İctimai iaşə fəaliyyəti bütün zamanlarda gəlirli sahələrdən olub. Məhz buna görə də müasir dövrümüzdə də bu sahəyə maraq kifayət qədər böyükdür. Əhali gəlirlərinin artması həmin sahənin inkişafına təsir edən əsas amillərdəndir. İctimai iaşə obyektləri dedikdə, əsasən, restoran, kafe, yeməkxana, bərbərxana, gözəllik salonu və sair nəzərdə tutulur. Muxtar respublikamızda bu sahədə son illər xeyli irəliləyişlər var, yeni ictimai iaşə obyektlərinin sayı hər il artır.
Bəs ictimai iaşə obyekti hansı tələblərə cavab verməlidir? Həmin obyektlər, ilk növbədə, restoran və yeməkxanalar ərzaq məhsullarını lazımi şəraitdə saxlamaq üçün soyuducu və digər zəruri avadanlıqlarla təchiz edilməlidir. Həmçinin bu məkanlarda müştərilərə yüksək səviyyədə xidmət göstərmək və rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlar da olmalıdır. Xidmət zalında temperaturun tənzimlənməsi məqsədilə optimal havalandırma sistemi qurulmalı, məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına daim nəzarət edilməlidir. Ən əsası da gigiyenik qaydalara ciddi əməl olunmalıdır.
Hamıya məlumdur ki, qida məhsullarından gigiyenik tələblər gözlənilmədən xörəklər hazırlandıqda kütləvi qida zəhərlənmələri baş verir ki, belə zəhərlənmələr də çox vaxt ölümlə nəticələnir. Bu cür xoşagəlməz hallara, əsasən, yay aylarında rast gəlindiyi üçün restoran, kafe, yeməkxana və sair iaşə müəssisələrində çalışan şəxslər xüsusilə bu vaxtlar nəzarəti gücləndirməli, ərzaq məhsullarının alınması, saxlanma, daşınma, emal, hazır xörəklərin istifadə müddətlərini dəqiq bilməli, şəxsi gigiyena qaydalarına əməl etməlidirlər.
Ancaq bu gün bəzi ictimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı bir sıra nöqsanlara yol verilir ki, bu da insanların sağlamlığı üçün çox təhlükəlidir. Bundan başqa, qidaların saxlanma və yeməklərin bişirilmə qaydaları ilə bəzi hallarda diqqəti mənfi mənada çəkən hallarla da qarşılaşmaq olur. Doğrudur, bu gün əlaqədar dövlət qurumları bu halların aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirirlər, ancaq təəssüf ki, bəzən bu tədbirlər nəticəsiz qalır.
Digər bir məsələ istehlakçıların məsələyə necə yanaşmasıdır. Çünki bu sahədə istehlakçıların da maarifləndirilməsi vacibdir. Əgər bir istehlakçı üz tutduğu ictimai iaşə müəssisəsində ödədiyi məbləğ qarşılığında nələri tələb etmək lazım olduğu haqda məlumatlı olarsa, onda bu, ümumilikdə, bu sahədə yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılmasına gətirib çıxarar. Bəzən elə hallar da olur ki, istehlakçı üz tutduğu obyektdə sanitar-gigiyenik qaydalarla bağlı ciddi pozuntular olduğunu görsə də, iradını müəssisənin rəhbərinə bildirmir, əksər hallarda həmin məkanı başqası ilə əvəz etməklə kifayətlənir. Ancaq bu işdə vətəndaş həssaslığı göstərilməli, məndən ötən daş kimə dəyirsə-dəysin prinsipi ilə hərəkət edilməməlidir. Bax elə o zaman fərd şəklində yox, ümumi halda bu sahədə vəziyyətin tamamilə dəyişilməsinə nail ola bilərik.
Nail ƏSGƏROV