Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd edib ki, bu gün muxtar respublikada, o cümlədən Babək rayonunda uşaqların təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Bu məqsədlə ümumtəhsil məktəbləri, uşaq musiqi məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri üçün binalar tikilərək, mövcud binalar isə yenidən qurularaq istifadəyə verilib, onların maddi-texniki bazası gücləndirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi diqqət mərkəzində saxlanılır. Komitə tərəfindən monitorinqlər, sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılıb, bununla əlaqədar yaşayış məntəqələrində maarifləndirici tədbirlər keçirilib.
Sonra 2017-2018-ci tədris ilində rayonda müxtəlif sahələr üzrə fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti