Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Zaur Əliyev, Natiq Həsənov və sektor müdiri Əsgər Əhmədov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafikləri daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərə texniki baxışlar təşkil olunub. Müəyyən edilən nasazlıqlar aradan qaldırılıb, avtobus sürücülərinə lazımi köməkliklər göstərilib.
Vurğulanıb ki, taksi sürücüləri ilə mütəmadi olaraq maarifləndirmə işləri aparılır, onların geyim formasına, istifadə etdikləri avtomobillərin təmizliyinə, sərnişinlərlə rəftarına, tarif qiymətlərinə əməl etmələrinə, məxsus olduqları zona hüdudlarındakı fəaliyyətlərinə ciddi nəzarət olunur. Taksi sürücüləri muxtar respublikanın turizm mərkəzlərini, muzeylərini, tarixi-mədəni abidələrini özündə əks etdirən turist xəritələri, müxtəlif bukletlərlə təmin edilib, mütəmadi olaraq muzeylərdə sürücülərin iştirakı ilə məlumatlandırma tədbirləri həyata keçirilir.
Nail ƏSGƏROV