Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə qış geyimləri təqdim olunub.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə təhsil naziri Məmməd Qəribov, muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, xalqımızın milli və mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin təməlini cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi təşkil edir. Bu gün əminliklə demək olar ki, uşaq və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün dövlətimiz tərəfindən bütün imkanlar səfərbər edilib, uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.
Sonda aztəminatlı ailələrdən olan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə qış geyimləri verilib.
Tədbirdən sonra həmsöhbət olduğumuz Gözəl Əhmədova, İzzət Məmmədova və başqaları göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, bu qəbildən tədbirlər valideynlərə və uşaqlara maddi-mənəvi dəstəkdir.
Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 45, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 281 sağlamlıq imkanları məhdud, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən 87 uşaq olmaqla, ümumilikdə, 413 uşağı isti qış geyimi ilə sevindiriblər.
Həmin gün muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.
Səbuhi HÜSEYNOV