23 Dekabr 2024, Bazar ertəsi

Ötən şənbə və bazar günləri doğma şəhərimizdə əsl bayram ab-havası hiss olunurdu, insanlar “Naxçıvanqala” Tarix-Memarlıq Kompleksinə tələsirdi. Artıq səhər saatlarından başlayaraq həmin ünvana, sözün həqiqi mənasında, insan kütləsi axışırdı. Biz də yolumuzu məhz bu qədim tarixi abidədən, festivala ev sahibliyi edən ünvandan salmışdıq. Yolboyu yanından ötüb keçdiyimiz insanların çöhrələrindəki təbəssümdən də duyulurdu ki, son illərdə belə festivalların sayının çoxalması doğma diyarımızın artan iqtisadi imkanını, biz sakinlərin sosial rifahının yaxşılaşmasını göstərir. Təsadüfi deyil ki, hər festival bir il öncəkinə nisbətən daha baxımlı, daha mütəşəkkil keçir. Bu, bir şəhər sakini kimi məni də çox sevindirir.

Naxçıvanqalaya çatana yaxın könül­açan mahnıların sədalarını eşidirik. Çox çəkmir, həmin ünvana yetişirik. Budur, qədim abidə qapılarını öz qonaqlarının üzünə tağbatağ açıb. İçəri daxil olarkən qələbəlik müşahidə edirik, böyükdən-kiçiyə hər kəsin sevincli olduğu elə ilk andan diqqətimizi çəkir. Öyrənirik ki, festivala muxtar respublikanın bölgələrindən göycə və bu meyvədən hazırlanan məhsullar çıxarılıb. Bölgələr üçün ayrılmış pavilyonlar sıra ilə düzülüb, bununla bağlı tanıtım lövhələri yerləşdirilib.

Festivalın açılış tədbirində çıxış edən AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirir ki, Naxçıvanda göycənin iriliyinə, dadına və digər genetik xüsusiyyətlərinə görə 5-dən çox növünə rast gəlinir. Azərbaycan dilində yalnız Naxçıvan dialektinə məxsus “göycə” sözü göy-yaşıl mənası ilə bərabər, həm də yeni, təzə mənasında işlənilir ki, bu da yazda ilk yetişən faraş meyvə kimi Naxçıvan göycəsinə şamil olunur. Alimin sözlərinə görə, Naxçıvanda, əsasən, Arazboyu maili düzənlik ərazilərdə göycə bağlarının salınması üçün əlverişli ekoloji şərait mövcuddur. Muxtar respublika rəhbərinin Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində göycə kimi brend məhsullarımızın istehsalının daha da artırılması, bu sahədə elmi tədqiqatların aparılması, bağçılıqda dünya standartlarının mənimsənilməsi üçün geniş imkanlar açılıb. Bu mənada, yazın ilk yeyilən meyvələrindən olan göycənin vətəni Naxçıvanda meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər artıq bəhrəsini verməyə başlayıb.
Festivala gələnlərin təəssüratlarını öyrənmək üçün ilk olaraq Babək rayonu üçün ayrılmış pavilyona üz tuturuq. Rayonun Sirab kənd sakini Müslüm Xəlilov deyir ki, artıq üçüncü ildir, bu festivala məhsul çıxarır. Keçən il yaxşı qazanc əldə etdiyi üçün bu il daha çox göycə gətirib. Festivalın başlanmasından az bir vaxt keçməsinə baxmayaraq, gətirdiyi 300 kiloqram göycənin artıq xeyli hissəsini sata bilib.
Culfa rayonuna məxsus guşədə göycədən hazırlanan turşular, kompotlar düzülüb. Buradan həm göycənin özünü, həm də kompotunu alan Arifə Vəliyeva Bakıda yaşayan qohumlarına da həmin məhsullardan göndərəcəyini bildirir. Deyir ki, sözün düzü, festivalın keçiriləcəyi günü Bakıdakı qohumlarımız bizdən daha çox arzulayırlar. Artıq 2-ci ildir ki, onlara da göycə alıb yollayıram. Deyirlər Bakıda hər kəs Naxçıvan göycəsini bəyənir, digər bölgələrdə yetişən göycələrin dad-tamı onun yerini vermir. Bu sözlər bir naxçıvanlı kimi məni çox sevindirir. Bəli, Ulu Tanrı Naxçıvan torpağından öz səxavətini əsirgəməyib, doğma diyarımıza min bir nemət bəxş edib.
Culfa rayonunun Yaycı kənd sakini Qüdrət Xudaquliyev festivala 100 kiloqram göycə gətirib. Deyir ki, həyətinin bu məhsulunu hər il bazarda satırdı. Festivalın təşkili bu məhsulun satışına daha geniş şərait yaradıb. Burada muxtar respublikanın bütün bölgələri öz məhsulu ilə iştirak edir. Qüdrət də cari il bağında yaxşı məhsul yetişdirib və festivala çıxarıb.
Xarici ölkə vətəndaşları da bu məhsul bayramına böyük maraq göstərirdilər. Muxtar respublikaya dəfələrlə gəldiyini deyən Türkiyə vətəndaşı Metihan Ünal söhbət zamanı bildirdi ki, ailəsi ilə birlikdə hər il Naxçıvanda olmaqdan, qədim diyarın gəzməli-görməli yerlərinə tamaşa etməkdən böyük zövq alır. O qeyd etdi ki, Naxçıvan torpağında ləziz nemətlərin yetişdiyini yaxşı bilirik. Buradakı dost-tanışımızın sayəsində həmin meyvələrin dadına çox baxmışıq. Onu da deyim ki, burada yetişən göycənin bambaşqa dad-tamı var. Belə ləzzətli göycəni əvvəllər heç yerdə yeməmişəm. Festivalda olduğumuz zaman gördük ki, qədim diyarınızın hər bir guşəsindən buraya göycə çıxarıb sərfəli qiymətə satırlar. Satışa çıxarılan göycədən xüsusi zövqlə hazırlanmış kompot, göycə qurusu və turşuları diqqətimi çəkdi. Qiymətləri də ürəyimcə oldu.
Həmsöhbət olduğumuz Cənubi Koreya vətəndaşları Lee Jin, Seo Sumi və İrandan olan Samaya İrani də təşkil olunan festival barədə məmnun­luq hissi ilə danışdılar.
Paytaxt Naxçıvan şəhərinin pavilyonu da diqqətimizdən yayınmır. Bu guşəni digərlərindən fərqləndirən cəhət məhsul çıxaranlar arasında təsərrüfat sahibləri ilə yanaşı, sahibkar­lıq subyektinin də yer almasıdır. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid piştaxtalarda nümayiş etdirilən məhsullar çeşidli olması və xüsusi zövqlə qablaşdırılması ilə seçilir. Belə ki, burada məhsulun kompot və turşuları ilə yanaşı, alça və göycə quruları da sərfəli qiymətə təklif olunur.
Naxçıvan şəhərinin Tumbul kənd sakini Kamil Bayramovun çöhrəsində yaranan təbəssümü görüb ona yaxınlaşırıq. Deyir ki, bu gün Naxçıvanqala əkib-becərənlərin, məhsul bolluğu yaradanların ixtiyarına verilib. İndi bu məkanda haraya baxsan, alın təri axıdıb, zəhmət çəkən insanların yaratdığı məhsul bolluğunu görə bilərsən.
Öyrəndik ki, o, festivala gətirdiyi 120 kiloqram göycənin artıq çoxunu sata bilib. Yaradılan imkanlar onu da çox sevindirir və buna görə təşkilatçılara minnətdarlığını çatdırır.
Məlumat üçün bildirək ki, budəfəki festivala 186 fərdi təsərrüfatçı və “Naxçıvan məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, ümumilikdə, 12 ton 700 kiloqram məhsul çıxarılmışdı. Festivalın sonunda “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim edildi. Müsabiqənin nəticələrinə əsasən Naxçıvan şəhəri və Şərur rayonundan müvafiq olaraq Sabir Tağıyev və Aftandil İsmayılov festivalın qalibləri oldular. Babək və Ordubad rayonlarından Vahid Həsənov və Yaqut Babayeva ikinci, Culfa və Kəngərli rayonlarından Cabbar Nəcəfov və Şahmar Məmmədov isə üçüncü yerə layiq görüldülər. Onlarla söhbət zamanı festivalın təşkilinə görə minnətdarlıqlarını bildirdilər.
Muxtar respublikamız günü-gündən sürətlə inkişaf edir və bu tərəqqi biz vətəndaşların sosial rifahının yüksəlməsilə nəticələnir. Belə festivalların təşkil edilməsi təsərrüfat sahiblərinə ərsəyə gətirdikləri məhsulları sərfəli qiymətə satmaq üçün geniş imkanlar yaradır. Digər bir tərəfdən isə belə festivallar qədim diyarımızda yetişdirilən dadlı-tamlı məhsulların təbliği, tanıdılmasına töhfə verir.
Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasının xoş ovqat bəxş edən rəngarəng konsert proqramı ilə yanaşı, göycədən hazırlanan müxtəlif fiqurlar, kompozisiyalar da festival iştirakçılarında böyük maraq yaratdı.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR