Qədim diyarımız günü-gündən abadlaşan, müasirləşən kəndləri, nadir bitkilər bitirən dağları, güllü-çiçəkli, yamyaşıl bağları, çöl-çəmənlərindəki müxtəlif dərman otları ilə məşhurdur. Min bir dərdin dərmanı, məlhəmi olan bitkilər içərisində ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, çiriş, cacıq, baldırğan, çaşır, əməköməci, qazayağı, rəvənd, dağ kəvəri, yarpız, nanə, kəklikotu və adlarını saymaqla bitməyən, dad-tamı, ləzzəti, keyfiyyəti ilə seçilən bu bitkilərdən insanlar yaz ayları boyunca yararlanır, hətta qış üçün də tədarük edirlər.
Ana təbiətin mineral gübrəsiz, dava-dərmansız yetirib-bitirdiyi, insan sağlamlığı üçün möcüzəvi faydaları olan bitkilərdən hazırlanan müxtəlif çeşiddə yemək nümunələri mətbəx mədəniyyətimizi zənginləşdirməklə yanaşı, uzunömürlülüyün sirrini də özündə qoruyub saxlayır. Narın yaz yağışlarının, səhər şehinin yuyub tər-təmiz etdiyi bu bitkilərin əksəriyyəti təzə-tər halda, bəziləri qurudulmaqla, çoxu duza-turşuya qoyulmaqla ilboyu süfrələrimizin bəzəyi olur.
Hələ bu harasıdır, təmiz havasını ciyərlərimizə çəkdiyimiz dağlarımızda, məşhur yaylaqlarımızda bitən kəklikotu, solmazçiçək, yarpız, ətirsünbül, dağ nanəsi, çobanyastığı, boymadərən, batrınc, qantəpər kimi bitkilərin dəmləmələri – gümrahlıq və xoş əhval-ruhiyyə yaradan təbii çaylarımız sağlamlıq və enerji mənbəyidir. Pişikquyruğu, südləyən otu, çaytikanı, gülxətmi, dağ nanəsi, zirinc, yemişan, sumaq, nərbənd, pişpişə, yulğun, ardıc və digər onlarla bitki muxtar respublikamızın dağlarının müalicəvi əhəmiyyətə malik şəfa vasitələridir.
Belə bitkilərdən biri olan baldırğan muxtar respublikamızın nadir bitkilər siyahısına daxildir. Çoxillik ot bitkisi olan baldırğanın muxtar respublikamızda iki növü yayılıb. Bu nadir növlər Ordubad, Culfa, Şahbuz və Şərur rayonlarında, xüsusilə dağ çəmənliklərində bitir. Uca gövdəsi qamışvarı formada, içərisi boş boruyabənzər şəkildə olan bitkinin yarpaqları boz-yaşılımtıl iri və sadə lələkvarıdır. Hər bir dərdin dərmanı olan çiçəkləri isə ağ-sarımtıl-yaşılımtıl rəngdə olmaqla, külək və qanadlı həşəratlar vasitəsilə tozlanır. Baldırğanın əsas hissəsi cavan zoğlarıdır ki, tərkibində bir çox vitamin, şəkər və efir yağlarını birləşdirir. Bu bitkinin tərkibi elmi şəkildə tam öyrənilməsə də, bir çox növləri həvəslə yeyilir, o həm də onurğalı heyvanların qidalandıqları yem bitkisidir. Şahbuz rayonu sakinlərinin dediklərinə görə, Salvartı yaylağında bitən baldırğan növü bəzək bitkisi kimi, Kükü kəndində – Keçəldağ yamacları ətrafında yayılmış növü isə sənaye əhəmiyyətlidir.
Xalq təbabətində baldırğan bitkisindən bir çox xəstəliklərin müalicəsi üçün istifadə olunur. Bunun üçün bitkinin, əsasən, yarpaq, kök və toxumları toplanılır, dəmləməsi ilə daxili xəstəliklərin iltihabında istifadə edilir. Ürəkkeçmələrdə, astma xəstəliklərinin müalicəsində çox faydalı olan bu bitkinin kök hissəsindən alınan dərman qaraciyər və sarılıq xəstəlikləri zamanı işlədilir. Təzə toplanmış bitkinin çiçəklərinin dəmləməsi isə qastrit, həmçinin həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı effektiv təsir göstərir.
Baldırğan məişətdə də çox istifadə olunan bitkilərdən biridir. Belə ki, onun həm turşusu qoyulur, həm də mürəbbəsi bişirilir. Bu bitkidən müxtəlif qida məhsullarının hazırlanmasında da geniş istifadə edilir. Baldırğan yaz aylarında yığılıb duza qoyularaq konservləşdirilir. Duza qoyulmuş baldırğan da digər bitkilər kimi vitaminləri özündə saxlayaraq milli yeməklərlə bərabər süfrəyə gətirilir.
Ordubad rayonunun Üstüpü kənd sakini, 75 yaşlı Eyvaz Babayev deyir ki, baldırğan aran zonasında bəzi həyətlərdə becərilsə də, əsasən, dağlıq zonada bulaq və çayların kənarlarında bitir. Bizim kəvşən dediyimiz yerlərdə, su gələn arxların qıraqlarında, çay kənarlarında bu bitkiyə daha çox rast gəlinir. Çiçəkləri və yarpaqlarının özəkləri toplanır. Özünəməxsus xoş ətri ilə seçilən baldırğanı həm uşaqlar, həm də böyüklər çiy halda qabığını soyub yeməyi çox sevirlər.
O deyir ki, baldırğan çiçəyinin faydasını görənlərdən biri də mənəm. 2003-cü ildə qaraciyərim bərk ağrımağa və getdikcə əziyyət verməyə başladı. Haraya üz tutdumsa, xeyri olmadı. Çox dilxor oldum. Bəs çarəsi nə olacaq? – deyə düşündüm. Kəndimizin yaşlı qadınlarından biri mənə dedi ki, baldırğan çiçəyi dəmlə, iç. İki ay deyilən kimi etdim. Günbəgün vəziyyətim yaxşılaşdı. Xəstəlikdən əsər-əlamət qalmadı. Şükür Allaha, hələ də ağrı-acısız yaşayıram.
Eyvaz dayının xanımı da söhbətimizə qoşularaq bildirdi ki, baldırğan qiymətli qida məhsulu kimi süfrələrimizin bəzəyidir. O qeyd etdi ki, həmin bitkinin zoğlarını təzə vaxtı yığır, duzlu suda turşuya qoyur, qış üçün tədarükümüzü görür, bazara da çıxarırıq. Hətta onun mürəbbəsini də bişiririk. Evimizə gələn qonaqlar üçün süfrəyə gətirdiyimiz dadlı-ləzzətli baldırğan mürəbbəsini çox bəyənir, hətta reseptini də soruşurlar.
Muxtar respublikamız baldırğan kimi yüzlərlə sağlamlığımızı bərpa edən bitkilərlə zəngindir. Bizim də borcumuz təbiətimizi mühafizə etməklə cəmiyyətin qiymətli sərvətlərindən biri olan bitkilərimizi qorumaqdır.
Güntac ŞAHMƏMMƏDLİ