23 Dekabr 2024, Bazar ertəsi

Bir neçə gündür ki, müqəddəs Ramazan ayını yaşayırıq. Bu ayı müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Həmin ay müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Oruc Həzrət Adəmdən (ə) bəri bütün peyğəmbərlərə və onların ümmətlərinə vacib buyurulmuş qədim ibadətdir. Məsələn, Həzrət Nuh (ə) bayram günləri istisna olmaqla, bütün ilboyu, Həzrət Davud (ə) isə günaşırı oruc tutarmış. Bu barədə “Qurani-Kərim”də “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (“əl-Bəqərə”, 183) bildirilir.

Həzrət Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Ramazan ayı gələndə cənnətin qapıları açılır”.
Bu ibadət müsəlmanlara Uca Yaradan tərəfindən hicrətin ikinci ilində – şaban ayının on üçündə bəxş edilmişdir. Ramazana bəzən orucluq ayı anlamına gələn “şəhri-sıyam” da deyirlər. Ərəb mənşəli “savm” (cəmdə işləndikdə “sıyam”) kəlməsi Azərbaycan dilinə tərcümədə “nəfsə hakim olmaq” mənasındadır.
Ramazani-Şərif həm də müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki müqəddəs “Qurani­-Kərim” bu ayda nazil olmağa başlamış, Həzrət Məhəmmədə (s.a.v) peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də də əksini tapmışdır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (əl-­Bəqərə, 185).
Oruc ibadətinin həm mənəvi, həm də sağlamlıq baxımından faydaları çoxdur. Bu ibadətin fəzilətlərindən biri insanlarda mərhəmət və xeyirxahlıq hisslərinin güclənməsidir. Belə ki, ömürboyu çətinliyin nə olduğunu bilməyən zənginlər kasıbların halını anlaya bilməzlər. Lakin həmin insanlar oruc tutarsa, aclığın nə olduğunu başa düşərək yoxsulların əziyyətlərini hiss edər və onların qəlblərində şəfqət duyğuları yaranar. Beləliklə də, imkansızlara kömək edərək sıxıntılardan qurtarmağa çalışarlar.
Orucluq, eləcə də insana nemətlərin qiymətini öyrədir. Çünki insan sahib olduğunun dəyərini onu itirdikdən sonra bilir. Oructutmada bir müddət dünya nemətlərindən uzaq olan şəxs yenidən onları əldə etdikdə sevinər, həm də Allaha şükür etməyi öyrənər. Bu ayin həm də insanı sağlamlaşdırır. Çünki on bir ay ərzində çalışan insan orqanizmi orucluq vaxtı dincəldikdən sonra funksiyasını daha rahat yerinə yetirir.
Müasir tibb elmi də orucun faydalarını göstərmişdir. Fransız alimi, Nobel mükafatı qazanmış Aleksi Karel məsələ ilə bağlı fikrini belə bildirmişdir: “Orucluq müddətində orqanizmdə yığılmış qida maddələri işlənir, sonra isə onların yerinə yeniləri gəlir və vücudda təzələnmə baş verir. Bu və digər baxımdan oruc sağlamlıq üçün faydalıdır”.
Məsələ ilə bağlı Rəsulullah (s.a.v) da hədislərində buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız” (“Kəşfül-Xafa”).
Həddi-büluğa çatmış, ağlı yerində olan hər müsəlmana oruc vacibdir. Üzrsüz səbəbdən oruc tutmamaq günahdır və cəzası (kəffarəsi) vardır (Kəffarə bir gün bilərəkdən tutulmamış oruca görə iki ay ardıcıl oruc tutmaq və ya altmış yoxsulu doyuzdurmaqdır). Oruc tuta bilməyən əldən düşmüş və yaşlı şəxslər isə Ramazanın hər günü üçün fidyə verirlər. Fidyənin miqdarı fitrə qədərdir.
Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur. Ay 29 gün davam edəndə də orucluq tam hesab edilir. Çünki vacib olan ayı bütünlüklə oruclu keçirməkdir. Necə ki Rəsulullah (s.a.v) doqquz Ramazan orucu tutmuş, onların dördü 29, beşi isə 30 gün davam etmişdir.
Oruc tutmağın məqsədi dini mükəlləfiyyəti icra etməklə Allahın əmrindən birini yerinə yetirməkdir. Bununla yanaşı, orucun əxlaqi və ictimai baxımdan da müəyyən fayda və hikmətləri vardır.
Müstəqillik qazandığımız dövrə qədər ölkəmizdə dini ayinlərin icrası yasaq edilsə də, öz milli və mənəvi dəyərlərinə böyük ehtiramla yanaşan xalqımız həmin ayinləri gizlincə yerinə yetirirdi.
Milli və dini dəyərlərimizin qorunması ümummilli liderimiz ­Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn görkəmli dövlət xadiminin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi­-memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi ulu ­öndərin bir daha islami dəyərlərə diqqətini göstərən parlaq misallardır. Artıq multi­kultural bir ölkə kimi tanınan Azərbaycanda hər bir dindara dini ayinləri icra etməyə hərtərəfli şərait yaradılıb. Bu gün ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt muxtar respublikamızda uğurla davam etdirilir. Məhz bunun nəticəsində Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Onun bu mötəbər ada layiq görülməsinin bir səbəbi Naxçıvanda İslam mədəniyyəti nümunələrinin böyük qayğı ilə əhatə olunması, onların bərpası, islami dəyərlərin yaşadılmasıdır. Qədim diyarımızda mövcud olan dini ibadətgahların müasir standartlar əsasında təmir edilməsi, yeni məscidlərin tikilməsi, müqəddəs yerlərə ziyarətlərin təşkili və sair məsələlərin öz həllini yüksək səviyyədə tapdığı muxtar respublikamızda Ramazan ayının tələb olunan səviyyədə keçirilməsi təmin olunub. Bu ayda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. Bu tədbirlərin paytaxt şəhərimiz Naxçıvanla yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də təşkili birliyin, xeyirxahlığın, İslam dininə böyük ehtiramın ifadəsi kimi diqqət çəkir.


Vüqar BABAYEV
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Agentliyinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR