23 Dekabr 2024, Bazar ertəsi

Yayın isti günlərindən qaçıb günlərlə, bəzənsə aylarla çadırlarımızı qurub başı göylərə ucalan qollu-budaqlı sıx ağaclarının kölgəsinə sığındığımız meşələrimizi həm də hər birimizin yaşıl evləri hesab etmək olar. Təbiətimizin yaşıl ciyəri, oksigen mənbəyi olan meşələrimizdən söhbət düşəndə xəyalən 1990-cı – muxtar respublikamızın blokadaya salındığı ilk illərə qayıdır, hər dəfə də özümüzdən asılı olmayan səbəblər üzündən təbiətimizə vurduğumuz zərbənin təəssüfdolu acı xatirələrini yaşamalı oluruq. Elektrik enerjisinin, təbii qazın kəsildiyi o illərdə enerji mənbəyi kimi baxdığımız meşələrimiz arxamızda dağ kimi dayandı. 

Ümid yeri, ata ocağı bilib üz tutduğumuz meşələrimizdən əliboş qayıtmadıq. Bəzən təbiətin özünün, bəzənsə bizim əllərimizlə yaratdığımız təbii sərvətimiz o ağır illərin sərt qışlarında evlərimizdəki körpələrimizi, xəstələrimizi soyuqdan donmaqdan xilas etdi, yeməyimizi “bişirdi”, çayımızı “qaynatdı”. Düşmənin əzmimizə mənəvi zərbə endirmək məqsədilə tuşladığı “baltanın” qarşısına meşələrimiz “sinəsini verdi”. Özünün məhv olmasını naxçıvanlıların məğlub olmasından üstün bildi. Çünki belə bir deyim var, insan olmayan yerdə təbiət “yetim qalar”. Bu yerin insanlarının yaşaması sabah meşələrin bərpası, yüzlərlə hektar yeni meşə örtüyünün yaradılması demək idi və belə də oldu...

Həmin çətin illəri naxçıvanlılarla birgə yaşayan ümummilli liderimiz Heydər Əliyev hər biri bir dədə-baba yadigarı olan və əlacsızlıqdan kəsilən ağacların yerində yaranan görüntünü “təbiət qəbiristanlığı” adlandırıb və təbiətə dəyən bu ziyanın tezliklə aradan qaldırılması üçün tövsiyələr verib, bu yerin insanlarını ağac əkib bağ salmağa dəvət etmişdi. Onun 1993-cü il aprelin 2-də qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan yaşıllaşdırma tədbirləri bu gün bütün ölkə ərazisində davam etdirilir. Respublikamızda bu işlərin planlı aparılması üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı dövlət proqramlarına, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”na uyğun olaraq, yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması sahəsində tədbirlər bu gün də ardıcıllıqla davam etdirilir.
Meşələrin əhəmiyyəti, muxtar respublikada bu sahədə görülən işlər barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsinin müdiri Mayis Əliyevdən aldığımız məlumatda bildirilir: – Təkrarolunmaz və orijinal komponent olan meşələrin Yer kürəsinin “təbii istehsalat müəssisəsi” adlandırılması onun təbiətdəki rolunu tam əks etdirir. Meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Bu yaşıl sərvətimiz fitonsid xüsusiyyətinə malik olub, zərərli mikroorqanizmləri məhv edir. Meşələrimiz buxarlanmanı da zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bunlarla yanaşı, bu yaşıl örtüyün təbiətdə ən böyük rolu hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen buraxmasıdır. 1 hektar meşə sahəsi hər saatda 8 kiloqram karbon qazını udur, bu da saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələr, həmçinin torpaqların münbitliyinin qorunması, eroziyanın, şoranlaşmanın, səhralaşmanın qarşısının alınması, su və atmosfer mühitində balansın tənzimlənməsi, canlıların zərərli təsirlərdən qorunması, sanitar funksiyaları daşımaqla sanki canlıların yaşam təminatçılarıdır.
Muxtar respublikamızda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil etdiyi üçün xüsusilə torpaqların münbitliyinin bərpa olunmasında yaşıllaşdırma tədbirlərindən geniş istifadə edilir. Yaşıllıq sahəsi seçilərkən, əsasən, kənd təsərrüfatı əkinləri üçün yararsız sahələr götürülür ki, bu da ekoloji tarazlıqla bərabər, iqtisadi səmərəliliyin əldə olunmasına da şərait yaradır. Külək və su eroziyasının qarşısının alınması istiqamətində hər ilin yaz və payız fəsillərində torpaq, iqlim və hidromühitin fiziki-kimyəvi xüsusiyyətləri nəzərə alınmaqla sahələrdə tarlaqoruyucu, sahilbərkidici işlər aparılır, eroziya və sürüşməyə meyilli ərazilərdə meşə massivləri və meyvə bağları salınır. Son illər ərzində Naxçıvançay, Gilançay, Əlincəçay vadilərində, xüsusi mühafizə olunan təbiət ərazilərində, Darıdağda, “İşgəsu” massivində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun sağ və sol hissələrində, Didivar kəndindəki mövcud təpələrdə terras üsulu ilə, Ziyarətgah, Vəlidağ, Duzdağ Fizioterapiya Mərkəzi ətrafında, Naxçıvan-Sədərək, Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Culfa magistral avtomobil yollarının sağ və sol hissələrində, Arpaçay sol sahil kanalının aşağı sahillərində, Dəmirçi kəndinin yuxarı hissələrində yaşıllıq və meşə meliorativ tədbirləri aparılıb. Bundan əlavə, Naxçıvan şəhərinin və muxtar respublikanın mövcud sututarlarının, çay massivlərinin və su kanallarının ətrafında, xüsusi mühafizə olunan ərazilər şəbəkəsində 17 min hektardan çox sahədə yaşıllıqlar, meşə massivləri, meyvə bağları salınıb.
Ən qiymətli sərvət və ekoloji problemlərin aradan qaldırılmasında əsas təbii vasitə olan meşələrimizin mühafizəsi, artırılması məqsədilə görülən işlər öz bəhrəsini verməkdədir. Təbii meşə ehtiyatı az olan və 1990-cı illərdə insanların enerji ehtiyatı kimi baxdığı meşələrimizin son 25 ildə ümumi sahəsi 0,6 faizdən 14 faizə qədər artmışdır. Qeyd edək ki, muxtar respublikada adambaşına düşən yaşıllıq sahələrinin həcmi 0,012 hektardan 0,21 hektara qədər yüksəlmişdir. Müqayisə üçün bildirək ki, 1995-ci ildə bu göstərici yalnız 1 faiz təşkil edirdi. Kəskin kontinental iqlim şəraiti olan regionumuzda meşə ehtiyatlarının bu qədər artması göstərilən qayğının və düzgün ekoloji tədbirlərin nəticəsidir.
Meşə örtüyü bütün canlılar, xüsusilə də insanlar üçün çox gərəklidir. Elə Həzrəti Məhəmməd Peyğəmbərin “Görsəniz, qiyamət qopur, yenə əlinizdəki fidanı əkin” kəlamı da ­yaşıllıqların, meşələrin faydasını ifadə edir.
Yeni meşəliklər salınan muxtar respublikamızda yaşı yüzilliklərə, qərinələrə söykənən Biçənək, Bist, Tillək, Güznüt, Payız, Xal-xal, Rüstəm, Pircüvar və sair kimi təbii və mədəni meşələrimizdən də bəhs etmək yerinə düşər. Çünki hər birimizin evlərimizdəki ahıl yaşlılarımız kimi, yaşıl evlərimizin də “qocaman sakinlərinin” bu gün qayğıya, qorunmağa daha çox ehtiyacı var. Bu meşələrdən birinin – Güznüt meşəsinin gözətçisi Əbdüləli Məmmədovla söhbətimiz zamanı o, çox maraqlı məqamlara toxundu: – Uzun illərdir ki, meşəbəyi işləyirəm. Bəzən düşünürük ki, meşələr tək yayda istidən qorunmaq, dincəlmək üçündür. Amma belə deyil. İlin bütün fəsillərində bura gələnlər var: qonaqlar, turistlər, rəsm çəkənlər, xəstələr… Çoxillik müşahidələrimə əsasən deyə bilərəm ki, burada müxtəlif­xarakterli insanlarla qarşılaşmışam. Bu insanlar arasında təbiəti göz bəbəyi kimi qoruyanlara da, ona qənim kəsilənlərə də rast gəlmişəm. Əlbəttə, meşənin həmişə təmiz saxlanmasına çalışmışam, bunu buraya gələnlərin də diqqətinə çatdırmışam. İndi bütün meşələrə tullantı qutuları qoyulub, üzərinə də “təmizlik qutusu” yazılıb. Bu sözlər insanları meşəni təmiz saxlamağa “çağırır”. İstirahətə gələnlərə həmişə deyirəm ki, meşələrimizi də evlərimiz kimi təmiz saxlamalı, onlara qayğı ilə yanaşmalıyıq. Əgər mədəni istirahət üçün təbiətə üz tutub günlərlə burada vaxtınızı keçirirsinizsə, deməli, meşələrimiz də sizin eviniz kimi doğma olmalıdır.
Meşə gözətçisinin də fikirlərini dinlədikdən sonra belə qənaətə gəlmək olar ki, meşələrimiz də digər təbii sərvətlərimiz kimi insanların yaşayış tərzinə birbaşa nüfuz edir. Təbiət nə qədər zəngin olarsa, insanın zövqünü də bir o qədər oxşayar, sağlamlığına da bir o qədər müsbət təsir göstərər. Belə isə fərqli rəftarımızdan asılı olmayaraq, hər kəsə qucağını səxavətlə açan meşələrimiz, həqiqətən, bizim yaşıl evlərimizdir. Xoş günlərimizlə yanaşı, dar günlərimizdə də üz tutub çətinliklərimizi onların sayəsində aşdığımız meşələrimizə həmişə məhəbbətlə, qayğı ilə yanaşarıqsa, zənginləşdirib, qoruyub, səmərəli istifadə edəriksə, ana təbiətimizin qucağındakı yaşıl evlərimizin qapıları da üzümüzə daim açıq olar.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR