Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmış, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilmişdir.
İyunun 1-də bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə bağlı ardıcıl tədbirlər görülür. Ötən dövrdə bərpa mərkəzləri yeni tibbi avadanlıqlarla və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilib, məhdud fiziki imkanlılar üçün Distant Tədris Mərkəzi istifadəyə verilib. Həmçinin defektoloji xidmətin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad şəhərlərində təlim-bərpa otaqları yaradılıb, əmək terapiyası, artterapiya, multisensorlu terapiya, görmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana xidmətləri fəaliyyətə başlayıb. Bərpa mərkəzlərinə yeni tibbi avadanlıqların alınması, müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün əyləncəli oyun sahəsinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Sonra tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edilib.
Valideynlər yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, attraksionların yerləşdiyi ərazidə abadlıq işləri aparılıb, sahəyə xüsusi elastik örtük vurulub. Ərazidə 18 yaşından yuxarı sağlamlıq imkanları məhdud şəxslər üçün idman avadanlıqları da quraşdırılıb.
Yeni alınan tibbi avadanlıqlar mərkəzi və periferik sinir sistemi ilə əlaqəli hərəkət pozğunluqlarının, venoz və limfa sistemində olan durğunluqların müalicəsində, habelə dayaq-hərəkət aparatının travmatik xəstəliklərinin bərpasında istifadə olunacaqdır. Əlillərin Bərpa Mərkəzində bu məqsədlə yeni fizioterapiya otağı qurulub. Mərkəzdə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqları da yaradılıb. Həmçinin burada müalicəvi bitki vannalarının da tətbiqi nəzərdə tutulur. Vannalarda sinir sistemini sakitləşdirici, əzələ gərginliyini azaldan və əzələ tonusunu yüksəltmək kimi xüsusiyyətlərə malik bitkilərdən istifadə olunacaqdır. Həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiya imkanlarını daha da artıracaqdır.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti