Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək bildirib ki, uşaqlara qayğı göstərmək, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyümələrini, milli və mənəvi dəyərlərimizə sadiq bir şəxsiyyət kimi formalaşmalarını təmin etmək muxtar respublikada qarşıya qoyulan əsas məqsədlərdəndir. Muxtar respublikanın bütün rayonlarında, o cümlədən Culfa rayonunda uşaqlar yüksək qayğı ilə əhatə olunur, yeni tikilmiş və ya əsaslı təmir olunmuş məktəblərdə təhsil alır, asudə vaxtlarını məktəbdənkənar təhsil müəssisələrində səmərəli keçirirlər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxışında bildirib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, istedadlarının üzə çıxarılmasına həssaslıqla yanaşılır, ən mütərəqqi üsullar tətbiq edilir, dövlət proqramları qəbul edilərək icra olunur. Həyata keçirilən bu tədbirlər uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində görülən işlərin tərkib hissəsini təşkil edir.
Sonra 2017-2018-ci tədris ilində Culfa rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, həmin gün 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası da keçirilib. Bir neçə saat davam edən aksiyada 18 nəfər könüllü olaraq qan verib. Onlardan götürülən 9 litr qan Mərkəzi qan bankına təhvil verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti