23 Dekabr 2024, Bazar ertəsi

“Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda növbəti tədbir Babək rayonunun Yuxarı Uzunoba Kənd Mərkəzində keçirilib. Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Məmmədova açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada ailələr həmişə uzun­ömürlü olması və möhkəmliyi ilə seçilib. Bu, bir tərəfdən milli və mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından irəli gəlirsə, digər tərəfdən sağlam ailələrin qurulması üçün dövlətimiz tərəfindən konkret işlər görülməsi, o cümlədən Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması, tərəflərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsinin qüvvəyə minməsi, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyətin müəyyən olunması və müvafiq dövlət proqramlarının uğurla icra edilməsi ilə bilavasitə bağlıdır.

Ramilə Seyidova ailələrin gələcək sağlam nəslin yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, aparılan təhlillərə görə muxtar respublikadakı sağlamlıq imkanları məhdud uşaqların 413 nəfəri və ya 21 faizi Babək rayonunda yaşayır. Bunlardan 238-i anadangəlmə, 175-i isə sonradan qazanılma sağlamlıq imkanları məhdud uşaqlardır. Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonra Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Hamilə qadınların qidalanması, gigiyenası və qadınlarda virus hepatitlərinin fəsadları” mövzusunda çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Babək rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR