Məşğulluq problemlərinin həll olunmasında hər il təşkil edilən əmək yarmarkalarının böyük rolu var. Bu məqsədlə muxtar respublikada fəaliyyət göstərən məşğulluq orqanları tərəfindən əvvəlcədən işəgötürənlərdən boş iş yerləri haqqında məlumatlar toplanılır, bu məlumatlar əmək yarmarkalarında işaxtaranlara təqdim edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən aldığımız məlumata görə, 2018-ci ilin aprel ayında keçirilmiş əmək yarmarkalarında 177-si özəl sektor olmaqla, 270 idarə, müəssisə və təşkilatdan 1753 boş iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 463-ü fəhlə, 1189-u qulluqçu, 101-i xidmət sahələrinə aid olub. Boş iş yerlərindən 1442-si dövlət, 177-si qeyri-dövlət müəssisələrinin payına düşüb. Yarmarkalarda 212 nəfər, о cümlədən 134-ü dövlət, 78-i isə özəl sahədə işlə təmin olunub. Onlardan 206 nəfəri fəhlə, 6 nəfəri isə xidmət sahələrinə göndərilib. Gənclərin, qadınların və sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunmasına da ciddi önəm verilib. İşlə təmin olunanların 55 nəfərini 29 yaşadək gənclər, 5 nəfərini sağlamlıq imkanları məhdud olan şəxslər, 33 nəfərini isə qadınlar təşkil edib.
Əmək yarmarkalarında kənd xidmət mərkəzlərinin kadrlarla təmin olunması da diqqət mərkəzində saxlanılıb. Naxçıvan şəhərinin Tumbul kəndində 1 dərzi, Qaraçuq kəndində 1 bərbər, Şərur rayon Muğancıq-Mehrab kəndində 1 bərbər-manikürçü, Kürkənd kəndində 1 bərbər, Daşarx kəndində 1 bərbər, Ordubad rayon Biləv kəndində 1 bərbər-manikürçü, ümumilikdə, 6 nəfər kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində işlə təmin olunub.
Keçirilmiş əmək yarmarkalarının yekunlarının təhlili göstərir ki, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən 25, Şərur Rayon Məşğulluq Mərkəzi tərəfindən 41, Babəkdən 27, Ordubaddan 26, Culfadan 31, Şahbuzdan 15, Kəngərlidən 35, Sədərəkdən isə 12 nəfər müxtəlifyönümlü işlərə göndərilib, ümumilikdə, 10 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Həmçinin Culfa Rayon Məşğulluq Mərkəzi tərəfindən Bənəniyar, Kəngərli Rayon Məşğulluq Mərkəzi tərəfindən Qarabağlar, Xok və Yurdçu kənd xidmət mərkəzlərində vakant olan yerləri kadrlarla təmin etmək üçün 4 nəfər bərbər-manikürçü kursuna cəlb olunub.
Məşğulluq mərkəzləri tərəfindən yarmarkalara təqdim edilən, lakin tutulmamış boş iş yerlərinə işaxtaran vətəndaşların göndərilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaqdır.
Xəbərlər şöbəsi