23 Dekabr 2024, Bazar ertəsi

Əs, ay külək, əs bizlərə
Kəklikotlu ətir gətir.
Dözəmmirəm istilərə
Buludlardan çətir gətir.
Kəklikotlu ətir gətir.

Bu günlərdə Şərurun dağ kənd­lərinə yolu düşən hər kəsi Şərur-Dərələyəz silsiləsinin yaşıl rəngə boyanmış yamaclarının mənzərəsi, gözəlliyi valeh edir. Gözəlliyi göz oxşamaqla bərabər bu dağlardan insanı bir ətir də vurur – küləklərin gətirdiyi kəklikotu ətri. Yaxın günlərdə dağ kəndi Axurada olanda kəklikotu ətri məni bir anlıq keçmişə – Naxçıvandan ayrı yaşadığım günlərə apardı. O günlər ki, həmin vaxtlarda yurdumun ətrini doğma diyarımdan göndərilən kəklikotundan alırdım.Yaşadığım yerlərdə bu bitkidən olsa da, Naxçıvanda bitən kəklikotunun ətrini vermirdi. Sovqat gələn kəklikotudan torpağımızın ətrini, gözəl yurdumuzun təmiz havasını, uca dağlarımızın əzəmətini, meşələrimizin sərinliyini, bulaqlarımızın layla səsini hiss edirdim.
...Yaşlı insanlar deyirlər ki, yeddi evdən birində Naxçıvan kəklikotusu dəmlənəndə hamısına bu çayın ətri yayılır. Axura kəndində qonaq olarkən bu deyimin nə qədər doğru olduğunu gördüm. Həyətdə dəmlənən kəklikotu çayının ətri hər tərəfə yayılmışdı. Elə biz də kəklikotunun ətri ilə gedib çay süfrəsinin qonağı olduq. İxtisasca əczaçı olan ev yiyəsi Tofiq əmi ilə söhbət zamanı dedi:

– Azərbaycan təbiəti müalicəvi ot və dərman bitkiləri ilə zəngindir. Belə bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Onun Azərbaycanda 24, Qafqazda 53, MDB-də 172, dünyada 417 növü var. Naxçıvanda bu növlərin 17-si mövcuddur.
Bu müalicəvi otdan hələ qədimdən xalq təbabətində, əsasən, soyuqdəymə dərmanı kimi istifadə edilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göyöskürək, pnevmoniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan müalicəvi vasitə kimi istifadə olunub. Bu ot indi də möcüzəli, insanın ruhunu möhkəmləndirən bitki sayılır. Təbabətdə kəklikotunun yarpaqlarından təzə, həmçinin qurudulmuş halda istifadə etmək olar. Xoş qoxulu və bir az acıdı. Gün düşən yerlərdə və kölgədə bitən kəklikotuların ətrində və keyfiyyətində fərq var.
Tofiq əmi deyir ki, kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir: beyin qan dövranını və mübadilə proseslərini qaydaya salır, insanı sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Xroniki yorğunluqla mübarizə aparır, yuxunu bərpa edir, yaddaşı və təfəkkürü gücləndirir.
Onun sözlərinə görə, yaşlı insanlar yaxşı xatırlayırlar ki, əvvəllər bir evdə xəstə olanda həkim tapmaq imkanı çox az idi. Türkəçarə vasitələrlə bir çox xəstəliklərin qarşısını almağa çalışardıq. Ən çox da soyuq aylarda kəklikotu çayı soyuqdəymə xəstəliklərində köməyimizə yetirdi. Bu otun dəmləməsindən ağız boşluğu iltihabları, diş ağrıları zamanı qarqara üçün də istifadə edilirdi. Qarqara üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir istifadə olunurdu.
Tofiq əmi deyir ki, kəklikotu və xüsusilə kəklikotu yağının güclü yarasağaltma xüsusiyyəti də var. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağından istifadə etməklə şəfa tapmaq olar. Ekzema kimi bir çox dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qram ot 1 litr qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur. Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, xəstə insanlara vermək yaxşı təsirə malikdir.
Onun sözlərinə görə, bu bitkinin yağı da bir çox xəstəliklərin dərmanıdır. Kirəclənmə və revmatizm kimi xəstəliklərdə bədənin ağrısının azalmasına köməkçi olur. Orqanizmi toksinlərdən təmizləyir. Kəklikotu yağı bakteriyaların orqanizmdən uzaqlaşmasını təmin edərək onlara öldürücü təsir göstərir. Eyni zamanda bağırsaq infeksiyasına mane olaraq, yaraların qısa müddət ərzində yaxşılaşmasına kömək edir. Kəklikotu yağı tətbiq olunduğu nahiyədəki ağrıları sakitləşdirir. Xüsusilə qarın ağrısına qarşı çox faydalıdır. Kəklikotu yağı orqanizmdə olan qurdların məhv olmasına yardımçı olur. Eyni zamanda çəkini normaya salır. Mədə şirəsi ifrazını artıran kəklikotu yağı mədə xorasını əngəlləyir. O, saçlarda yaranan kəpək və mikroblara qarşı mübarizə aparır. Saç tökülməsinin qarşısını alır və tökülən saçların yerinə yenisinin çıxmasını təmin edir, həmçinin qanazlığını aradan qaldırır.
Bu bitkinin faydalarından biri və ən önəmlisi bəşəriyyətin sağalmaz yarasına çevrilən xərçəng xəstəliyinə qarşı müalicəvi əhəmiyyətə malik olmasıdır. Davamlı şəkildə müəyyən miqdarda kəklikotu dəmləməsindən istifadə etmək orqanizmdə bədxassəli şişlərin yaranmasının qarşısını almaq kimi möcüzəvi xüsusiyyətə malikdir.
Çay süfrəsinin diğər bir qonağı, xalq təbabətinin sirlərinə bələd olan Fatma xala söhbətimizə qoşulur:
– Naxçıvanda bitən kəklikotu növləri meyvələrin, çiçəklərin ətrini verməklə də məşhurdur. Qızılgül, limon ətri verən və sadə kəklikotu kəndimizin dağlarında bitir. Kəklikotunun bir başqa növü də var ki, ona ətotu deyirlər. Bu otdan obalara, dağlara köçən insanlar dağ yerində ətin keyfiyyətini tez itirməməsi üçün və xüsusilə də kabab, basdırmada istifadə edirlər. Ət hissələrə bölünür və ayrı-ayrılıqda üzərinə ətotu səpib bükdükdə onun keyfiyyəti də, dadı da yerində qalır. Bu, soyuducudan istifadə edilməyən obalarda müvəqqəti yaşayan insanların köməyinə çatır.
Həmsöhbətim kəklikotunun dəmlənməsi qaydasından da danışır. Deyir ki, çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon da əlavə etmək olar. Onu da diqqətimizə çatdırır ki, kəklikotunun qəbulu zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki bu müalicəvi bitki bəzi xəstəlikləri olan insanlara əks təsir göstərə bilər.
Fatma xalanın sözlərinə görə, kəklikotunun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu, həmçinin iştahanı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyərləri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı aradan qaldırır. Qan təzyiqi yüksək olanlar da kəklikotundan faydalana bilərlər. Dərinin parlaqlığı, eləcə də yaraların sağalması üçün onun məlhəmi çox xeyirlidir. Məsələn, kəklikotu və baldan hazırlanmış məlhəmi zəhərli həşəratların dişlədiyi yerin üstünə çəksəniz, tezliklə kömək edər. Deyilənlərə görə, gözün qarasına ağ ləkə düşərsə, ora kəklikotu şirəsi damcılatdıqda müalicəvi təsir göstərər.
Fatma xala onu da deyir ki, kəndimizə qonaq gələnlərə, uzaqda yaşayan qohum-əqrəbaya da kəklikotu sovqatı veririk. Çünki elindən, doğma torpağından uzaqda olan hər kəs üçün Vətən dağlarında bitən kəklikotu ən gözəl hədiyyədir.
Bəli, bu dağlar hər zaman bizi düşməndən, soyuqdan, borandan, seldən, tufandan qoruduğu kimi, öz qoynunda bitən şəfalı bitkiləri ilə də dərdlərimizə dərman olub.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR