatlarının qanunsuz küçə satışının qarşısını alıb. Bu isə həm xərclərin optimallaşdırılması, həm də daha keyfiyyətli ləvazimatlar əldə etmək baxımından əhəmiyyətlidir.

Ardını oxu...

Sentyabrın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə şəhərdə sığorta işinin mövcud vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı tədbir keçirib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov giriş sözü ilə çıxış edərək son dövrlərdə şəhərdə sığorta sahəsində görülmüş işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, baş vermiş müxtəlif gözlənilməz hadisələrə qarşı vaxtında sığorta olunmaq dəymiş zərərlərin qısa müddətdə bərpa edilməsinə şərait yaradır. Belə ki, sığorta hadisələrinin vurduğu zərərlərə görə verilən ödənişlər insanlara maddi kömək üçün mühüm bir vasitədir.

Ardını oxu...

Ölkəmizin iqtisadi potensialının sürətlə artması və regionların inkişafı müasir texniki-peşə təhsili qarşısında yeni tələblər qoyur.
Naxçıvan Muxtar Respublikasında da hazırda əmək bazarında ixtisaslı kadrlara yaranan tələbatın ödənilməsində peşə təhsili müəssisələrinin böyük rolu var. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi texniki-peşə təhsili müəssisələrinin fəaliyyətini daha da genişləndirib. Buna görədir ki, hər il bu təhsil ocaqlarında əmək bazarının tələbatına uyğun olaraq müxtəlif ixtisaslar üzrə kurslar təşkil olunur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə, sentyabrın 5-dən nazir­liyin tabeliyində fəaliyyət göstərən Şərur və Ordubad Texniki-Peşə və Sürücülük məktəblərində, eyni zamanda Naxçıvan Şəhər Peşə Liseyində qazanxana maşinisti ixtisası üzrə kurslar təşkil olunub. Adıçəkilən təhsil müəssisələrinin hər birində 18 nəfər bu ixtisasa yiyələnməklə, sonda test imtahanına cəlb edilərək sertifikat alacaq. Kurs müddətində müdavimlər həm nəzəri, həm də praktik metodlarla cəlb olunduqları peşənin sirlərinə yiyələnəcəklər. Təhsil müddəti bir aydır. Bu həftədən başlayaraq həmin peşə təhsili müəssisələrində gözətçi kursları başlanılacaq.

Xəbərlər şöbəsi

İctimai iaşə fəaliyyəti bütün zamanlarda gəlirli sahələrdən olub. Məhz buna görə də müasir dövrümüzdə də bu sahəyə maraq kifayət qədər böyükdür. Əhali gəlirlərinin artması həmin sahənin inkişafına təsir edən əsas amillərdəndir. İctimai iaşə obyektləri dedikdə, əsasən, restoran, kafe, yeməkxana, bərbərxana, gözəllik salonu və sair nəzərdə tutulur. Muxtar respublikamızda bu sahədə son illər xeyli irəliləyişlər var, yeni ictimai iaşə obyektlərinin sayı hər il artır.

Bəs ictimai iaşə obyekti hansı tələblərə cavab verməlidir? Həmin obyektlər, ilk növbədə, restoran və yeməkxanalar ərzaq məhsullarını lazımi şəraitdə saxlamaq üçün soyuducu və digər zəruri avadanlıqlarla təchiz edilməlidir. Həmçinin bu məkanlarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək və rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlar da olmalıdır. Xidmət zalında temperaturun tənzimlənməsi məqsədilə optimal havalandırma sistemi qurulmalı, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına daim nəzarət edilməlidir. Ən əsası da gigiyenik qaydalara ciddi əməl olunmalıdır.

Ardını oxu...

Xalqımız İslam aləminin müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramını qeyd edir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrəti İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlığı təlqin edir. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər yerindən Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir. “Qurban” sözü lüğəti mənada “yaxınlaşmaq” dеməkdir. Yəni qurban kəsən hər bir kəs bu əməli ilə Allaha yaxınlaşır.

Allah dərgahında kəsilən qurbanlar ruhi dəyərlərin paklanmasında, insanların xeyirxah əməllər ətrafında birləşməsində mühüm rol oynayır. Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə də müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Uca Tanrıya məhəbbətin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına xidmət etmişdir. Yüksək insani keyfiyyətlərdən olan dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınmışdır. “Qurani-Kərim”in “Kəvsər” surəsində deyilir: “Rəbbin üçün namaz qıl və qurban kəs. “De ki: “Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür”, “Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər”. Bundan əlavə, Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur ki: “Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir”.

Ardını oxu...

Təxminən, bir ay bundan əvvəl Bakı şəhərində yaşayan köhnə tanışlardan biri bir neçə günlüyə Naxçıvana qonaq gəlmişdi. Naxçıvanda heç zaman olmayan bu tanışıma gündəlik iş-gücdən bir neçə saat vaxt ayırıb şəhəri gəzdirmək imkanım olmuşdu. Tarixlə mədəniyyətin birgə nəfəs aldığı Naxçıvanın sürətli inkişafı qonağın da nəzərindən qaçmamış, əldə etdiyi təəssüratları bizimlə bölüşməkdən də çəkinməmişdi. Təbii ki, Naxçıvana gəlib Duzdağı görməməyin qəbahət olduğunu mağaranı gördükdən sonra tanışımın dilindən eşitməyim mənim üçün xoş bir duyğu idi. Bu xoşluğa təəssüf hissi qatan isə tanışımın: “Təəssüf ki, indiyədək Duzdağı dünyaya yetərincə tanıda bilməmişik” deməsi idi. Məhz bu fikirlər, təxminən, 20 il bundan əvvəl turist kimi olduğum bir əcaib muzeydən aldığım təəssüratları xatırlamağıma və indi oxuyacağınız bu yazının yazılmasına vəsilə oldu...

...Rus elitasının mərkəzi sayılan Sankt-Peterburq şəhərində bir muzey var. Bu muzey, sözün əsl mənasında, qeyri-adiliyi və çoxlarının dediyi kimi əcaibliyi ilə seçilir. Bəlkə də, oxucularımız arasında da həmin muzeydə olanlar var. Söhbət əsl adı “Kunstkamera” (almancadan tərcümədə nadir incəsənət əşyaları muzeyi) olan və I Pyotrun adını daşıyan Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyindən gedir.

Ardını oxu...

Bu günlərdə dəvət olunduğum bir toy məclisi çoxdandır beynimi qurcalayan fikirləri, nəhayət, qələmə almağa vadar etdi. Söhbət yenə də ayrı-ayrılıqda hər birimizin yaralı yeri olan, son dövrlərdə ictimai müzakirə mövzusuna çevrilən xeyir-şər mərasimlərimizə  xas adət-ənənələrimizdən gedir. İlk olaraq yas mərasimlərimizdən yazmaq istədim. Ona görə yox ki, “Şər deməsən, xeyir gəlməz!” deyimini əsas götürdüm. Ona görə ki, toylarımıza nisbətən yas mərasimlərindəki vəziyyət çox-çox qənaətbəxşdir. 

Ölən yazıq olur, yoxsa qalan?

Bu gün Naxçıvanda yas mərasimlərində israfçılığın aradan qaldırılması yerli əhali tərəfindən böyük savab iş kimi minnətdarlıq hissləri ilə qarşılanır. Hətta Azərbaycanın Gəncə və digər bölgələrində ilk dəfə Naxçıvanda atılan bu addımdan ideal nümunə kimi faydalanmağa başlanılıb. Yoxsa ki, insanlar bilmirdi ağır itkilərinin, faciələrinin dərdini çəksinlər, ya məclis üçün növbənöv ehsan tədarükündə olsunlar. Qəbiristanlıqlarda aparılan abadlıq, səliqə-sahman işləri də sakinlərin ürəyincədir. Vaxtilə qəbiristanlıqlarda “məzarüstü abidələr ucaldıb”, ətrafında “memarlıq kompozisiyaları” yaradanları, sağ ikən özlərini burada “qeydiyyata saldırıb” şəxsi mülkləri kimi ərazi hasarlayıb zəbt edənləri görəndə fikirləşirdim: bəziləri xeyirxahlıq, humanizm, ədalət hissləri təlqin edən “İnsan gərək o biri dünyasını fikirləşə!” kəlamını, deyəsən, səhv anlayırlar. Nə dinə, nə mənəviyyata sığan bu əməllərin yalnız bir adı var: şöhrətpərəstlik azarı. Özü də elə adamlar bunu edir ki, həmin “əzizlərini” sağ ikən, ağır yataqda ikən günlərlə arayıb-axtarmayıblar. Heç bundan sonra mərhumun ailəsini, uşaqlarını düşünüb onlara maddi-mənəvi dəstək olmaq fikrində də deyillər. Əksinə, bəlkə də, elə günü sabah mülk davasına qalxacaqlar. Təki el-aləm mərhuma olan məhəbbətin dərəcəsinə heyran olsun. Digər bir “ölüyə məhəbbət nişanəsi” də şəhərin bu başından o başına uzanan dəfn karvanlarıdır. Hansısa zəruri işini, problemini bir kənara atıb, vacib işlərini yarımçıq qoyub dəfnə qaçan “könüllülər dəstəsi” yolda bir tıxac yaradırlar ki, gəl görəsən. Özü də heç də təmənnasız deyil ha, gərək sən də sabah mütləq filankəsin filankəsinin dəfnində necə olursa-olsun mütləq iştirak edib borcundan çıxasan. Xeyirdə-şərdə insanların bir-birinə mənəvi dəstək olmaları xalqımızın qədim adət-ənənəsidir. Lakin xeyir də, şər də insanların əzizləri, doğmaları üçündür. Qısa müddətə də olsa, bu, bütün şəhərin, məmləkətin gündəlik həyatına, iş-yaşayış ahənginə mane olmamalıdır axı. Qaldı ki, üçü, yeddisi, cümə axşamları, qırxı. Xüsusilə də bina evlərində (bu yerdə muxtar respublikanın ayrı-ayrı rayonlarında mərasim evlərinin tikilməsinin xüsusi razılıqla qarşılandığını xatırlatmaq istəyərdim) qadınlar qeybət eləməli olsalar da, hüzr yerində mütləq bir saat, saat yarım oturmalıdırlar. Gələnlər çöldə gözləsələr də, ev adamının tünlükdən, qulluq eləməkdən nəfəsi kəsilsə də olar. Tez durmaq yas sahibinə hörmətsizlikdir axı? Sabah o da eyni cür rəftar edə bilər. Əlqərəz, ölən ölüb gedir, vay qalanın halına. Bəzən hər şeydə olduğu kimi, yasda da, toyda da həddindən artıq ifrata varırıq. Bu da quru şöhrətpərəstlikdən, eqoizmdən, lovğalanmaqdan və bir də dahi Mirzə Cəlil demişkən, təqlidçilik azarından irəli gəlir. Keçək toylarımıza.

Toy, toy, toydu bu gün

Ümumiyyətlə, yığıncaq keçirməyə son vaxtlar, necə deyərlər, bir növ adətkərdə olmuşuq. Uşaq anadan oldumu, onun gələcək sağlamlığı, hərtərəfli müayinəsi və düzgün qidalanması qeydinə qalmaq əvəzinə onu doğum evindən xüsusi bəzədilmiş cah-cəlallı xarici maşında, kamera çəkilişinin müşayiətilə təmtəraqla çıxarmalıyıq. Körpəyə adqoydu, yeddi mərasimi, ad günləri də öz qaydasında, dəbdəbəli şəkildə keçirilməlidir. Kiçik toyları – müsəlmançılıqla bağlı bir adəti restoranlarda, içki məclisi ilə, xarici rəqslərlə qeyd eləməyin də bir özgə ləzzəti var. Bəzən öz şöhrətpərəstlik şakərimizdən ötrü hələ heç nə dərk etməyən yazıq uşaqları da bir neçə saatlığa “bəy stulunda” farağat əyləşməyə məhkum edirik.
Övladın ali məktəbə qəbul oldumu, bir təmtəraqlı stol, bitirdimi bir təmtəraqlı stol, əsgərliyə getdimi bir təmtəraqlı stol, qayıtdımı bir təmtəraqlı stol və sair və ilaxır. Mən heç də insanın əziz, şad günlərini qeyd etməyin əleyhinə deyiləm. Əksinə, yarıkönül gəlib boğazdanyuxarı mübarəkbadlıq verən qeyri-səmimi insanlarla eyni süfrəni, daxili sevinci paylaşmaqla yalançı sosiallaşmanın, yalnız sənə aid olan əziz, yaddaqalan bir günü mənasızlaşdırmağın, cılızlaşdırmağın əleyhinəyəm. Belə əlamətdar günləri ən yaxın ailə üzvləri, doğmalarla qeyd etməyə çox vaxt şöhrətpərəstlik azarımız, pul yığmaq məqsədimiz yol vermir. Əvəzində isə bir də ayılırıq ki, başımız bu növ vacib əməllərə o qədər qarışıb ki, övladlarımızın təlim-tərbiyəsini, təhsilini unutmuşuq, onlardan mənən, ruhən nə qədər uzaqlaşmışıq, yadlaşmışıq. Bu zamanı və pulları onların mənəvi tərbiyəsinə, fiziki və psixoloji sağlamlığına, asudə vaxtlarını səmərəli keçirmələrinə, onlara mədəni zövq aşılamağa sərf etsək, daha hərtərəfli dünyagörüşə malik, müasir düşüncəli, özünəinamlı, intellektli və istedadlı gənclər yetişdirə bilərik. Bu sərmayəni daha əhəmiyyətli, mühüm perspektivli işlərə – səyahətlərə, mütaliə üçün maraqlı ədəbiyyatlar seçməyə, övladlarımızın dil öyrənmələrinə, əyləncə və istirahətlərinin mənalı təşkilinə yatırmaq olmazmı? Belədə, həm də elə ilk vaxtlardan övladlarımızın istedad və qabiliyyətlərini, maraq dairəsini kəşf edə bilərik.

Toya qədər sən küsməsən, toydan sonra düzələr (?!)

Elə ki iki gəncin ailə qurmaq niyyətini bildik, təbii ki, əgər ona da ciddi müdaxilə etmiriksə, düşürük əl-ayağa, vur-çatlasına. Bütün umu-küsülər, tərəflərarası münaqişələr də bundan sonra başlayır. Bəs neçə dəfə elçi gəlinməlidir, özü də elçilər Anarın “Evləri köndələn yar” əsərindəki kimi mütləq üç akademik, beş professor, ya da ən azından elmlər namizədi olmalıdır. Gəlinə qızıl və digər zinət əşyaları hansı bahalıqda alınmalıdır, cehizlik mebellər hansı məşhur xarici firmanın olmalıdır? Başlıq parası da ki öz yerində, qanı qiymətinə. Yeni yaranacaq ailənin psixoloji-fizioloji sağlamlıqları qeydinə qalmaq, lazım gələrsə tibbi müayinələrə, həkim məsləhətinə yönəltmək, gəncləri “ailə” adlanan kiçik dövlət quruculu­ğuna mənəvi-psixoloji cəhətdən hazırlamaq, ailədaxili münasibətlərin qurulduğu ilkin mərhələdə onlara dəstək olmaq əvəzinə öz “biznesimizi inkişaf etdiririk”.
Qədimdə nənə-babalarımız bir üzük, bir dənə də qırmızı yaylıqla gediblər bəlgəyə. Sonra da qonum-qonşu yığışıb hərə əlindən qopandan nə bacarırsa kömək etməklə, gənc ailənin zəruri ehtiyaclarını ödəməklə yeni qurulan ailəyə maddi və mənəvi dəstək olublar. Çox sadə, təmiz-talaq, mənəvi paklıq və halallıq üzərində qurulan ailələrin ömrü də uzun olub. Çünki gənclər də belə görüb-götürdüklərinə görə könlü-gözü tox olublar. Elə çox­uşaqlılıq da belə xoşbəxt ailələrin bəzəyi olub. Biz isə özümüz də bilmədən toy etmirik ey, özümüz-özümüzə lap toy tuturuq. Gənc ailəyə bolluca problemlər qoyuruq. Qır-qızıl, cer-cehiz, toy xərcini ödəməkdən lap nəfəsimiz kəsilir. Bir tərəfdən də vaxtilə toya gələn adamların toy borclarını qaytarmaq. Üstəlik də maddi rəqabət, şöhrətpərəstlik təməli bu cür qurulan ailələrin ömürlük yolyoldaşı olur. Gəlin deyir: “Bəs mənim filankəsin qızı, filankəsin gəlinindən nəyim kəm-kəsirdi ki, ona təkqaşlı brilyant, ağ qızıl, filan karatlıq komplekt gətiriblər, mənə yox?” Qayınana da: “Qonşular gələndə ananın verdiyi cehizi ortalığa çıxarmağa xəcalət çəkirəm. Atan niyə kürəkəninə maşın, ev almadı?” – deyə qeyzlənir. Bütün bu problemlər də ailələrin qısa zamanda dağılmasına, boşanmalara səbəb olur.
Hə, onu deyirdim axı. Qayıdaq toyqabağı “toylara”. Xınayaxma mərasimlərimiz həddindən artıq dəbdəbələşdirilib, yadlaşdırılıb. “Ciyər axşamı” deyilən toyqabağı axşamda da, çox təəssüf ki, bəzən ciyəryeyənlərin içki məclisinin səhərə qədər davam etməsi, hətta dava-dalaşla nəticələnməsi kimi neqativ hallara da rast gəlinir. Ev adamı da bilmir ki, sabahkı toy tədarükünün qeydinə qalsın, yoxsa bu məclisdəkilərə qulluq eləsin.
Toylarımız da ki xoşbəxtlik təzahürü, mədəni istirahət, mənəvi zövq üçün yox, sanki ancaq bolluca yeyib-içmək üçün nəzərdə tutulur. Elə bil kimsə sabahdan aclıq başlayacağı xəbərini verib. Cürbəcür salatlar, isti yeməklər, çərəz, meyvə, tort, dondurma, kürü, daha nə bilim nələr. Sonra da az qala bir həftə sağlamlıq problemləri yaşayırıq. İllah da ki, yayın cırhacırı ola. Tez xarab olan salat və ət yeməklərindən, keyfiyyətsiz içkilərdən, köhnəni təzəyə qatan restoran sahiblərinin mərhəmətinin bərəkətindən toydan sonrakı kütləvi zəhərlənmə halları azmı olur? Yeməklərin növ və çeşidinə diqqət etməklə həm ifrat israfçılığın qabağını almış olar, həm də əlavə xərclərdən yüngülləşməklə “nə edim, kimləri çağırım ki, toyun xərcini batırmayım?” problemi qarşısında qalmarıq. Toya dəvət məsələsi də elə buradan qaynaqlanan problemdir ki, xərci borcunu ödəsin deyə ucdantutma, yolüstü salamlaşdığımız adamları da toya çağırmaqla süni qələbəlik yaradır, bu da qonaqlara lazımi diqqət göstərə bilməməyimizə səbəb olur. Məgər özümüz də eynilə gözlənilməz toy dəvətnaməsinə ağızbüzən əks-tərəfin durumuna düşməmişik­mi? Elə isə menyuya da, çağırılan qonaqların sayına da qənaət etməklə həm özümüzü, həm da başqalarını razı salmış olarıq.
Gələk daha əsas mətləbə. Toy iki gəncin qovuşduğu, yeni bir ailənin təməlinin qoyulduğu elə bir əlamətdar gündür ki, heç vaxt unudulmur. Yaddaşlarda, videokadrlarda yaşayır. Toyu əvvəlcədən hazırlanmış elə mənalı ssenari əsasında təşkil etmək lazımdır ki, hər anı xoş xatirələrlə yaddaqalan olsun. Hər dəfə o kadrlara mənəvi zövq ala-ala, təkrar-təkrar baxa bilək. Amma çox təəssüf ki, bugünkü toylarımızda ruhumuzu oxşayan milli musiqilərimizə, xalq mahnı və rəqslərinə, sümüyə düşən qara zurna, telli saz havalarına çox az yer verilir. Hanı əvvəlki toylarımızın zinəti olan yallılarımız, “Süleymanı”, “Uzundərə”, “Naz eləmə”, “Qaytağı” kimi oynaq, şux və nəhayət, özümüzün olan rəqslərimiz? Təəssüf ki, bütün başqa millətlərin hər janrda olan musiqilərindən rast gəlmək olur müasir toylarımızda. Ya da ki “Can-cana” və “Cəmilə” kimi əttökən bayağı musiqilərdən “feyziyab oluruq”. Bəzən də əsl Azərbaycan xanımına yaraşmayan şıdırğı kişisayağı oynayır, meydandan çıxmırıq. Axı bizim ana-nənələrimiz zorla ortalığa çağırılanda, xanım-xatınlıqları, su sonası kimi ahəstə, gül qədər zərif süzmələri ilə yerə-göyə naz satıblar. Vaxtilə toylarımızda tar, kaman və qaval üçlüyünün müşayiətilə səslənən gözəl musiqilərimiz ruhları təzələyər, toya xoş ovqat bəxş edərdi. Açıq havada qurulan böyük toy mağarında insanlar ellikcə yallı gedər, “Qazı-qazı”, “Kos-kosa” kimi xalq oyunları toya xüsusi şirinlik, şuxluq qatardı. Bu gün yadların “medlenno”ları əvəzinə Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu kimi estrada musiqisinin, mahnı janrının ustadları olan gözəl bəstəkarlarımızın saf, ülvi məhəbbətdən yoğrulmuş, ürəkləri, ruhları ehtizaza gətirən həzin, lirik mahnılarının sədaları altında ahəstəcə rəqs etmək olmazmı? Bayağı, yorucu musiqilər bəs deyilmiş kimi, tikilişi akustik baxımdan şadlıq sarayı üçün nəzərdə tutulmayan restoranlarımızda dörd bir tərəfdən səsgücləndiriciyə o ki var güc verilir. Nəinki insanların, az qalır binanın zəhri yarılsın. Belə toylardan birində, o zaman dörd yaşı olan bacım qızı Xalidə əvvəlcə uşaq şıltaqlığı ilə səsinin eşidilməməsindən xoşlanaraq iki əlini ağzına tutub ucadan danışmağa başlamış, bir az sonra isə şəhadət barmaqları ilə qulaqlarını tıxıb: “Gedək, nə olar, çıxaq gedək evə!” – deyə təkid etməyə başlamışdı. Məmnuniyyətlə bu israra boyun əymişdim.
Bəzi “müasir” toylarımıza, buradakı son dəbdə, “zövqlə” geyinmiş “müasir” insanlara rast gələndə düşünürəm: “Avropalaşmaq, müasirləşmək qiyafədə zahirdə deyil, müasir elmi təfəkkür və dünyagörüşündə, həyata açıq baxışda, ziyalılıqda, mədəni davranış tərzində olmalıdır”. Son olaraq istərdim ki, dahi Üzeyir bəyin şah əsərləri əsasında çəkilən “O olmasın, bu olsun”, “Arşın mal alan” filmlərindəki toy səhnələrini, milli rəqslərimizi xatırlayıb dönüb müasir toylarımıza da nəzər salaq. Bax milli genezisimizdir, milli ruhumuzun tələbatıdır bizi eyni həvəslə, zövq ala-ala əzbər bildiyimiz bu filmlərə təkrar-təkrar baxmağa sövq edən.
Əziz oxucum. Mənim yazmaya bilmədiklərim, əslində, heç də tipik olmayan, lakin hamımızın tez-tez rastlaşdığı hallardır. Amma, nədənsə, ilk addım atmağa cəsarət etmirik. Məgər ana südü kimi halalımız olan, bizim millilik etalonumuz sayılan adət-ənənələrimizə, milli dəyərlərimizə hörmət üçün hansısa bir rəsmiləşdirmə, qanuniləşdirmə olmalıdır? Buna dövlət, rəhbər nəzarət etməlidir? Ən böyük nəzarət ictimai qınaq, özü-özünə nəzarət, ən ağır ittiham isə vicdanın səsidir. Ən məsul vəzifə vətəndaşlıq borcudur. Bu gün keçmişimizə sahib çıxmağı bacarmasaq, sabah gələcək qarşısında cavab verməli olacağıq. Necə deyərlər, bugünkü toylarımızın səsi sabah çıxacaq.
Bütün sahələrdə öz müdrikliyi, uzaq­görənliyi, dəyərli ənənələri ilə seçilən Naxçıvan, inanıram ki, xeyir-şər mərasimlərimizlə də bağlı ideal nümunə olmağı bacaracaq. Bəs elə isə TOYUNUZ MÜBARƏK! Qoy hər birinizin evindən-ocağından toy səsi gəlsin.

 Mehriban SULTAN

 Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir keçirilib. 

Tədbiri Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov açaraq rayonda sığorta sahəsində aparılmış tədbirlərdən danışıb. Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək muxtar respublikada davamlı iqtisadi və sosial inkişafın tərkib hissəsi kimi sığorta işinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, sığortanın müasir tələblərə uyğun şəkildə qurulması işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaradılan səyyar xidmətin fəaliyyəti əhali tərəfindən böyük rəğbətlə qarşılanır.
Nazirliyin əməkdaşı, polis kapitanı Seymur Tağıyevdən aldığımız məlumata görə, səyyar xidmət avtomobili vasitəsilə yerlərdə vətəndaşlara ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqəsinin verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də məhkumluq haqqında və arxiv arayışlarının verilməsi üzrə hüquqi xidmətlər göstərilir.
Seymur Tağıyevin sözlərinə görə, səyyar xidmət hazırda fəaliyyətini Babək qəsəbəsində davam etdirir. Ötən günlərdə Nehrəm kəndində olan xidmətin əməkdaşlarına, ümumilikdə, şəxsiyyət vəsiqəsi üçün 34, sürücülük vəsiqəsi üçün 10 nəfər müraciət edib. Səyyar xidmətin növbəti ünvanı isə Yarımca kəndi olacaq.

Muxtar RZAZADƏ

Yeni dərs ilinin başlanmasına çox az vaxt qalıb. Bu günlərdə məktəbli uşağı olan hər valideyni bir məsələ düşündürür. Uşağına lazım olan məktəbli ləvazimatlarını hardan əldə etsin ki, qiyməti sərfəli, özü də keyfiyyətli olsun. Bu mənada, muxtar respublikamızda keçirilən ənənəvi məktəbli yarmarkalarının əhəmiyyəti böyükdür. Artıq bir neçə gündür ki, yarmarkaya start verilib.
Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçirilən məktəbli yarmarkasında hər il olduğu kimi, bu il də qələbəlik müşahidə edilir. Məktəbli yarmarkasında 3-ü istehsal müəssisəsi olmaqla, 21 sahibkarlıq subyekti iştirak edir. Burada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları, digər ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışı da həyata keçirilir. Burada lüğət və digər nəşrlərin, dünya uşaq ədəbiyyatı nümunələrinin, bədii və elmi ədəbiyyatların satışına da yer verilib.

Ardını oxu...

(Satirik yanıltmac)

Ötən günlərdə Naxçıvan şəhərinin “Böyük bağ” deyilən yaşıllıq massivində gördüyüm bir mənzərə məni yenidən folklorumuza müraciət etməyə vadar etdi. Daha doğrusu, yanıltmaclara. Nəyə görə yanıltmaclar yadıma düşdü deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, beynimdə əcaib-qəraib suallar dolaşırdı və bu suallara təkbaşına cavab tapmaq asan məsələ deyildi, qərara gəldim ki, mənim üçün “sirri-xuda” olan bəzi suallara sizinlə birgə cavab axtaraq.
Xülasə, bu “Böyük bağ” deyilən yerin bəzi guşələrində bağa xüsusi gözəllik bəxş edən heyvan fiqurları qoyulub. Qu quşu da var, qartal da, ceyran da, maral da. Ancaq o heyvanların ən başıbəlalısı maraldır. İndi soruşacaqsınız, niyə? O biri heyvanların ondan nəyi əskikdir ki?..
Bəla orasındadır ki, bu binəva maralın o birilərdən əskiyi yox, artığı var. Ağlınıza başqa şey gəlməsin, bu maralın buynuzları başına lap bəla olub. Gedib-gələn bu yazığın buynuzundan bir parça qoparmaq üçün sanki sıraya durub. Əlaqədar şəhər idarələrinin işçiləri nə qədər sement və quma güc versələr də, iki gündən sonra hər şey yenidən təkrar olunur. Maralın buynuzlarının yerində nazik dəmir çubuqlar görünür.
Bu bağda dincələn şəhər ağsaqqallarından biri dedi ki, ay bala, işin-gücün qurtarıb deyəsən? Bunları yerindən qoparmaq hər igidin işi deyil. Maralı buynuzlarından etməyə qolda güc, dizdə taqət lazımdı. Əvvəllər nər igidlər ad qazanmaq üçün buğa ilə, öküz ilə güləşərlərdi. İndi bu bağdakı bəzi “saqqallı uşaqların” ad qazanmaq üçün bu binəva maral balasından başqa heç bir heyvana gücü çatmır.
Ümumiyyətlə, bu bağda çox qəribə şeylər baş verir. Məsələn, bir valideyn yeniyetmə övladını zorla qu quşunun qanadlarının üzərinə çıxarmağa çalışır ki, onun şəklini telefonun yaddaşına köçürsün. Nəticədə, həmin quşun qanadları “iflas” edir. Daş qoçlarımız qəbirüstü abidələrdi. Ancaq valideynlərdən bəziləri elə bir öhdəlik götürüb ki, mütləq uşağı bu qoçların belində gəzdirməlidir. Belə olmaz axı!
Hələlik bir yanıltmac haqda danışmaq istədim. Ancaq bu şəhərdə yanıltmaclar istənilən qədərdi. Məsələn, skamyanın taxtalarını qoparmalımı, qoparmamalımı, tum qabıqlarını yerə tökməlimi, tökməməlimi, zibili yerə atmalımı, atmamalımı və sair. İnşallah, gələn görüşlərdə digər folklor nümunələrimiz haqda da məlumat verməyi qarşımda kredit borcu sayıram.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR