Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu məqsədlə Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə, 12 aztəminatlı ailə müəyyənləşdirilib. Həmin ailələrdən 7-nə yanında balası olan iribuynuzlu mal-qara, 2-nə yanında balası olan 10 baş xırdabuynuzlu heyvan, 2-nə fərdi xalça toxumaq, 1-nə isə arı yeşiklərinin düzəldilməsi üçün avadanlıqlar verilib.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların sosial reabilitasiyası və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Sonra aztəminatlı ailə təmsilçilərinə mal-qara və avadanlıqlar verilməsi ilə bağlı sənədlər təqdim olunub.
Kəngərli rayonunun Xok kənd sakini Məhəmmədəli Fərəcov göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən aztəminatlı ailələrə özünüməşğulluğun təmin edilməsi üçün mütəmadi olaraq müvafiq köməklik göstərilir.
Xəbərlər şöbəsi