23 Dekabr 2024, Bazar ertəsi

İyunun 1-də Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işi sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov tədbiri açaraq rayonda sığorta sahəsində görülən işlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafında sığortanın əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulması sahəsində 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqlar xüsusilə əhəmiyyətli olub.
Bildirilib ki, sığorta işinin genişləndirilməsi məqsədilə muxtar respublikada həyata keçirilmiş tədbirlər nəticəsində vətəndaşların vaxtında sığortalanması təmin olunub, sığorta hadisələri baş verdiyi zaman insanların sağlamlığına, daşınmaz əmlakına, habelə avtomobillərə və kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə görə ödənişlər verilir, bunun vasitəsilə də zərərlərin nəticələri qısa müddətdə aradan qaldırılır.

Qeyd olunub ki, hər bir vətəndaşın rifahının təmin edilməsi üçün ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən gözlənilməz hadisələrdən sığorta təmin olunmalıdır. Bu istiqamətdə işlərin daha da genişləndirilməsinin vacib olduğunu bir daha qeyd edən baş direktor bildirib ki, Şərur rayonunda da sığorta fəaliyyətinin genişləndirilməsi üzrə müəyyən işlər görülüb. Belə ki, ümumilikdə, ötən dövr ərzində rayonda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2679, daşınmaz əmlakın icbari sığortası üzrə isə 4163 sığorta müqaviləsi bağlanılıb.
Baş direktor Şərur rayonunda icbari və könüllü sığorta növləri üzrə görülmüş işləri təhlil edərək qarşıda duran vəzifələrdən də danışıb. Vurğulayıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası tam şəkildə təmin edilməlidir. Bununla əlaqədar baş direktor nəzərə çatdırıb ki, son dövrlərdə Şərur rayonunda sığorta sahəsində görülmüş işlərlə bərabər, icbari qaydada sığorta edilməli olan vətəndaşlara və sahibkar­lara məxsus daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hələ də sığorta olunmayan hüquqi və fiziki şəxslər qalmaqdadır.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bu barədə də danışan baş direktor bildirib ki, böyük aqrar potensialı olan Şərur rayonunda kənd təsərrüfatı sahəsində aparılan sığorta işi burada fəaliyyət göstərən torpaq mülkiyyətçilərinin və fermerlərin istehsal etdikləri məhsullara dəyməsi ehtimal olunan zərərlərin əvəzinin ödənilməsinə təminat verir. Buna görə də bildirilib ki, əkin sahələrinin, meyvə bağlarının, heyvanların sığortalanması məqsədilə fermer və torpaq mülkiyyətçiləri arasında maarifləndirici işlər genişləndirilməlidir.
Sonra Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov, rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Ədalət Şükürov sığorta sahəsində görülmüş işlər barədə məlumat veriblər.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR