22 Dekabr 2024, Bazar

Müasir dünyada məişətimizi plastiklərsiz təsəvvür etmək çətindir. Gündəlik məişət əşyalarının çox hissəsi ya plastik kütlədən hazırlanır, ya da konstruksiyalarında plastik elementlərdən istifadə edilir. Yeyinti məhsullarının qablaşdırılmasında plastik kütlədən hazırlanmış istehlak taralarından, birdəfəlik qablardan istifadə edilməsi günü-gündən artmaqdadır. Məlumat üçün bildirək ki, plastik kütlə, əsasını təbii və ya sintetik yüksək molekulyar birləşmələr – polimerlər təşkil edən üzvi materialdır. Onlardan ən çox istifadə olunanları sintetik polimerlər əsasında istehsal olunmuş plastiklərdir. Ümumilikdə isə plastiklərin bir çox növü vardır.
1980-ci illərin sonlarında Beynəlxalq Plastik Kütlə Sənayesi Cəmiyyəti tərəfindən plastiklərin bütün növləri üçün markalanma və identifikasiya kodları sistemi işlənib hazırlanıb. Plastiklərin markalanması üçün üçbucaq formasında 3 oxdan ibarət və ortasında plastikin növünü göstərən rəqəm yerləşən xüsusi simvol – işarə qəbul edilib. Bir çox hallarda məmulatların markalanması zamanı plastikin tipini göstərmək üçün üçbucağın altında hərfi markalanma da göstərilir. Plastiklərin simvol işarələri aşağıdakı kimidir:

Ardını oxu...

“On bir ayın sultanı” da adlandırılan Ramazan ayında müsəlmanlar Uca Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bu müqəddəs ay Allahı dərk etmək, ruhən təmizlənmək və Ulu Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birliyin, bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ­ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. 

Müsəlman aləminin böyük bayramlarından biri olan Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd olunmaqdadır. Bu bayram hicri­-qəməri təqviminin doqquzuncu – Ramazan ayının ardınca şəvval ayının ilk üç günü boyunca qeyd olunur. Müsəlmanlar oruc ibadətlərini bitirdikdən sonra bir yerə yığılır, bayram namazı qılırlar. Bayramın fəzilətlərindən biri müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, əgər arada inciklik varsa, bu incikliyin aradan qaldırılmasıdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2018-ci ilin may ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırmış, 11 milyon 218 min 568 manat pensiyaçıların hesabına köçürülmüşdür. Hesabat ayında fondun gəlirləri 4 milyon 341 min manat proqnoza qarşı 6 milyon 121 min 190 manat həcmində yerinə yetirilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 138 vətəndaşa əmək pensiyası təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, ­həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına uyğun olaraq muxtar respublika üzrə 923 nəfərə birdəfəlik maddi yardım ödənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

Bu gün dünyanın müxtəlif yerlərindən minlərlə internet istifadəçisi könüllü olaraq öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edirlər. Araşdırmalar göstərdi ki, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur ki, bu layihələrə dünyanın müxtəlif dillərində külli miqdarda məlumatlar daxil edilir. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyalardan yararlanırlar. Bu texnologiyadan istifadə müəllimlərin pedaqoji peşəkarlıqlarının artırılmasında mühüm rol oynayır. “XXI əsrin şəbəkəsi” adlanan sosial şəbəkələr əsasında qurulan virtual cəmiyyətlər isə, ilk növbədə, virtual bilik bazasıdır.

Ümumilikdə, sosial şəbəkələrin müsbət cəhətləri olduğu kimi, bəzi mənfi cəhətləri də vardır. Həmin mənbələrdən düzgün istifadə olunmaması nəticəsində insanlarda müəyyən mənada bu şəbəkələrdən asılılıq yarana bilər. Bunun nəticəsində istifadəçi də tez-tez öz hesabına daxil olmaq, mesaj qutusunu yoxlamaq zərurəti yaradır. Bu isə, öz növbəsində, insanın fikrini öz işlərinə cəmləməsinə mane olur və həddindən artıq çox vaxt aparır. Bunun da həm psixoloji, həm də fizioloji fəsadları vardır. Eyni zamanda kompüterin müxtəlif ziyankar proqramlarla yoluxması baş verə bilər ki, bu halda həm kompüterin, həm də sizin şəxsi məlumatlarınızın və şəxsi hesabınızın təhlükəsizliyinə xələl gəlmiş olar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədərək rayon şöbəsi rayon Dövlət Sığorta Agentliyi ilə birlikdə Sədərək kəndində “Torpaq mülkiyyətçiləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və bu sahədə tətbiq olunan mütərəqqi üsullar” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbiri Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə ­əməyinə əsaslanan fərdi təsərrüfatların sayı gündən-günə artır. Onlara göstərilən dəstəyin davamı olaraq Şərur, Babək, Ordubad, Culfa və Sədərək rayonları üzrə, ümumilikdə, daha 18 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrdən 17-nə yanında balası olan iribuynuzlu mal-qara, 1-nə isə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan verilib. Qeyd edək ki, iribuynuzlu mal-qaranın balaları süni ­mayalanma nəticəsində doğulanlardır.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.
Şərur rayon Dəmirçi kənd sakini Ramazan Tənifəyev göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 102 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər cari ilin may ayında da davam etdirilmişdir.
Görülən işlərin nəticəsidir ki, ötən ay məşğulluq mərkəzləri tərəfindən 207 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunmuşdur ki, onların 46-sı gənc, 47-si qadın, 8-i sağlamlıq imkanları məhdud şəxs, 6-sı isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Həmçinin ötən ay 31 nəfər ictimai, 36 nəfər isə mövsümi xarakterli müvəqqəti işlərə göndərilmişdir.
Əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 9 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara, cəzaçəkmə müəssisəsindən azad edilmiş 1 şəxsə arı yeşiklərinin hazır­lanması, 2 nəfərə isə fərdi xalça­çılıq sahəsi üçün zəruri avadanlıqlar verilmişdir. Həmçinin kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, gözəllik salonu və dərzi sexlərində 5 bərbər-manikürçü və 1 dərzi işlə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə “Könül işığı” adlı jurnalın növbəti nömrəsi çap olunmuş, audiokitabxana xidmətindən istifadə edən görmə məhdudiyyətli şəxslər tərəfindən 956 əsər dinlənilmişdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı ­Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.
Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev gəncləri rəsədxana ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıb. Daha sonra gənclər Şahbuz Dövlət Təbiət Qoruğunda olublar.
Ekskursiyada 25 nəfər gənc ­iştirak edib.

Ceyhun MƏMMƏDOV

Əs, ay külək, əs bizlərə
Kəklikotlu ətir gətir.
Dözəmmirəm istilərə
Buludlardan çətir gətir.
Kəklikotlu ətir gətir.

Bu günlərdə Şərurun dağ kənd­lərinə yolu düşən hər kəsi Şərur-Dərələyəz silsiləsinin yaşıl rəngə boyanmış yamaclarının mənzərəsi, gözəlliyi valeh edir. Gözəlliyi göz oxşamaqla bərabər bu dağlardan insanı bir ətir də vurur – küləklərin gətirdiyi kəklikotu ətri. Yaxın günlərdə dağ kəndi Axurada olanda kəklikotu ətri məni bir anlıq keçmişə – Naxçıvandan ayrı yaşadığım günlərə apardı. O günlər ki, həmin vaxtlarda yurdumun ətrini doğma diyarımdan göndərilən kəklikotundan alırdım.Yaşadığım yerlərdə bu bitkidən olsa da, Naxçıvanda bitən kəklikotunun ətrini vermirdi. Sovqat gələn kəklikotudan torpağımızın ətrini, gözəl yurdumuzun təmiz havasını, uca dağlarımızın əzəmətini, meşələrimizin sərinliyini, bulaqlarımızın layla səsini hiss edirdim.
...Yaşlı insanlar deyirlər ki, yeddi evdən birində Naxçıvan kəklikotusu dəmlənəndə hamısına bu çayın ətri yayılır. Axura kəndində qonaq olarkən bu deyimin nə qədər doğru olduğunu gördüm. Həyətdə dəmlənən kəklikotu çayının ətri hər tərəfə yayılmışdı. Elə biz də kəklikotunun ətri ilə gedib çay süfrəsinin qonağı olduq. İxtisasca əczaçı olan ev yiyəsi Tofiq əmi ilə söhbət zamanı dedi:

Ardını oxu...

Yayın isti günlərindən qaçıb günlərlə, bəzənsə aylarla çadırlarımızı qurub başı göylərə ucalan qollu-budaqlı sıx ağaclarının kölgəsinə sığındığımız meşələrimizi həm də hər birimizin yaşıl evləri hesab etmək olar. Təbiətimizin yaşıl ciyəri, oksigen mənbəyi olan meşələrimizdən söhbət düşəndə xəyalən 1990-cı – muxtar respublikamızın blokadaya salındığı ilk illərə qayıdır, hər dəfə də özümüzdən asılı olmayan səbəblər üzündən təbiətimizə vurduğumuz zərbənin təəssüfdolu acı xatirələrini yaşamalı oluruq. Elektrik enerjisinin, təbii qazın kəsildiyi o illərdə enerji mənbəyi kimi baxdığımız meşələrimiz arxamızda dağ kimi dayandı. 

Ümid yeri, ata ocağı bilib üz tutduğumuz meşələrimizdən əliboş qayıtmadıq. Bəzən təbiətin özünün, bəzənsə bizim əllərimizlə yaratdığımız təbii sərvətimiz o ağır illərin sərt qışlarında evlərimizdəki körpələrimizi, xəstələrimizi soyuqdan donmaqdan xilas etdi, yeməyimizi “bişirdi”, çayımızı “qaynatdı”. Düşmənin əzmimizə mənəvi zərbə endirmək məqsədilə tuşladığı “baltanın” qarşısına meşələrimiz “sinəsini verdi”. Özünün məhv olmasını naxçıvanlıların məğlub olmasından üstün bildi. Çünki belə bir deyim var, insan olmayan yerdə təbiət “yetim qalar”. Bu yerin insanlarının yaşaması sabah meşələrin bərpası, yüzlərlə hektar yeni meşə örtüyünün yaradılması demək idi və belə də oldu...

Ardını oxu...

Naxçıvan Regional Peşə Tədris Mərkəzində işəgötürənlər və kadr məsələləri üzrə mütəxəssislərin iştirakı ilə Əmək müqaviləsi bildirişinin formaları və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarına dair növbəti seminar keçirilib.
Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən işə­götürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, elektron informasiya sisteminin tətbiqinə başlanıldıqdan sonra muxtar respublikanın şəhər və rayonlarında 639 müəssisənin 665 nümayəndəsinin iştirakı ilə, ümumilikdə, 28 seminar keçirilib. Maarifləndirici tədbirlərin davamı olaraq, iyunun 5-dən Naxçıvan şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iştirakı ilə keçirilən növbəti seminar iyunun 7-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada hava məlumatları və proqnozlar artıq avtomatlaşdırılmış üsulla elektron qaydada hazırlanacaq. Bunun üçün yerlərdə müasir texnologiyaların quraşdırılmasına başlanılıb. Yeni avadanlıq vasitəsilə 7 parametr üzrə məlumatlar veriləcək.
Meteoroloji məlumatların kənd təsərrüfatı, fövqəladə hallar, meşə təsərrüfatı və digər sahələrdə çox böyük əhəmiyyəti var. Bu günə qədər məlumatlar ənənəvi üsullarla ictimaiyyətə və təşkilatlara çatdırılırdısa, bundan sonra muxtar respublikada fəaliyyət göstərən meteoroloji stansiyalardan avtomatlaşdırılmış şəkildə ötürüləcək.
Avtomatlaşdırılmış meteostansiyalar Finlandiyanın “Vaysala” şirkətinin istehsalıdır. Qurğu vasitəsilə hava haqqında məlumatlar birbaşa internetə ötürüləcək. Daim yenilənən məlumatları veb serverdən izləmək mümkündür.
Avtomat meteostansiyaları ilk olaraq Culfa şəhərində quraşdırılıb. Naxçıvan şəhərində isə bu istiqamətdə iş davam etdirilir. Qurğular yaxın zamanda muxtar respublikanın rayonlarındakı digər stansiyalarda da quraşdırılacaq.

Xəbərlər şöbəsi

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən hər il iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.
Azərbaycanda ekologiyaya dövlət səviyyəsində münasibətin göstərilməsi ümummilli liderimiz ­Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndərin rəhbərliyi ilə ekoloji problemlərin həlli istiqamətində mühüm qərarlar qəbul edilmiş, ictimaiyyətin diqqəti ətraf mühitin mühafizəsinə yönəldilmiş, geniş yaşıllaşdırma tədbirləri aparılmışdır. Dahi rəhbər demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Ümummilli lider ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ekoloji problemlərin həlli diqqətdə saxlanılmış, bu sahədə dövlət siyasətini tənizmləyən zəngin qanunvericilik bazası yaradılmış, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən gənclərin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarındakı “Gənc­lər bağı”nda “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında “Yaşıllıqlara qulluq” aksiyası keçirilib. Ağaclara aqrotexniki qulluq göstərilib, ətraf ərazilər tullantılardan təmizlənib.
Sonda Naxçıvan şəhərindəki “Gənclər bağı”nda tullantıların yandırıldığı tonqalın ətrafında Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Natəvan İmaməliyeva gənclərin muxtar respublika sakinlərinə müraciətini səsləndirib. Aksiyada, ümumilikdə, 400 nəfərə yaxın gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir, yeni yaşıllıqların salınması, ağac və gül kolları əkilməsi qayğısına qalınır.
İyunun 2-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub. Həmin gün iməciliklərdə 22 min 823 nəfər iştirak edib.
İməcilik zamanı Naxçıvan şəhərinin sakinləri Uzunoba Su Anbarının aşağı hissəsindəki ərazidə yaşıllıqlara aqrotexniki qulluq göstərib, suvarma işləri aparıblar.
Şərur rayonunun sakinləri Danyeri, Xanlıqlar və Aşağı Daşarx kəndlərindəki yaşıllıqlarda, “Gənclər bağı”nda və kənd qəbiristanlıqlarında ağacların diblərini alaq otlarından təmizləyib, budama, suvarma və ağartma işləri keçiriblər.
İməcilik günü babəklilər “Gənclər bağı”nda, Yarımca-Qahab kəndləri arasındakı yolun kənarlarındakı yaşıllıqlara qulluq ediblər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilib. Əylis düzündəki üzüm və qızılgül bağlarında, həmçinin “Gənc­lər bağı”nda aqro­texniki tədbirlər həyata keçirilib, Dəstə və Dırnıs kəndləri arasındakı yolun kənarları alaq otlarından təmizlənib.
Həmin tədbirlər Culfa rayonunun kəndlərindəki yaşıllıq ərazilərində də həyata keçirilib.

Ardını oxu...

Doğma diyarımız islami dəyərləri özündə qoruyub yaşadan türk-islam mədəniyyəti nümunələri, tarixi-dini abidələrlə zəngindir. Kəngərli rayonunun qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndi də əsrlərə şahidlik edən abidələri ilə özünə şöhrət qazanmış yurd yerlərimizdəndir. Burada hələ eramızdan əvvəl II-I minilliklərə aid edilən və bu günümüzə qədər qorunub yaşadılan qədim tikililər tariximizin izlərini özündə saxlayan daş kitabələrdir. Qarabağlar kəndindəki Pələng qayası dağının cənub ətəklərində yerləşən, əsrlərdən bəri insanların inanc yerinə, müqəddəs ziyarətgahına çevrilən belə tikililərdən biri də Asnı piridir. 

Burada olarkən kəndin ziyalı ağsaqqalarından Nahas Səfərovla söhbət zamanı dedi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində qədim diyarımızda tarixi abidələrin mühafizəsi və tədqiqi, maddi-mənəvi irsimizin qorunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Qarabağlar kəndindəki orta əsrlərdən qalma digər memarlıq abidələri ilə birgə Asnı pirində də yenidənqurma işləri aparılıb. Əvvəllər pirin yахınlığındа möhrədən tikilmiş dördkünc fоrmаlı köhnə tikili hаzırdа mоnumеntаl quruluşa malik mеmаrlıq аbidəsilə əvəz olunub. Binanın künc divarları uca çıxıntılarla hörülərək milli naxışlarla bəzədilib. Burada zəvvarlar üçün mədəni-məişət şəraiti yaradılıb, həyətyanı sahədə geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar quraşdırılıb. Pirin yaxınlığında sıldırım qayaların arasından çıxan gursulu bulaq da insanların inanc yerinə çevrilib və хаlq tərəfindən müqəddəsləşdirilib.

Ardını oxu...

İyunun 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə is­tedadlı uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək demişdir ki, uşaqların fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər ruhda tərbiyəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə uşaq bağçaları, ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələri, uşaq musiqi məktəbləri tikilərək və ya yenidən qurularaq uşaqların istifadəsinə verilmişdir. Ümumtəhsil məktəblərində maddi-texniki baza gücləndirilmiş, elektron təhsilin tətbiqi genişlənmiş, zəngin kitabxana fondları yaradılmışdır. Bütün bunlar isə tədrisin keyfiyyətini artırmış, uşaqların bilikli, yüksək dünyagörüşə malik vətəndaş kimi formalaşmasına geniş imkanlar ­yaratmışdır.
Qeyd olunmuşdur ki, xüsusi yaradıcılıq potensialı və qabiliyyəti ilə seçilən uşaqlar da diqqətdə saxlanılmış, istedadlı uşaqların adı “Gənc istedadların “Qızıl kitabı”na yazılaraq onlara xüsusi təqaüdlər verilir. Uşaqların istifadəsinə filarmoniya və teatrlar, kitabxana və yaradıcılıq mərkəzləri, idman və şahmat məktəbləri verilmişdir. Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların da hərtərəfli qayğı ilə əhatə olunduğunu, onların təhsilə cəlbi, cəmiyyətə inteqrasiyası və reabilitasiyasının diqqət mərkəzində saxlanıldığını bildirən ­Rəhman Məmmədov uşaqları təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.

Ardını oxu...

İyunun 1-də Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işi sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbiri açaraq rayonda sığorta sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafında sığortanın əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulması sahəsində 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqlar xüsusilə əhəmiyyətli olub.
Bildirilib ki, sığorta işinin genişləndirilməsi məqsədilə muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində vətəndaşların vaxtında sığortalanması təmin olunub, sığorta hadisələri baş verdiyi zaman insanların sağlamlığına, daşınmaz əmlakına, habelə avtomobillərə və kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə görə ödənişlər verilir, bunun vasitəsilə də zərərlərin nəticələri qısa müddətdə aradan qaldırılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında hazırlanmış Tədbirlər Planının müvafiq bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası aid rayon təşkilatlarının Gənclər birlikləri tərəfindən Ordubad və Culfa rayon gənclərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına maarifləndirici ekskursiyası təşkil olunub.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat veriblər.
Sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının turizm üzrə direktor müavini Davud Abdullayev gənclərə park haqqında ətraflı məlumat verərək bildirib ki, Milli Park 2003-cü il 16 iyun tarixdə Azərbaycan Respublikası Prezidentinin ­Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılıb. Parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Əsasən, ərazidə boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir ki, bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur ki, bu bitkilərdən bir çoxunun adı “Qırmızı kitab”a daxil edilib.
Gənclər parkın ərazisində yerləşən fauna və flora muzeyi ilə tanış olublar. Ekskursiyada 30-a yaxın gənc iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional Tədris Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün səhərcik təşkil edib.
Tədbirdə kitabxana əməkdaşları uşaqlarla kitablar oxuyub, nağıllar, tapmacalar söyləyib və onlarla müxtəlif oyunlar oynayıblar.
Uşaqlar kitabxanaçıların hədiyyə etdikləri uşaq jurnallarından şəkillər çəkib rəngləyiblər.
Tədbir iştirakçıları kitabxananın 2016-cı ildən mərkəzdə yaradılan bölməsində “Uşaq dünyası” adlı kitab sərgisində yeni çap edilmiş uşaq ədəbiyyatları ilə tanış olublar.
Sonda uşaqlara bayram sovqatları paylanıb, onlarla xatirə şəkilləri çəkdirilib.

Xəbərlər şöbəsi

Dünyanın əksər ölkələrində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.
Ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. “Uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir”, – deyən ulu öndərimizin rəhbərliyi ilə uşaq hüquqları sahəsində qanunvericilik bazası yaradılmış, uşaqların hərtərəfli inkişafı təmin edilmişdir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir.

Ardını oxu...

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin qarşısında asfalt üzərində rəsm müsabiqəsi keçirilib. Müsabiqədə sağlamlıq imkanları məhdud 10 uşaq iştirak edib. İştirakçılar təbaşirlə rəsmlər çəkməklə öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Çəkdikləri rəsmlərə görə Fəridə Babayeva birinci, Fərid Qafarlı ikinci, Mais Hacılı isə üçüncü yerə layiq görülüblər. Müsabiqənin qaliblərinə mükafatlar, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim olunub.
Qeyd edək ki, həftə ərzində, həmçinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində “Oxu, qavra” adlı mütaliə yarışı da keçirilib. Bu müsabiqədə iştirakçılar 30 dəqiqə ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamına uyğun olaraq elektron kitabxananın kataloquna daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” adlı kitabından seçilmiş “Saqqallı uşaq” hekayəsini oxumaqla onun məzmununa aid tərtib olunan test suallarını cavablandırıblar. Ən çox sualı düzgün cavablandıran iştirakçı yarışın qalibi olub. Qalibə və digər yarış iştirakçılarına oxunması zəruri olan kitablar hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və mərkəzin baş həkimi Rəsmiyyə Xasıyeva çıxış edərək uşaqları bayram münasibətilə təbrik edib, onlara göstərilən dövlət qayğısından danışıblar.
Sonra 18 nəfər sağlamlıq imkanları məhdud uşağa hədiyyələr verilib. Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının ak­tyorlarının ifasında səhnəciklər nümayiş etdirilib.
Analoji tədbir Ordubad Rayon Mədəniyyət Evində və M.Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində də keçirilib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Qıvraq qəsəbəsindəki uşaq bağçasında bu amil diqqət mərkəzində saxlanılır

Uşaqlar ailənin sevinci, millətin gələcəyi, ölkənin nurlu sabahıdır. Odur ki, onların hərtərəfli inkişafı, vətənpərvər ruhda böyüməsi, gələcəkdə cəmiyyətə layiqli vətəndaş olaraq yetişməsi çox önəmlidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda uşaqlara böyük sevgi və qayğı ilə yanaşılır, onların təlim-tərbiyəsinin, təhsilinin, sağlamlığının, sosial müdafiəsinin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradılır, ­hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikamızda gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılması, onların hər cür şəraitlə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilən prioritet vəzifələrdəndir. Bu qayğının davamı kimi ötən il Kəngərli rayonunun Qıvraq qəsəbəsində istifadəyə verilən uşaq bağçasını göstərmək olar. Yaxın günlərdə adıçəkilən ünvana getməkdə məqsədimiz lazımi şəraitin yaradıldığı bu tərbiyə müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq idi. 

Burada olarkən bağçanın müdiri Flora Məmmədli bildirdi ki, son illər muxtar respublikamızda uşaqların əlverişli sosial mühitdə böyüməsinə xüsusi diqqət göstərilir. Onların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. Ötən il aprel ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayon Qıvraq qəsəbəsindəki uşaq bağçasının istifadəyə verilməsi də belə tədbirlərin davamıdır.

Ardını oxu...

    Dini, mənəvi dəyərlər içərisində ən geniş yayılan və diqqəti cəlb edən dini ayinlərdən biri də oruc tutmaqdır. Ramazan orucu hicrətin ikinci ili, şaban ayının 10-da vacib buyurulmuşdur. Belə ki, 624-cü ildən etibarən oruc tutulmağa başlanılmışdır. O vaxta qədər isə müsəlmanlar bəzi dinlərin nümayəndələri kimi hər ay üç gün oruc tuturdular. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.v) həyatında 9 Ramazan orucu tutmuşdur.

Orucluq İslamın təməl şərtlərindən olub hər bir müsəlmana fərz qılınmışdır. Allah-Taala buyurub: “Oruc mənə görədir, mən özüm onun mükafatını verəcəyəm”. Məhəmməd Peyğəmbər (s) buyurub: “Oruc insanı cəhənnəm odundan qoruyan qalxandır”, “Orucluq dözüm ayıdır, dözümün, səbrin mükafatı isə cənnətdir”, “Oruc tutun, sağlam olun”.
Orucun İslam aləmində qəti qərarlaşmış bir məzmunu vardır. Oruc tutmaq müəyyən olunmuş vaxt kəsiyində özünü dünya nemətlərindən uzaqlaşdırmaqla bərabər, ilk növbədə, Allaha ibadət etməkdir. Çünki orucluq zamanı görülən işlər Allah yolunda görülən savablardandır. İslam dünyasında o ən pak, saf və təmiz ay hesab olunur.

Ardını oxu...

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrini, milli və mənəvi dəyərlərimizə sadiq bir şəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikada qarşıya qoyulan əsas məqsədlərdəndir. Muxtar respublikanın bütün rayonlarında, o cümlədən Culfa rayonunda uşaqlar yüksək qayğı ilə əhatə olunur, yeni tikilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirirlər.

Ardını oxu...

Kəngərli Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Kəngərli Rayon Mədəniyyət Evində tədbir keçirilib. 

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev çıxış edərək bildirib ki, muxtar respublikada uşaqların sağlam yaşamaq, tərbiyə və təhsil almaq, asudə vaxtlarını səmərəli keçirmək hüquqları diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrində körpələrimizin erkən yaş dövründən intellektual, fiziki inkişafını, istedad və qabiliyyətini üzə çıxarmaq, sağlamlıqlarını qorumaq üçün hərtərəfli şərait yaradılır. Muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da uşaqlara xüsusi qayğı göstərilir və bütün bunlar ondan ötəridir ki, uşaqlarımız zəruri biliklərə yiyələnsin, ailə, cəmiyyət, dövlət qarşısında hüquq və vəzifələrini dərk etsinlər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxışında qeyd edib ki, muxtar respublikada uşaqların hər biri dövlətimizin böyük qayğısı ilə əhatə olunub. Son 20 ildən artıq dövr ərzində 215 ümumtəhsil məktəbi, 19 məktəbəqədər təhsil müəssisəsi, 7 orta ixtisas və peşə məktəbləri, 26 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, yeni nəslin yüksək bilik və bacarığa sahib olmasına yönəldilmiş dövlət siyasətinin ardıcıllığı və məqsədyönlülüyü təmin edilib.
Aytən Məmmədova muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailə­lərdən olan uşaqlar, onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün görülən işləri də qeyd edib, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib.
Sonra 2017-2018-ci tədris ilində Kəngərli rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Dövlət və “Naxçıvan” ­universitetləri, Müəllimlər İnstitutu, Naxçıvan Tibb və Dövlət Texniki kollecləri tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. 

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Natiqlik və ünsiyyət” mövzusunda keçirilən tədbiri fondun icraçı direktoru Anar Babayev açıb.
Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin əməkdaşı Nicat Yaqubov həyatımızın vacib tələbatı olan ünsiyyət və natiqliyin əhəmiyyətindən danışıb. O bildirib ki, ünsiyyət zərurətdən yaranır. Ona tələbat çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi aparmaqla məlumatın ötürülməsi və qəbul edilməsində tərəf kimi çıxış edir. Ünsiyyət insanın dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur. İnsanlarla ünsiyyət zamanı öz dilindən yüksək səviyyədə istifadə etmək onun dərin biliyə, hərtərəfli məlumata sahib olması ilə yanaşı, natiqlik bacarığından da xəbər verir. Bu isə inkişafımızın ümumi ahəngi ilə bağlı olduğu üçün müasir dövrdə daha böyük maraq doğurur.
Qeyd olunub ki, çağdaş dövr insanların bütünlükdə yüksək nitq mədəniyyətinə yiyələnməsini tələb edir. Ona görə də hər bir şəxs bu gün daim öz nitqinin zənginliyi və gözəlliyinin qeydinə qalmalı, onun davranışı ilə yanaşı, nitqi də müasir dövrün, inkişaf etmiş cəmiyyətin tələblərinə uyğun olmalıdır.
Diskussiya şəraitində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, fəallıqları ilə seçilən gənclər diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Gənclərin aktivliyinə psixoloji dəstək” adlı təlimin “Özgüvən və karyera” adlı mövzusu gənclərin iştirakı ilə mayın 25-də keçirilib. Təlimin digər mövzusu isə “Natiqlik və ünsiyyət”lə bağlı olub.

 Gülcamal TAHİROVA

  Qədim diyarımız günü-gündən abadlaşan, müasirləşən kəndləri, nadir bitkilər bitirən dağları, güllü-çiçəkli, yamyaşıl bağları, çöl-­çəmənlərindəki müxtəlif dərman otları ilə məşhurdur. Min bir dərdin dərmanı, məlhəmi olan bitkilər içərisində ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, çiriş, cacıq, baldırğan, çaşır, əməköməci, qazayağı, rəvənd, dağ kəvəri, yarpız, nanə, kəklikotu və adlarını saymaqla bitməyən, dad-tamı, ləzzəti, keyfiyyəti ilə seçilən bu bitkilərdən insanlar yaz ayları boyunca yararlanır, hətta qış üçün də tədarük edirlər. 

Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetirib-bitirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirməklə yanaşı, uzunömürlülüyün sirrini də özündə qoruyub saxlayır. Narın yaz yağışlarının, səhər şehinin yuyub tər-təmiz etdiyi bu bitkilərin əksəriyyəti təzə-tər halda, bəziləri qurudulmaqla, çoxu duza-turşuya qoyulmaqla ilboyu süfrələrimizin bəzəyi olur.
Hələ bu harasıdır, təmiz havasını ciyərlərimizə çəkdiyimiz dağlarımızda, məşhur yaylaqlarımızda bitən kəklikotu, solmazçiçək, yarpız, ətirsünbül, dağ nanəsi, çobanyastığı, boymadərən, batrınc, qantəpər kimi bitkilərin dəmləmələri – gümrahlıq və xoş əhval-ruhiyyə yaradan təbii çaylarımız sağlamlıq və enerji mənbəyidir. Pişikquyruğu, südləyən otu, çaytikanı, gülxətmi, dağ nanəsi, zirinc, yemişan, sumaq, nərbənd, pişpişə, yulğun, ardıc və digər onlarla bitki muxtar respublikamızın dağlarının müalicəvi əhəmiyyətə malik şəfa vasitələridir.

Ardını oxu...

Bir neçə gündür ki, müqəddəs Ramazan ayını yaşayırıq. Bu ayı müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Həmin ay müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Oruc Həzrət Adəmdən (ə) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş qədim ibadətdir. Məsələn, Həzrət Nuh (ə) bayram günləri istisna olmaqla, bütün ilboyu, Həzrət Davud (ə) isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”, 183) bildirilir.

Ardını oxu...

Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Sədərək Rayon Mədəniyyət Evində tədbir keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda uşaqların hüquqlarının müdafiəsinə dövlət qayğısı göstərilir, onların sağlam və hərtərəfli böyüməsində lazımi tədbirlər görülür. Bu gün rayonda yaşayan və təhsil alan uşaqların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin dövlətçilik tariximizi onlara aşılamaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, ­Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıb ki, muxtar respublikada istifadəyə verilən, maddi-texniki bazaya malik olan müasir təhsil ocaqları tədrisin keyfiyyətinin yüksəldilməsinə, uşaqların yüksək səviyyədə təhsil almasına şərait yaradıb. Humanist və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına məktəbli geyim dəstləri və dərs ləvazimatları verilir, onların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunur. Eyni zamanda muxtar respublikada uşaqların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri uşaq ədəbiyyatının nəşri də prioritetlər sırasındadır. Komitə sədri yekunda muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib.
Sonra təşkilatçılar tərəfindən 2017-2018-ci tədris ilində Sədərək rayonu üzrə təhsil, ­incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, analoji tədbir Şahbuz rayonunda da keçirilib.


Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, bu gün muxtar respublikada, o cümlədən Babək rayonunda uşaqların təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Bu məqsədlə ümumtəhsil məktəbləri, uşaq musiqi məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək, mövcud binalar isə yenidən qurularaq istifadəyə verilib, onların maddi­-texniki bazası gücləndirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi diqqət mərkəzində saxlanılır. Komitə tərəfindən monitorinqlər, sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılıb, bununla əlaqədar yaşayış məntəqələrində maarifləndirici tədbirlər keçirilib.
Sonra 2017-2018-ci tədris ilində rayonda müxtəlif sahələr üzrə fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ailə, ­Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.
Bu münasibətlə Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şərur rayon “Bahar” kinoteatrında tədbir keçirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov muxtar respublikada “1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü”nün yüksək səviyyədə keçirilməsinin uşaqlara göstərilən diqqət və qayğının əyani ifadəsi olduğunu vurğulayaraq bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. İstedadlı şagirdlərin üzə çıxarılması üçün müxtəlif tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir.

Ardını oxu...

Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Zaur Əliyev, Natiq Həsənov və sektor müdiri Əsgər Əhmədov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafikləri daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərə texniki baxışlar təşkil olunub. Müəyyən edilən nasazlıqlar aradan qaldırılıb, avtobus sürücülərinə lazımi köməkliklər göstərilib.
Vurğulanıb ki, taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, onların geyim formasına, istifadə etdikləri avtomobillərin təmizliyinə, sərnişinlərlə rəftarına, tarif qiymətlərinə əməl etmələrinə, məxsus olduqları zona hüdudlarındakı fəaliyyətlərinə ciddi nəzarət olunur. Taksi sürücüləri muxtar respublikanın turizm mərkəzlərini, muzeylərini, tarixi­-mədəni abidələrini özündə əks etdirən turist xəritələri, müxtəlif bukletlərlə təmin edilib, mütəmadi olaraq muzeylərdə sürücülərin iştirakı ilə məlumatlandırma tədbirləri həyata keçirilir.

 Nail ƏSGƏROV

May ayı dağlarımızın bizə növbəti ərməğanının – uşqunun (buna rəvənd də deyirlər) vədəsidir. Yadımdadır, orta məktəb illərində uşqun yetişəndə əlimizə düşən qəpikləri heç nəyə xərcləməzdik. Bilirdik ki, bu vaxtlar uşqun yığanlar onu məktəbin ətrafında satmağa gətirəcəklər. O zamanlar uşaqlarla, sadəcə, bir-birimizin bəhsinə alıb yediyimiz bu yabanı bitkinin nə qədər faydalı olduğunu zaman keçdikcə anladıq. Bunu anladığımız vaxtsa artıq nə biz məktəbli idik, nə də uşqun “bizim ayağımıza gəlirdi”, biz onu axtarıb, tapıb, alıb yeməliydik. Bəs ləzzətlə yediyimiz bu bitkinin faydaları haqqında yetərincə məlumatınız varmı?
Yeyilməli dövrü cəmi 30-40 gün – aprel ayının 20-dən may ayının sonunadək olan (sonra bərkidiyindən yemək olmur) bu bitkinin tərkibindəki zəngin vitamin və mineralların şəkər, xərçəng, ürək xəstəliklərində, immun sisteminin möhkəmlənməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında, tərkibindəki çoxsaylı liflərə görə həzm prosesinin yaxşılaşmasında əvəzsiz faydaları vardır.
Uşqunun “vətəni” muxtar respublikamızda Ordubad, Culfa və Şahbuz rayonları hesab olunur. Ona adıçəkilən rayonların çox yox, bir və ya iki kəndindəki dağların qumsal yamaclarında rast gəlmək olar. Məsələn, bu bitki Şahbuz rayonunun yalnız Kolanı və Kükü ilə Yuxarı Qışlaq kəndlərinin arasında Səhlalı massivi deyilən ərazidəki dağ yamaclarında bitir.

Ardını oxu...

Ötən şənbə və bazar günləri doğma şəhərimizdə əsl bayram ab-havası hiss olunurdu, insanlar “Naxçıvanqala” Tarix-Memarlıq Kompleksinə tələsirdi. Artıq səhər saatlarından başlayaraq həmin ünvana, sözün həqiqi mənasında, insan kütləsi axışırdı. Biz də yolumuzu məhz bu qədim tarixi abidədən, festivala ev sahibliyi edən ünvandan salmışdıq. Yolboyu yanından ötüb keçdiyimiz insanların çöhrələrindəki təbəssümdən də duyulurdu ki, son illərdə belə festivalların sayının çoxalması doğma diyarımızın artan iqtisadi imkanını, biz sakinlərin sosial rifahının yaxşılaşmasını göstərir. Təsadüfi deyil ki, hər festival bir il öncəkinə nisbətən daha baxımlı, daha mütəşəkkil keçir. Bu, bir şəhər sakini kimi məni də çox sevindirir.

Naxçıvanqalaya çatana yaxın könül­açan mahnıların sədalarını eşidirik. Çox çəkmir, həmin ünvana yetişirik. Budur, qədim abidə qapılarını öz qonaqlarının üzünə tağbatağ açıb. İçəri daxil olarkən qələbəlik müşahidə edirik, böyükdən-kiçiyə hər kəsin sevincli olduğu elə ilk andan diqqətimizi çəkir. Öyrənirik ki, festivala muxtar respublikanın bölgələrindən göycə və bu meyvədən hazırlanan məhsullar çıxarılıb. Bölgələr üçün ayrılmış pavilyonlar sıra ilə düzülüb, bununla bağlı tanıtım lövhələri yerləşdirilib.

Ardını oxu...

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə dövlət ailə siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi olaraq ailələrin sosial müdafiəsi yaxşılaşdırılıb, ailə dəyərlərimiz qorunub saxlanılıb. Müstəqillik illərində ailə siyasəti sahəsində zəngin qanunvericilik bazası yaradılıb, ailə institutunun inkişafı təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ailə siyasəti uğurla davam etdirilir. Ailələrin daha da möhkəmləndirilməsi, ana və uşaqların sağlamlığının qorunması üçün dövlət proqramları qəbul olunaraq icra edilir. Ailələrin sosial təminatını yaxşılaşdırmaq məqsədilə əməkhaqları, pensiya və müavinətlər artırılır, yeni iş yerləri yaradılır.
Qeyd olunub ki, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Hazırda Naxçıvan Muxtar Respublikasında 96 mindən çox ailə yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sosial qayğıya ehtiyacı olan ailələrin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, onlara müavinətlər verilir, sosial müdafiələri gücləndirilir. Müvafiq kateqoriyalı vətəndaşlar minik avtomobilləri ilə təmin olunur, onların müalicə və reabilitasiyası diqqətdə saxlanılır.

Ardını oxu...

Qədim diyarımızda çoxəsrlik zəngin milli dəyərlərimizi özündə yaşadan, qarşılıqlı sevgi, hörmət və ehtiram nəticəsində yüksək ailə mənəviyyatı formalaşdıran, muxtar respublikada ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində görülən tədbirlərdən bəhrələnərək fiziki və mənəvi cəhətdən sağlam gələcək nəslin yetişməsində özünəməxsus rol oynayan nümunəvi ailələrimiz çoxdur. Biz də sağlam cəmiyyətimizin təməli olan belə ailələri tanımaq, onların keçdiyi yolu təbliğ etmək məqsədilə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Nümunəvi ailələr” rubrikası yaratdıq. Rubrikamızın ilk qonağı Məmmədovlar ailəsidir.

Şəhərimizdə bir ünvan var... Birliyin, iradənin vəhdəti ilə möhkəmlənən, hər bir üzvü cəmiyyətdə yerini özü müəyyənləşdirən və layiq olduğu qiyməti alan ailənin yaşadığı ünvan... Ailənin dörd üzvü – ata, ana və iki oğul zəhmətsevərliyi həyatlarında başlıca amilə çevirdiklərindən çəkdikləri zəhmət onların ömür yollarına qürurverici bir iz salıb. Bu ailə ilə daha yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Evin salonunun yuxarı başında yaratdıqları bir guşədə aldıqları fəxri adların döş nişanları və vəsiqələr, hədiyyə kitabları, onların hər biri təltif və təbrik edilərkən çəkilən şəkillər yer alır. Guşəyə baxdıqca insanın cəmiyyətdəki yeri və cəmiyyətin insanın həyatındakı rolu anlayışının dolğun mənzərəsinin burada əks olunduğu görünür. Bu guşə evə daxil olanların hər biri kimi, bizə də ailə haqqında bir çox məqamları anlatdı. Ən başlıcası isə onlara göstərilən diqqət və qayğıdan irəli gələn minnətdarlıq və yaşadıqları qürur hissini...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası cari ilin aprel ayında da diqqətdə saxlanılmışdır. Məşğulluq mərkəzləri tərəfindən 302 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunmuşdur ki, onların 83-ü gənclər, 9-u sağlamlıq imkanları məhdud şəxslər, 6-sı isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Həmçinin ötən ay 33 işaxtaran müvəqqəti və mövsümi işlərə göndərilmişdir. Hesabat dövründə uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların tibbi və sosial reabilitasiyası da diqqətdə saxlanılmış, 49 şəxsə sanatoriya və pansionatlara göndəriş verilmiş, 20 nəfər isə texniki reabilitasiya vasitələri ilə təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən Distant Tədris Mərkəzində 22 hərəkət qabiliyyəti məhdud şagirdin və eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant tədris kursunda 7 sağlamlıq imkanı məhdud uşağın tədrisi davam ­etdirilmişdir.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi ümumxalq işinə çevrilib. Son illərdə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artırılması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkar­lıq sahələrinə aqrotexniki qulluq göstərilir. Ötən həftə keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunub.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarında, həmçinin “Gənclər bağı”nda yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun Daşarx-Dizə kəndləri arasında yol kənarlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarma və ağartma işləri görülüb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

Bu məqsədlə Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə, 12 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrdən 7-nə yanında balası olan iribuynuzlu mal-qara, 2-nə yanında balası olan 10 baş xırda­buynuzlu heyvan, 2-nə fərdi xalça toxumaq, 1-nə isə arı yeşiklərinin düzəldilməsi üçün avadanlıqlar verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailə təmsilçilərinə mal-qara və avadanlıqlar verilməsi ilə bağlı sənədlər təqdim olunub.
Kəngərli rayonunun Xok kənd sakini Məhəmmədəli Fərəcov göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən aztəminatlı ailələrə özünüməşğulluğun təmin edilməsi üçün mütəmadi olaraq müvafiq köməklik göstərilir.

Xəbərlər şöbəsi

Məşğulluq problemlərinin həll olunmasında hər il təşkil edilən əmək yarmarkalarının böyük rolu var. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən məşğulluq orqanları tərəfindən əvvəlcədən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.

­ Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin aprel ayında keçirilmiş əmək yarmarkalarında 177-si özəl sektor olmaqla, 270 idarə, müəssisə və təşkilatdan 1753 boş iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 463-ü fəhlə, 1189-u qulluqçu, 101-i xidmət sahələrinə aid olub. Boş iş yerlərindən 1442-si dövlət, 177-si qeyri-dövlət müəssisələrinin payına düşüb. Yarmarkalarda 212 nəfər, о cümlədən 134-ü dövlət, 78-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 206 nəfəri fəhlə, 6 nəfəri isə xidmət sahələrinə göndərilib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunmasına da ciddi önəm verilib. İşlə təmin olunanların 55 nəfərini 29 yaşadək gənclər, 5 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 33 nəfərini isə qadınlar təşkil edib.

Ardını oxu...

İnsan oğlunun ulu Tanrıdan ən böyük diləklərindən biri də uzun ömür sürmək, nəvə-nəticə toyu görmək olub. Əbəs yerə deyil ki, xalq arasında uzun ömür yaşamaqla bağlı çox sayda deyimlər, duyumlar yaranıb. Dirilik suyu, həyat ağacı, uzunömürlülük meyvəsi ilə bağlı xalq arasında əfsanələr, əsatirlər, rəvayətlər, nağıllar geniş yayılıb.

Ömür insana Tanrı tərəfindən bir dəfə verilir. İnsanların əksəriyyəti dünyaya sağlam gəlir, sağlam həyat tərzi keçirən də olur, “dünya beşgünlükdür”, – deyib öz sağlamlığı qeydinə qalmayanlar da... Ancaq bu bir həqiqətdir ki, uzun ömür yaşamaq bir xoşbəxtlik, Tanrı payıdır. Belə ömür yaşayan insanlara hər zaman başqaları qibtə edib, onların uzunömürlülüyünün sirrini açmağa çalışıblar.
Doğma Naxçıvanımızda çinar ömürlü insanlar az deyil. Ötən günlərdə belə ağbirçək nənələrimizdən birinin – Babək rayonunun Şıxmahmud kənd sakini Səmavar Bayramovanın qonağı olduq:
– Salam, Səmavar nənə, səni görməyə gəlmişik.
– Əleykəssalam, xoş gəlmisiniz, qapımız qonaq üzünə həmişə açıqdır.
– Əhvalınız necədir? Səhhətiniz yerindədirmi?

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardımın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilib, sərəncama uyğun olaraq ayrılan məbləğlər həmin şəxslərin plastik bankomat kartlarına köçürülüb.

Ardını oxu...

   Yurdumuzun saymaqla bitməyən, hər biri min bir dərdin dərmanı, hər biri bir damaq dadı olan bitkiləri bu ellərin tükənməz sərvəti, insanlara Tanrı tərəfindən bəxş olunan əvəzsiz nemətidir. Bu nemətlər bir-birindən ləziz, bir-birindən faydalıdır. Bax elə hazırda yığılmalı, yeyilməli vaxtı olan, nadir bitkilərdən hesab edilən, trüf göbələyinin (xalq arasında “dombalan” adlanır) mövsümüdür. 

Bu bitki haqqında çoxumuzun məlumatı ya çox az, ya da, ümumiyyətlə, yoxdur. Bu göbələk növü qiymətinə görə Avropada kürüdən sonra ikinci yerdədir. Kilosu 2000 avro dəyərindədir. Bəzilərimizin yaşadığı evlərdən 5-10 metr aralıda kiloqramlarla yığa biləcəyimiz bu bitkidən hazırlanan yemək dünyanın bir çox ölkələrində ən bahalı restoranların menyusunda yer alır. Bəziləri onu yemək üçün xeyli pul xərcləyir. Onu da deyək ki, həmin bahalı yemək xalis bu bitkidən ibarət olmur. Sadəcə, uyğun bir yeməyin üzərində bir dilim desert kimi qoyularaq müştərilərə təklif edilir. Həmin menyularla tanış olub o yeməyin həsrətində olan insanlardan fərqli olaraq Naxçıvanda bu bitkidən istənilən qədər toplayıb bazarlarımıza çıxaranların sayəsində hər kəs onu istədiyi qədər yeyə bilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, bu gün Azərbaycanda davam etdirilən hüquqi-dünyəvi dövlət quruculuğu vətəndaşların hüquq və mənafelərinin ən yüksək səviyyədə təminatına xidmət edir. İnsanların hüquqlarının qorunması, əməyinin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin təşkili dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Muxtar respublikamızda da işçilərin hüquqlarının qorunması və ­əməyinin mühafizəsi daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir.
Qeyd olunub ki, əməyin mühafizəsi və yerlərdə təhlükəsizlik qaydalarına əməl olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası əməkdaşları 150-dən artıq tikinti, elektro­energetika, emal sənayesi və digər təşkilatlarda olub, maarifləndirici tədbirlər həyata keçirib, əməyin mühafizə edilməsi qaydalarına əməl olunmasına nəzarət gücləndirilib.
Şuranın əməkdaşlarından Ceyhun Məmmədov, Hüseyn Quliyev, Mərdan Qurbanov, Əfruz İsmayılova çıxış edərək bildiriblər ki, muxtar respublikamızda əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə göstərilən diqqət və qayğını özündə ehtiva edir. Muxtar respublikamızda təhlükəsiz əmək şəraitinin təmin olunması prosesində dövlət qurumlarının, işçilərin və işəgötürənlərin iştirak etməsi təqdirolunası amillərdir.
Tədbirin sonunda bir qrup əməkdaş “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubileyi” döş nişanı ilə təltif olunub.

 Nail ƏSGƏROV

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel Ümumdünya Əməyin Mühafizəsi Günü elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul edilmiş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə əmək hüquqları təmin olunur, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində və hava gəmilərində baş verən yanğınlar zamanı insanların xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyi ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, eyni zamanda çevikliyinin yoxlanılmasıdır.
Hava limanında keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, FHN-nin “112” və “101” xidmətlərinə ötürülməsi, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, eləcə də digər xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyə edilməsi, təyyarənin daxilində, eyni zamanda ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev ­siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə veteranlarına qayğı göstərilməsini də daim diqqət mərkəzində saxlayır.
Hər il olduğu kimi, bu il də ölkə başçısı aprelin 20-də “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalamışdır.
Həmin sərəncamın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən birdəfəlik maddi yardım hüququ yaranan şəxslərə vaxtında çatdırılması üçün müvafiq işlər həyata keçirilir.
Qeyd edək ki, sərəncama əsasən muxtar respublika üzrə 928 nəfərə birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulub. 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 903 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliy­yat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 500 manat məbləğində birdəfəlik müavinət ödəniləcəkdir.


Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR