Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri, Müəllimlər İnstitutu, Naxçıvan Tibb və Dövlət Texniki kollecləri tələbələrinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Natiqlik və ünsiyyət” mövzusunda keçirilən tədbiri fondun icraçı direktoru Anar Babayev açıb.
Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin əməkdaşı Nicat Yaqubov həyatımızın vacib tələbatı olan ünsiyyət və natiqliyin əhəmiyyətindən danışıb. O bildirib ki, ünsiyyət zərurətdən yaranır. Ona tələbat çox zaman məqsəd, fikir, fəaliyyət, üst-üstə düşən mənafe birliyindən irəli gəlir. Ünsiyyət prosesi yeniyetməlik və gənclik dövrlərində həyatın ən önəmli məqamlarından birini təşkil edir. Çünki bu zaman insan daha fəal şəkildə ünsiyyətə can atır və bir şəxsiyyət kimi inkişaf etmək, formalaşmaq üçün informasiya mübadiləsi aparmaqla məlumatın ötürülməsi və qəbul edilməsində tərəf kimi çıxış edir. Ünsiyyət insanın dolayısı ilə özünü ifadə etməyə, aktuallaşdırmağa çalışmasıdır. Bu səbəbdən də ünsiyyət prosesi cəmiyyətdəki mövqeyimizi təyin edən ən mühüm faktordur. İnsanlarla ünsiyyət zamanı öz dilindən yüksək səviyyədə istifadə etmək onun dərin biliyə, hərtərəfli məlumata sahib olması ilə yanaşı, natiqlik bacarığından da xəbər verir. Bu isə inkişafımızın ümumi ahəngi ilə bağlı olduğu üçün müasir dövrdə daha böyük maraq doğurur.
Qeyd olunub ki, çağdaş dövr insanların bütünlükdə yüksək nitq mədəniyyətinə yiyələnməsini tələb edir. Ona görə də hər bir şəxs bu gün daim öz nitqinin zənginliyi və gözəlliyinin qeydinə qalmalı, onun davranışı ilə yanaşı, nitqi də müasir dövrün, inkişaf etmiş cəmiyyətin tələblərinə uyğun olmalıdır.
Diskussiya şəraitində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, fəallıqları ilə seçilən gənclər diplomlarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Gənclərin aktivliyinə psixoloji dəstək” adlı təlimin “Özgüvən və karyera” adlı mövzusu gənclərin iştirakı ilə mayın 25-də keçirilib. Təlimin digər mövzusu isə “Natiqlik və ünsiyyət”lə bağlı olub.
Gülcamal TAHİROVA