Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu bu ilin 9 ayı ərzində əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Yerlərdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar da nəzərə alınmaqla, 95 milyon 320 min 764 manat pensiyaçıların şəxsi hesablarına köçürülüb.
2017-ci ilin 9 ayı ərzində fondun gəlirləri 50 milyon 384 min 570 manat olub, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 1847 vətəndaşa əmək pensiyası təyin edilib. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində mütərəqqi ödəniş metodlarından, o cümlədən onlayn ödəniş sistemindən istifadə davam etdirilib. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının internet və banklar vasitəsilə onlayn qaydada ödənilməsi təmin olunub. Kənd yerlərində fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan və torpaq mülkiyyətçisi olan sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarını kəndlərdəki poçt şöbələri vasitəsilə ödəməsi işi təşkil edilib.
Ötən dövrdə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muxtar respublikada fərdi uçot sisteminin qurulması ilə əlaqədar işlər də davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti