23 Dekabr 2024, Bazar ertəsi

Şahbuz şəhərindəki Ahıllar Evinin sakinləri bu ünvanı özlərinə doğma ocaq seçiblər

“Bu gün artıq 5 il 3 ay 18-ci günüm keçir bu evdə. Yaşlansam da, yaddaşım zəifləyib, çox şeyi unutsam da, burada keçən günlərimi saymağı bir an belə unutmadım. Çox gözlədim ömrümü qurban verməkdən, bir an belə tərəddüd etmədiyim övladımın yolunu... Bəlkə, nə vaxtsa gələr, axtarar, nəyin var, nəyin yox, xəstələnmisən, elə, bəlkə, ölmüsən? – deyə maraqlanar, amma çox təəssüf ki, nə gəldi, nə axtardı...
– Bilirsən bala, insanı ən çox nə incidir? O, uşaqkən mən onu bir an belə, yanımdan ayırmazdım, heç kimə güvənib, əmanət edə bilməzdim. İndi necə oldu axı məni tanımadığı insanlara əmanət etdi?!”
Bu sözləri hələ illər əvvəl Bakı şəhərində baş çəkdiyim Ahıllar Evində Pakizə nənə mənə demişdi. Hər dəfə yaşlı insanlar ilə görüşə gedəndə qəribə hisslər keçirirəm. Söhbət zamanı bəzən utanaraq, çəkinərək verdiyim suallarla onları üzməməyə çalışsam da, yaşadıqları həyat hekayəsini dinləmək istəyindən də özümü saxlaya bilmirəm. Hər biri də maraqlı, çətin və mübarizələrlə dolu keçən ömrün insanları... Bəzilərinin gözü hələ də yoldadır, bəziləri üçün isə bura ömürlərinin sonunadək yaşayacağı bir doğma ocaqdır. O doğma ocaq ki burada onların təsəlliləri dövlətimizin himayəsi altında olmalarıdır. Elə bizim də. Şahbuz şəhərində yerləşən Ahıllar Evinə bu səfərimdə də məni ora getməyə cəsarətləndirən dövlətimizin bu təbəqədən olan insanlara həssas münasibəti, mənim isə onları ziyarət etməyimlə qazanacağım mənəvi məmnuniyyətim idi.

Azərbaycanda iki ahıllar evindən biri olan bu məkanda bizi ilk qarşılayan direktor Ülviyyə Quliyeva oldu. Həmsöhbətimiz dedi ki, həyat təcrübəsi ilə gələcək nəsillərə nümunə olan ahıllara hörmət və qayğı həm də nəsillər arasında körpü yaratmaq, varislik əlaqələrini bərpa etmək kimi mühüm amala xidmət edir. Yaşlı nəslə diqqət və qayğı milli dəyərlərimizin bir parçası olduğundan muxtar respublikamızda ahıllara həmişə xüsusi diqqət yetirilir, onların sosial müdafiəsi gücləndirilir. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” da bu sahədə aparılan təqdirəlayiq işlərin əsas göstəricilərindən biridir. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyası, sağlam həyat tərzinə uyğun yaşamalarının təmin edilməsi istiqamətində həyata keçirilən belə tədbirlər onların sosial rifahının daha da yaxşılaşmasına xidmət edir. Şahbuz rayonunda hər cür şəraitlə təmin olunaraq ahılların istifadəsinə verilmiş Ahıllar Evinin fəaliyyətinin təşkili də tənha ahıllara göstərilən dövlət qayğısının bir nümunəsidir. Hazırda 10 ahılın yaşadığı bu məkanda sakinlərin rahatlığı üçün hər cür məişət şəraiti var. Üç mərtəbədən ibarət olan binada 38 yaşayış otağı yerləşir. Eyni zamanda ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün burada klub, əmək terapiyası, xalçaçılıq, toxuculuq otaqları, idman zalı, kitabxana da fəaliyyət göstərir. Kitabxanadakı kitablar ahılların istəyi ilə onlara oxucu tərəfindən oxunur. Klubda isə onlar müxtəlif stolüstü oyunlar oynamaqla vaxtlarını dəyərləndirə bilirlər.
Ülviyyə Quliyeva onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının həkimləri mütəmadi olaraq buraya gələrək ahılları müayinədən keçirir, müalicələrinə köməklik göstərirlər. Onlar əlamətdar günlərdə də yaddan çıxmır, buranın sakinləri ilə görüşlər təşkil olunur, sovqatlar təqdim edilir.
Müsahibimizdən bu məlumatları aldıqdan sonra müəssisənin şəraiti ilə daha yaxından tanış olmaq üçün otaqlara baş çəkirik. Dəhlizlərdə ilk diqqətimi çəkən sakitlik və gözoxşayan səliqə-sahman olur. Bu, məndə xoş təəssürat yaradır və buradakı sakitlik, dinclik və daxili rahatlıq içində yaşamaq, məncə, elə bu insanların arzuladıqları ən böyük nemətdir...
Ülviyyə xanımla Səməngül nənəni ziyarət edirik. Qarşımızda gözlərində yorğunluq əks olunan, lakin üzü nurlu, mehriban təbəssümlü bir qadın... Sanki illərdir, bu qadını tanıyıram. Öz doğma anam kimi bərk-bərk qucaqlayıram, o da məni öz doğma balasıtək bağrına basır. Mənə yanında yer göstərir. Əlini əllərimin üzərinə qoyub, mehriban baxışlarla mənə baxır. Mənsə o an nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Qəribə hisslər keçirirəm, bir az sevincli, bir az qəmli, bir az da kövrəlmişəm nədənsə... Sevincliyəm ona görə ki, bu evə sığınan həssas qəlbli ahıllara yüksək səviyyədə, bəlkə də, öz övladlarının belə, onlara verə bilməyəcəyi rahat şərait təqdim olunub. Qəlbimi saran kövrək hisslərin səbəbi isə Səməngül nənənin hər baxışda övlad sevgisi, hər toxunuşda övlad nəvazişi axtarması idi. O, şəxsi həyatı haqqında danışmayacağını, ancaq buradakı şəraitdən məmnuniyyətlə söz açacağını deyir: “Bizə çox yaxşı baxırlar. Paltarlarımızı yuyurlar, otağımızı yığışdırırlar, vaxtlı-vaxtında yeməyimizi verirlər. Otağımızda televizor, rahat yataq, hər cür şərait var”.
Şəxsi həyatından danışmayacağını desə də, sanki dərdləşməyə bir dost, sirdaş axtaran Səməngül Kazım­ovanın elə özündən öyrənirəm ki, 83 yaşlı bu qadın əslən Culfa rayonundandır. Bir qız övladı olub ki, o da qəfil xəstəlik səbəbindən 15 il əvvəl dünyasını dəyişib. İndi nənənin övladından yadigar qalan tək bir nəvəsi var. Tez-tez olmasa da, nəvəsi ona baş çəkmək üçün gəlir. Bu, ona az da olsa, təsəllidir... Səməngül nənə bu günü üçün Uca Yaradana şükür edir. Deyir ki, tale övladımı əlimdən aldı, ancaq bu evdə mənə yeni övladlar qazandırdı. Bura mənimçün doğma ocaq, buranın işçiləri mənə mehriban ailə oldu.
Digər bir otaqda isə qapını üzümüzə açan 87 yaşlı Zeynəb Fərəcova olur. Zeynəb nənə artıq 7 ildir ki, bu evdə yaşayır. 45 yaşında ailə quran Zeynəb nənənin övladı olmur və tale elə gətirir ki, həyat yoldaşı da dünyasını dəyişir. Elə o vaxtdan sonra qardaşları ilə eyni evdə yaşamağa məcbur olur. Deyir ki, bir evdə bir neçə ailə yaşamaq məcburiyyətində idik. Burada yaşamaq üçün qardaşımı çox çətinliklə razı saldım.
Zeynəb nənənin sözlərinə görə, burada günləri evdəkindən daha yaxşı keçir. Qardaşları zaman-zaman onu ziyarətə gəldiyindən, özü də xalçaçılıqla məşğul olduğundan onun darıxmağa, necə deyərlər, vaxtı olmur.
İndi isə üz tuturuq Ahıllar Evi üzvlərinin ən çox vaxtlarını dəyərləndirdikləri kluba. Burada tanış olduğumuz Mustafa Məmmədov və Hüseyn İsmayılov nərd oynayırlar. Oyuna elə maraqla aludə olublar ki, içəri daxil olmağımızın fərqinə belə varmırlar. Əyləşdikləri masaya yaxınlaşıb, salamlaşıb hal-əhval tuturam. Nisbətən daha gümrah görünən Mustafa Məmmədovun söhbətcil olduğu ilk baxışdan diqqətimi cəlb edir. Fikirlərimdə yanılmıram. 89 yaşlı Mustafa baba sanki ürəyindəki dərd-səri bölüşmək üçün gəldiyimizə çox sevinir. Nəhayət, gözlərini bir nöqtəyə dikib dillənir: “Eh nə bilim, ay bala, bu tale ki var, hər kəsə bir oyun oynayır. Əlimizdən nə gəlir?! Əlbəttə, heç nə. Sadəcə, səbir etmək lazımdı, yaşamaq üçün...”
...Mustafa baba deyir ki, bir oğlum var. Demirəm nasil övladdı. Çünki dilim gəlməz belə deməyə. Axı öz övladımdı. Pisi də, yaxşısı da mənim adımdı. Bir gün evdə söz-söhbət oldu. Günlərlə, həftələrlə danışdırmadı məni. Sonra təsadüfən qəzetdə buradakı Ahıllar Evi ilə bağlı bir xəbər oxudum. Ertəsi gün heç kimə xəbər etmədən, səssizcə çıxıb gəldim bugünkü doğma evimə.
Bayaqdan bəri bizi foyedə gözləyən Ülviyyə xanımla söhbətimiz davam edir. Bildirir ki, dövlətimiz tərəfindən burada məskunlaşan ahıllara böyük qayğı göstərilir. Hər kəsin maraq dairəsi, xarakteri nəzərə alınıb. Burada müxtəlif əl işləri ilə məşğul olan ahıllarımız var. Həmçinin həyətyanı sahəmizdə təsərrüfata marağı olanlar sahədəki ləklərə qulluq edir, müxtəlif bostan məhsullarının yetişdirilməsində iştirak edirlər. Bundan əlavə, əlamətdar günlərdə, bayramlarda ahıllarımızı görməyə gələnlər çox olur, burada müxtəlif tədbirlər, o cümlədən konsert proqramları təşkil edilir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri mütəmadi olaraq onlarla maraqlanır, müxtəlif layihələrin həyata keçirilməsində iştirak edirlər. Yeri düşmüşkən deyim ki, ahıllar üçün şəhər gəzintiləri, onların muxtar respublikamızın gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanışlığı məqsədilə ekskursiyaları təşkil edilir. Bu da ahılların asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. 

Beynəlxalq Ahıllar Günü münasibətilə ziyarət etdiyimiz Şahbuz şəhərindəki Ahıllar Evində yaşayan vətəndaşlarımıza bu gün hərtərəfli dövlət qayğısı göstərilir. Onlar üçün burada yaradılmış şərait ahıl vətəndaşlarımızın rahat yaşamalarına, göstərilən qayğıdan lazımınca faydalanmalarına imkan verir. Buna görə də Ahıllar Evi yaşlı sakinlərin doğma ocağına çevrilib.

 Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR