Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında hazırlanmış Tədbirlər Planının müvafiq bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası aid rayon təşkilatlarının Gənclər birlikləri tərəfindən Ordubad və Culfa rayon gənclərinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına maarifləndirici ekskursiyası təşkil olunub.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat veriblər.
Sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının turizm üzrə direktor müavini Davud Abdullayev gənclərə park haqqında ətraflı məlumat verərək bildirib ki, Milli Park 2003-cü il 16 iyun tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılıb. Parkın yaradılmasında məqsəd ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı, ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Əsasən, ərazidə boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar yayılmışdır. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir ki, bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının ərazisində rast gəlinir. Muxtar respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın ərazisində mövcuddur ki, bu bitkilərdən bir çoxunun adı “Qırmızı kitab”a daxil edilib.
Gənclər parkın ərazisində yerləşən fauna və flora muzeyi ilə tanış olublar. Ekskursiyada 30-a yaxın gənc iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti