23 Dekabr 2024, Bazar ertəsi

May ayı dağlarımızın bizə növbəti ərməğanının – uşqunun (buna rəvənd də deyirlər) vədəsidir. Yadımdadır, orta məktəb illərində uşqun yetişəndə əlimizə düşən qəpikləri heç nəyə xərcləməzdik. Bilirdik ki, bu vaxtlar uşqun yığanlar onu məktəbin ətrafında satmağa gətirəcəklər. O zamanlar uşaqlarla, sadəcə, bir-birimizin bəhsinə alıb yediyimiz bu yabanı bitkinin nə qədər faydalı olduğunu zaman keçdikcə anladıq. Bunu anladığımız vaxtsa artıq nə biz məktəbli idik, nə də uşqun “bizim ayağımıza gəlirdi”, biz onu axtarıb, tapıb, alıb yeməliydik. Bəs ləzzətlə yediyimiz bu bitkinin faydaları haqqında yetərincə məlumatınız varmı?
Yeyilməli dövrü cəmi 30-40 gün – aprel ayının 20-dən may ayının sonunadək olan (sonra bərkidiyindən yemək olmur) bu bitkinin tərkibindəki zəngin vitamin və mineralların şəkər, xərçəng, ürək xəstəliklərində, immun sisteminin möhkəmlənməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında, tərkibindəki çoxsaylı liflərə görə həzm prosesinin yaxşılaşmasında əvəzsiz faydaları vardır.
Uşqunun “vətəni” muxtar respublikamızda Ordubad, Culfa və Şahbuz rayonları hesab olunur. Ona adıçəkilən rayonların çox yox, bir və ya iki kəndindəki dağların qumsal yamaclarında rast gəlmək olar. Məsələn, bu bitki Şahbuz rayonunun yalnız Kolanı və Kükü ilə Yuxarı Qışlaq kəndlərinin arasında Səhlalı massivi deyilən ərazidəki dağ yamaclarında bitir.

Yuxarı qışlaqlı Mehdi, Şaməddin və Budaq Səfərovlar əmioğludurlar. Uzun illərdir ki, bu bitkini mövsümündə toplayıb bazara çıxarırlar. Onlarla söhbət zamanı bu haqda heç də hamımızın bilmədiyi məlumatları öyrəndik. Mehdi deyir ki, bu bitkinin məhsuldarlığı yalnız qışda və yazda yağıntının miqdarı ilə əlaqədardır. Bax götürək bu ili. Qış yağıntısız keçdiyindən, əslində, bu il uşqun olacağını gözləmirdik. Lakin erkən yazdan bəri yağan yağışlar, necə deyərlər, bu bitkiyə can verdi, məhsul bol oldu. Söhbətə qoşulan Budaq isə daha maraqlı bir fakt deyir: – Çox adam bunu bilmir ki, qabalax və uşqun eyni kökün üzərində bitən iki bitkidir. Qabalax hər il olur, lakin uşqun yağışla bağlıdır. Yağıntı çox olan illərdə baldırğanda olduğu kimi, bu bitkidən 20-25 santimetrədək özəklər qalxır, bu, uşqundur. Onu yığmaq qaydası belədir ki, burada bıçaqdan istifadə olunmur. Əllə çəkirsən, özəyin içərisindən sürüşüb çıxır. Lakin qabalax bu bitkinin kökündən yarpaqlar arasından qalxan 15-20 santimetrlik hissədir, bunu bıçaqla torpağın üzərindən kəsib götürürük. Dadı turş və acı olur. Budağın dediklərindən anladım ki, bazarda uşqun adı ilə 1 manata və 1 manat 50 qəpiyə satılan dəstələrin heç də hər ikisi uşqun deyilmiş. Mehdi dedi ki, fikir versəniz, görərsiniz ki, dəstələrin boylarında və formalarında bir qədər fərq var.
Budaq bu bitkinin çox gözəl və maraqlı çiçək və yarpaqlarından da danışaraq deyir ki, kaş bircə dəfə bu mənzərəni görərdiniz. Uşqunun böyük yarpaqlarına günəş şüaları düşəndə yaşıl aləmin bir talasına ağappaq qar yağıbmış kimi görünür. Bu yarpaqlar o qədər böyükdür ki, ondan yağışdan və günəşdən qorunmaq üçün çətir kimi də istifadə etmək olur. Uşqunun çiçəkləri isə başqa bir aləmdir. Onun gözəl rəngi və ətri var. Biz bu çiçəkləri toplayıb kölgədə quruduruq. Onun ətirli çayı həm də mədə-bağırsaq, qaraciyər xəstəliklərində istifadə olunur. Bitkinin kökü isə şəkər xəstəliyinə dərmandır.
Yuxarı qışlaqlı Səmənnaz Quliyeva və Validə Ələkbərovanı kənddə hamı uşqundan çox yaxşı turşu qoyan və mürəbbə bişirən xanımlar kimi tanıyır. Səmənnaz xanım bu barədə belə deyir: – Bu turşunu bir neçə ildir ki, qoyuram. 3-4 il olar, eşitdim ki, uşqun neçə-neçə dərdlərin dərmanıdır, xüsusilə də xərçəngin. Fikirləşdim ki, bundan yazda istifadə edirik, qışda niyə etməyək? Ona görə də turşusunu hazırladım. Çox dadlı və xoş ətirli olur. Səmənnaz xanım turşunun hazırlanma qaydasından da danışdı: – Bu turşu da sobu, çaşır, baldırğan kimi qoyulur, lakin fərq ondadır ki, uşqunun qabığı soyulur, bir də ki isti suda pörtlədilmir, elə çiy şəkildə duza qoyulur. Validə xanım isə uşqun mürəbbəsinin bişirilməsi barədə danışdı: – Mürəbbə üçün özəklərin yuxarı kövrək hissəsi götürülür. Qabığı soyulur, qənd tikəsi böyüklükdə doğranır. 1 kiloqram uşqun üçün 1,5 kiloqram şəkər tozu götürülür. Şirə hazırlanır, uşqun buraya əlavə edilib bişirilir. Validə xanım mürəbbənin gözəl rəngi və ətri olduğunu da bildirdi və dedi ki, ən ağır soyuq­dəymələrdə yaranan iştahsızlıqda, həmçinin susuzluqda adama bu mürəbbə xüsusilə xoş gəlir.
Bitki ilə əlaqədar araşdırmalar apararkən Azərbaycan dilinin izahlı lüğətində uşqun sözünün ikidorlu yelkənli gəmi (qayıq) kimi izahı ilə tanış olmuşdum. Budağın uşqunun yarpaqlarını təsvir edən söhbətini dinlədikdən sonra bu bitkinin yelkənli gəmiyə (qayığa) çox bənzədiyi qənaətinə gəlmək olur. Bəlkə də, lüğətimizdəki uşqun sözü böyük yarpaqları ilə yelkəni, ümumi görünüşü ilə qayığı xatırladan bu bitkinin adından qaynaqlanıb. Naxçıvan dialekt və şivələrinin izahlı lüğətində isə uşqun Naxçıvanın əksər şivələrində faydalı, qabığı soyulub yeyilən yabanı bitki kimi göstərilir. Lüğətdə qeyd edilir ki, uşquna Ordubad rayonunun Vənənd kəndində “piltan” deyilir.
Həmsöhbət olduğum xanımların, həqiqətən, çox maraqlı olduğu üçün yaddaşıma həkk olan fikirlərini də xatırlatmaq istəyirəm. Onlar deyirdilər ki, insanla təbiət arasında qırılmaz bir əlaqə var. Biz bu təbiətdə doğulmuşuq, bu təbiətin bir canlısı biz, digəri isə həmin bitkilərdir. Onlarla qidalanmaqla, çaylarından istifadə etməklə sağlam ola bilərik. Bitkilər də onlara bizim əllərimiz dəyərsə, bəslənib çoxaldılması qayğısına qalarıqsa, artıb çoxala, “uzun­ömürlü” ola bilərlər.
Muxtar respublikamızın möcüzəli təbiətinin əsrarəngiz bitki aləmi ilə tanış olduqca və bu aləmin dilini bilən, illərlə onun sehrinə düşən insanlarının söhbətlərini dinlədikcə bir-birindən maraqlı məqamlara rast gəlmək olur. Elə, yəqin, buna görədir ki, bol günəşli və oksigenli yurdumuzun zəngin təbiəti bura gələnləri də hər zaman valeh edir və hər kəs bu torpaqlarda bitən bitkilərin, meyvə­-tərəvəzin dadının bənzərsiz olduğunu etiraf edir.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR