23 Dekabr 2024, Bazar ertəsi

“On bir ayın sultanı” da adlandırılan Ramazan ayında müsəlmanlar Uca Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bu müqəddəs ay Allahı dərk etmək, ruhən təmizlənmək və Ulu Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birliyin, bərabərliyin, xeyirxahlıq və şəfqətin, ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ­ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. 

Müsəlman aləminin böyük bayramlarından biri olan Ramazan bayramı hicrətin ikinci ilindən etibarən qeyd olunmaqdadır. Bu bayram hicri­-qəməri təqviminin doqquzuncu – Ramazan ayının ardınca şəvval ayının ilk üç günü boyunca qeyd olunur. Müsəlmanlar oruc ibadətlərini bitirdikdən sonra bir yerə yığılır, bayram namazı qılırlar. Bayramın fəzilətlərindən biri müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, əgər arada inciklik varsa, bu incikliyin aradan qaldırılmasıdır.

Bayram günləri oruc tutmaq günahdır. Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmazdan öncə mütləq yemək ­yeməlidir.
Ramazan bayramı maddi dünyanın deyil, mənəvi aləmin təntənəsidir. Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları bizə təqdim edən Ramazan bayramını bu il də böyük sevinclə qarşılayırıq. Bayram günü birinci olaraq valideynlərimizi təbrik etməli, qulluqlarında durmaqla onlara sevinc yaşatmağa çalışmalıyıq. Allah-Taala “Qurani-Kərim”də valideynlərə hörmət etməyin vacibliyini buyurub. Xüsusilə bayram günlərində ailə üzvlərini sevindirmək, onlara qarşı səmimi məhəbbət nümayiş etdirmək bu bayramın şərtlərindəndir.
Müqəddəs Ramazan bayramı hər il dünya müsəlmanları tərəfindən böyük təntənə ilə qeyd olunur. Bu bayram bütün İslam aləminin həmrəylik və qardaşlıq timsalına çevrilib. Bayram günlərində insanlar arasında Allaha inam, Vətənə, torpağa, xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi yaşanır.
Tarixboyu öz mənəvi dəyərlərini uca tutmuş Azərbaycan xalqı da dünya müsəlmanlarının mübarək Ramazan bayramını könül xoşluğu ilə qeyd edir. Bu bayram günlərində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsi ehtiramla yad edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Ramazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd olunmağa başlanılıb. Ulu öndərimiz xalqımıza belə bir bayramı böyük coşqu və sevinclə qeyd etmək kimi müqəddəs bir ənənəni miras qoyub. Ümummilli liderimizin bu istiqamətdə müəyyənləşdirdiyi siyasət indi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir.
Bu gün Azərbaycan dünyanın ən tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.
Muxtar respublikamızda da milli­-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir, ziyarətgahlarımız, məscidlərimiz təmir və ya bərpa olunur. Hər il Ramazan ayının fəzilətlərinin həyata keçirilməsi, iftar süfrələrinin açılması və bu bayramın həmrəyliklə qeyd edilməsi ənənə halını alıb. Mayın 29-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə iftar süfrəsi açılmışdır. İftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq demişdir: “Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan “Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir. Dini dəyərlərə göstərilən ehtiramın nəticəsidir ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı ­seçilmişdir”.
Ali Məclisin Sədri müqəddəs dəyərlərimizin daim uca tutulması diləyi ilə müqəddəs Ramazan ayında duaların və niyyətlərin qəbul olunmasını arzulamışdır.
Qeyd edək ki, bayramdan öncə imkanı olan hər bir müsəlmanın fitrə verməsi vacibdir. “Fitr” oruclu olmama halını ifadə edir. Ramazan ayı boyunca oructutan müsəlmanlar bu ay sona çatıb şəvval ayı girincə oruca son verirlər və bayram edirlər.
Fitr sədəqəsinin miqdarı bir nəfər üçün 5-10 manatdır. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna, ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Zəkatın hansı şəxslərə verilməsi ilə əlaqədar “Qurani-Kərim”in “Tövbə” surəsinin 60-cı ayəsində bildirilir: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isnişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir”.
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Allah orucunuzu və dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək olsun!


Vüqar Babayev
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR