Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Sədərək Rayon Mədəniyyət Evində tədbir keçirilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, muxtar respublikada, o cümlədən Sədərək rayonunda uşaqların hüquqlarının müdafiəsinə dövlət qayğısı göstərilir, onların sağlam və hərtərəfli böyüməsində lazımi tədbirlər görülür. Bu gün rayonda yaşayan və təhsil alan uşaqların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin dövlətçilik tariximizi onlara aşılamaq istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıb ki, muxtar respublikada istifadəyə verilən, maddi-texniki bazaya malik olan müasir təhsil ocaqları tədrisin keyfiyyətinin yüksəldilməsinə, uşaqların yüksək səviyyədə təhsil almasına şərait yaradıb. Humanist və xeyirxahlıq prinsiplərinin dövlət uşaq siyasətində mühüm yer tutduğu muxtar respublikada həm dövlət uşaq müəssisələrində, həm də ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin aztəminatlı ailələrin uşaqlarına məktəbli geyim dəstləri və dərs ləvazimatları verilir, onların tarixi-memarlıq abidələri və muzeylərlə tanışlığı, Ağbulaq İstirahət Mərkəzinə gəzintiləri təşkil olunur. Eyni zamanda muxtar respublikada uşaqların zövqünə uyğun, asanlıqla qavraya biləcəkləri uşaq ədəbiyyatının nəşri də prioritetlər sırasındadır. Komitə sədri yekunda muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib, uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik edib.
Sonra təşkilatçılar tərəfindən 2017-2018-ci tədris ilində Sədərək rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə yekunlaşıb.
Qeyd edək ki, analoji tədbir Şahbuz rayonunda da keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti