“1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.
Bu münasibətlə Şərur Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Şərur rayon “Bahar” kinoteatrında tədbir keçirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov muxtar respublikada “1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü”nün yüksək səviyyədə keçirilməsinin uşaqlara göstərilən diqqət və qayğının əyani ifadəsi olduğunu vurğulayaraq bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Şərur rayonunda da uşaqların inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi diqqətdə saxlanılır. İstedadlı şagirdlərin üzə çıxarılması üçün müxtəlif tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında bildirib ki, hazırda muxtar respublika əhalisinin 35,7 faizini uşaqlar təşkil edir. Naxçıvanda istifadəyə verilən müasir təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, uşaqların yüksək səviyyədə təhsil almasına şərait yaradıb. Uşaqların təhsili ilə yanaşı, onların sağlamlığının qorunması, fiziki inkişaflarının təmin olunması məqsədilə son illər muxtar respublikada müasir standartlara uyğun idman obyektləri tikilib istifadəyə verilib. Komitə sədri eyni zamanda muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün görülən işləri də qeyd edib.
Sonra 2017-2018-ci tədris ilində Şərur rayonunda təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
Naxçıvan Muxtar Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti